Sürücülərin nəzərinə: Bu cərimələr artırıla, bal yazıla, hətta sürücülük hüququ məhdudlaşdırıla bilər

30, 12, 23
09:30

Sürücülərin nəzərinə: Bu cərimələr artırıla, bal yazıla, hətta sürücülük hüququ məhdudlaşdırıla bilər

“Yol kəsmək olmaz. İstər piyada xəttinin üstündə, istərsə də piyada səkisində, fiziki əngəlli vətəndaşlara ayrılmış yerdə parketmənin cəzası ağırlaşdırılmalıdır. Yəni sürücü ona aid olmayan yerdə maşın saxlamamalıdır. Avtobus və velosiped zolağına daxil olanlara qarşı da cəzaların sərtliyi və statistikası göstərilməlidir. Çünki qeyd etdiyimiz fərdi hərəkət iştirakçılarıdır. Bu da gündəlik hərəkət iştirakçılarının mobilliyinə birbaşa təsir edir".
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Rauf Ağamirzəyev: “Azərbaycan və Qazaxıstan Orta...
Ekspert bildirib ki, bir yer məhdudlaşırsa, əlçatan deyilsə, insanlar alternativ nəqliyyat vasitəsi seçirlər: “Onsuz da yüklənmiş yollarımız bir az da yüklənir. Amma bu növ cəzalar və baryerlərin aradan qaldırılması insanları daha çox piyada gəzməyə, mikrobillik vasitələr ilə hərəkət etməyə təşviq edər. Fiziki əngəlli insanlar xüsusi həssas qruplardır, onların cəmiyyətə inteqrasiyasına şərait yaradılmalıdır. Piyada gəzənlərin sayı çoxalsa, daha sağlam şəhərə və şəhər sakinlərinə sahib olarıq. Qısa məsafələrə avtomobillə hərəkət etməkdənsə, piyada, velosiped, skuterlə, ictimai nəqliyyatla getmək kimi imkanlar var. Bu məsələlərə ciddi şəkildə baxılmalıdır. Cərimələrə də yenidən baxmağa gərək var. Çünki bu gün fiziki əngəlli şəxs üçün nəzərdə tutulmuş yerdə parketmənin cəzası cəmi 10 manat, səkidə yanlış parklamanın, piyadaların yolunu kəsmənin cəzası isə 20 manatdır. Avtobusa ayrılmış zolağa digər hərəkət iştirakçılarının daxil olması isə 40 manat cərimədir. Bu cərimələrin miqdarı qaldırılmalı və bal sistemi tətbiq olunmalıdır ki, insanlar dərk etsinlər, piyadının, sərnişinin yolunun kəsilməsinin, vaxt itkisinə məruz qalmasının, təhlükə şəraiti yaratmağın cəzası ağırdır. Müvəqqəti sürücülük hüququndan məhrumetməyə qədər gedilməlidir. Çünki əks halda görürük ki, vəziyyət nəinki dəyişmir, hətta pisə doğru gedir. Mövcud sahələrimizin optimal istifadəsi, həm də şəhərdə insanların hərəkəti üçün hər bir şərait yaradılmalıdır. Şəhərdirsə, şəhərin əsas varlığı elə onun insanıdır. Bu insanın rahat hərəkəti üçün şərait yaratmalıyıq. Şəhərdə hər kəs piyadadır, amma hər kəsin avtomobili yoxdur. Avtomobili sürən şəxs belə avtomobildən düşəndən sonra yenə də piyadadır. Piyadaların hərəkəti üçün şərait yaradılması insanların prioritetinə, onların seçiminə birbaşa təsir edəcək. İnsan özü qərar verəcək ki, neçə metri piyada getsin, neçə metri velosiped, skuter və ya ictimai nəqliyyatla”.
 
R.Ağamirzəyevin sözlərinə görə, bugünkü şəhər mənzərəsi göstərir ki, avtomobil yolunun hərəkət etdiyi küçənin hərəkət hissəsində heç bir baryer yoxdur: “Piyada səkilərimizin isə ümumiyyətlə standartı yenilənməlidir. Piyadaların sırf hərəkətdə olan hissəsində - tranzit zonada heç bir maneə olmamalıdır. Onun kənarında, yaxud xaricində ağac da əkilə bilər, sütün da qoyula bilər, nişan da. Yaxud küçə boyu uzanan restoranın terrası da çıxa bilər. Amma bunlar bir-birilərinə maneə olmadan qurulmalıdır ki, insanlar rahat piyada hərəkət edə bilsinlər. Piyada səklərinin düz mərkəzində qoyulan köşklər və bu köşklərin soyuducuları, reklam banerleri tranzit zonanın xaricində olmalıdır. Bu nöqtəvi maneələrin də təxirə salınmadan aradan qaldırılmasına ehtiyac var. Nəzərə alaq ki, piyadaların 30%-i azmobillidir - qocadır, uşaqlıdır, əlil arabası ilədir. Bunlara da uyğun həllər olmalı, panduslar qurulmalı, zebralar rahat, işıqforlar düyməli olmalıdır ki, insanlar böyük bir dövrə vurmadan qısa məsafədən yolun bir tərəfindən digər tərəfinə keçsinlər. Bu məsələ hərtərəfli təhlil edilib, uyğun qərarlar verilməlidir. Eyni zamanda mövcud infrastrukturu, piyadanın yolunu kəsənin cəzası ağır olmalıdır”.

Bizimlə əlaqə saxlayın