Bu gün dəmiryolçuların peşə bayramıdır

13, 10, 23
09:30

Bu gün dəmiryolçuların peşə bayramıdır

Bu gün ölkəmizdə dəmiryolçuların peşə bayramı günüdür.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
 
1880-ci ildə uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolunun istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Həmin tarixi dövrdən başlayaraq 135 il ərzində Azərbaycan dəmir yolu inkişaf edib, təkmilləşib və hazırda həyata keçirilən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin iştirakçısına çevrilib.
 
Dəmiryolu təsərrüfatının sürətli inkişafı dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. O dövrdə ümummilli liderimizin şəxsi təşəbbüsü ilə dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklərə başlandı. Dahi rəhbərin dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi qayğı qısa zamanda öz bəhrəsini vermiş, yeni stansiyalar və vağzal binaları inşa olunmuşdu. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya var idisə, qısa müddətdə onların sayı 176-a çatmışdı.
 
Bu dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometrə, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometrə çatdırılmışdır.

Çini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək “Bakı-Tbilisi-Qars” dəmir yolunun bu ilin sonunda işə düşməsi gözlənilir. Avqustun 3-də Qərbi Çindən ilk konteyner blok qatarı qəbul edilib və sentyabrın 28-də İsveçrədə “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Oktyabrın 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb. Konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri danışıqların nəticəsi olaraq, “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları” (ÇSR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilib. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb. Konteyner qatarı 44 ədəd vaqondan ibarət olub.Yaxın vaxtlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə-tikinti işlərinə başlanılacaq.
 
Bu barədə Azərbaycan və İran nümayəndə heyətlərinin Azərbaycan və İranın Astara şəhərlərində keçirilmiş görüşləri zamanı razılıq əldə edilib. Azərbaycan tərəfindən dəmir yolunun Azərbaycana aid 8,3 kilometrlik hissəsinin, İran tərəfdən isə bu ölkəyə aid 2 kilometrə yaxın hissəsinin tikintisi nəzərdə tutulur.
 
Hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır. Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 milyon tona, ikinci mərhələdə isə 10 milyon tona çatdırılması gözlənilir. Bütünlükdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin tikintisi böyük siyasi və iqtisadi əhəmiyyət daşımaqla yanaşı, ölkələrimizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bizimlə əlaqə saxlayın