Sosial şəbəkədə gizli kameraların açıq satışı aparılır: insanlar qorxu içində - FOTO

06, 11, 23
17:30

Sosial şəbəkədə gizli kameraların açıq satışı aparılır: insanlar qorxu içində - FOTO

Azərbaycanda qanunla dövriyyəsi məhdudlaşdırılmış gizli kamera cihazlarının satışının reklamı aparılır. Reklam olunan və gizli çəkilişlə bağlı nəzərdə tutulmuş bu kimi cihazlardan biri xüsusi olaraq hamam otağı üçün nəzərdə tutulmuş krantların üzərində yerləşdirilib. Sözügedən cihazların reklamı ilə bağlı hazırlanmış videogörüntülər sosial şəbəkələrdə yayılıb. Orada avadanlıqların çatdırılma yolu ilə satışının həyata keçirildiyi elan edilib. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bu qurğuların mülki satışını dəstəkləyənlərlə yanaşı, bunu həyata keçirənləri qınayanlar da olub. Hətta şərhlərdə bu cihazların satış reklamından narahat olan, qorxuya və təlaşa düşən istifadəçilərin də rekasiyalarını görmək mümkündür. Bəzi istifadəçilər isə cihazların satışının real olmadığını və paylaşımları həyata keçirənlərin dələduzlar olduqlarını iddia ediblər.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev "Azərbaycan Reallığı"na açıqlamasında bildirib ki, dövriyyəsi məhdudlaşdırılmış əşyalardan qanunsuz olaraq istifadə etmə və ya satışını həyata keçirmə cinayət məsuliyyəti yaradır.


Onun sözlərinə görə, Cinayət Məcəlləsinin (CM) 302.2-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə 4 manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2  ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquqşünas qeyd edib ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldəetmə CM-nin 302.3-cü maddəsi ilə məsuliyyət yaradır və bu əmələ görə 2000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətəazadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.


R.Əliyev həmçinin söyləyib ki, xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma qanunsuz sahibkarlıq hesab edilir və CM-nin 192-ci maddəsi ilə məsuliyyət yaradır. Onun sözlərinə görə, bu kimi vasitələri əldə etməklə digər qanunsuzluqlara - şantaj, hədə-qorxu ilə tələb etmə və s. əməllərə yol verən şəxslər də həmin cinayətlərə görə nəzərdə tutulmuş məsuliyyətlərə cəlb edilirlər.


Vəkil bildirib ki, eynək, qələm, saat və s. əşyaların üzərinə gizli çəkiliş aparmaq məqsədilə yerləşdirilən kameralar və bu kimi qurğular gizli vizual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr hesab edilir:

Bizimlə əlaqə saxlayın