DİQQƏT! Azərbaycanda bu analar aliment ödəməyə məcburdur

16, 10, 23
17:10

DİQQƏT! Azərbaycanda bu analar aliment ödəməyə məcburdur

Hər kəsə məlumdur ki, ailədə uşaqların qayğısına qalmaq hər bir valideynin borcudur. Lakin boşanma halları zamanı bəzi hallarda tərəflərin uşağı qayğı etməsində problemlər yaşanır. Bu problemlərdən biri də məhz ayrılan valideynlərin aliment ödəməsi ilə bağlıdır. Cəmiyyətdə isə alimentin yalnız atalar tərəfindən ödənilməsi ilə bağlı yalnış fikir formalaşıb. Əksər insanlar belə hesab edirlər ki, aliment ödəyən tərəf məhz ata olur. Bəs görəsən, qanunvericilikdə alimentlərlə bağlı qayda necədir? 

"Azərbaycan Reallığı" bu mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, nikah pozularkən uşaqların mütləq qaydada ananın himayəsinə verilməli olduğu və alimentin yalnız ata tərəfindən ödənilməli olduğu barədə formalaşmış fikir yanlışdır. Belə bir fikrin formalaşmasına səbəb odur ki, məhkəmələrdə nikahın pozulması zamanı uşaqların ananın himayəsinə verilməsi və alimentin digər valideyn – yəni ata tərəfindən ödənilməsi praktikasına daha çox rast gəlinir. 

Hüquqşünas deyir ki, Ailə Məcəlləsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər və hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan nikahın pozulması zamanı ananın öz istəyi ilə, yaxud məhkəmə tərəfindən uşaqların atanın himayəsinə verilməsi barədə qərar qəbul edilərsə, o halda ata uşaqların saxlanılması üçün anadan aliment tələb edə bilər: 

"Belə ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Sözügedən saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu barədə əmlak bölünməsi məsələsini müəyyən etməlidir". 

Vəkillər Kollegiyasının üzvü uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarına da toxunub. O söyləyib ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

-  1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
-  2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
-  3 və  daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

"Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər", - deyə R.Əliyev bildirib.
Maraqlıdır ki, sabit pul məbləğinin miqdarı necə müəyyən olunur?

Vəkilin sözlərinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir: "Həmçinin tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Praktikada daha çox rast gəlinən isə odur ki, adətən sabit pul məbləğində aliment həmin il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu həddində olur". 

Ər-arvad bir-birindən aliment ala bilərmi?

R.Əliyev vurğulayıb ki, ər-arvadın və hətta keçmiş ər-arvadın aliment öhdəlikləri də mövcuddur. Belə ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər və nikah pozulduqdan sonra keçmiş ərin, yaxud arvadın aliment almaq hüququ da var.

Onun sözlərinə görə, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

- hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad

- 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) 

- nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)
- ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

"Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir", - deyə Vəkillər Kollegiyasının üzvü əlavə edib.


Bizimlə əlaqə saxlayın