Müharibə iştirakçısına mənzil hədiyyə edildi

07, 10, 23
19:30

Müharibə iştirakçısına mənzil hədiyyə edildi


44 günlük Vətən müharibəsində igidlik göstərən oğullarımızdan biri də gizir Tofiq Ruslan oğlu Aslanovdur.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, Tofiq Aslanov 1998-ci il oktyabrın 15-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
 
Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətənə olan sonsuz sevgisi onu hərbçi olmağa sövq edib. Vətən müharibəsi başlayanda hər kəs kimi döyüşlərə qatılan Tofiq deyir ki, düşməni uşaqlıqdan həsrətini çəkdiyimiz dədə-baba torpaqlarımızdan qovmaq ona da qismət olduğu üçün çox xoşbəxtdir.
 
Prezident İlham Əliyevin sərəncamları ilə Tofiq Ruslan oğlu Aslanov “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü“, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
 
Müharibədən qayıdandan sonra digər imtiyazlı şəxslər kimi o da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Sosial ödənişlərlə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksində Tofiqə ikiotaqlı tam təmirli mənzil verilib.

Bizimlə əlaqə saxlayın