Azərbaycan əhalisinin sayı süni şəkildə artırılıb? - RƏSMİ AÇIQLAMA

08, 01, 24
18:00

Azərbaycan əhalisinin sayı süni şəkildə artırılıb? - RƏSMİ AÇIQLAMA

Ekofəal Cavid Qara Azərbaycan əhalisinin sayının illər ərzində süni şəkildə artırıldığını iddia edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, ekofaəl Dövlət Statistika Komitəsinin əhalinin sayı ilə bağlı illər üzrə statistikasına əsaslanaraq bu qənaətə gəlib:
“2015-ci ildə 5-9 yaş qrupunda olan 666.9 min uşaq, 2020-ci ildə 10-14 yaş qrupunda 798.7 minə artmışdır. Bunun tək izahı o ola bilərdi ki, 5 il ərzində Azərbaycana xaricdən 132 mindən artıq bu yaş qrupunda miqrant ya qaçqın uşaq gəlib və bu yaş qrupunda bu illərdə ölən uşaqları da üstələyib. Belə bir şey olsaydı belə, bu başqa yaş qruplarına da təsir etməli idi. Ancaq azyaşlı uşaqlar miqrasiya edə bilmir.

Eynilə 2015-ci 10-14 yaş qrupunda 634.3 min uşaq, 2020-ci ildə 15-19 yaş qrupunda 651.3 minə çatıb (+17 min).

Daha öncə 2005-ci ildə 0-4 yaş qrupunda olanda 572.7 min olan bu uşaqları 2010-cu ildə 5-9 yaş qrupunda olanda 634.8 minə artmışdılar (+62min). Arada 5 il əl dəyməyiblər bir az azalıblar sonra yenə yuxarıda dediyim kimi, artırıblar. Nəticədə 2005-ci ildə 572 min 0-4 yaşlı uşaqlar 2020-ci ildə 651 min 15-19 yaşlı uşaqlar olub.

Hökümət təkcə bu metodla ölkə əhalisini 250 min “artırıb”, - deyə o yazıb.

Sözügedən iddialarla bağlı "Azərbaycan Reallığı" Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb. Qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov saytımıza açıqlamasında bu müqayisənin doğru olmadığını deyib:

"Əhalinin sayına dair məlumatların əldə edilməsi üçün ilk mənbə beynəlxalq metodoloji tövsiyələrə uyğun olaraq bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da hər 10 ildən bir keçirilən əhalinin sıyahıyaalınmalarıdır. Əhalinin sayının siyahıyaalmalararası dövrlər üzrə cari hesablanması əhalinin son siyahıyaalınmasının yekunları əsasında aparılır və hər il müvafiq ərazidə doğulanların və daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlərin və daimi yaşamaq üçün Azərbaycandan digər ölkələrə köçənlərin sayı isə əhalinin sayından çıxılır. Bu səbəbdən əhalinin son siyahıyaalınmasının yekun məlumatları əsasında siyahıyaalmadan sonrakı dövrlər üzrə əhalinin sayı ilə yanaşı, onun yaş strukturunda, eləcə də digər göstəricilərdə müvafiq dəqiqləşmələr aparılır. Başqa sözlə, "Əhalinin yaş qrupları üzrə sayı" cədvəlində qeyd olunmuş məlumatlar 2005-ci il üzrə 1999-cu ildə, 2010-cu və 2015-ci illər üzrə 2009-cu ildə və 2020-2023-cü illər üzrə isə cədvəlin müvafiq sütunlarına aid qeydlərdə də göstərildiyi kimi 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyalınmasının yekunlarına əsasən hesablanmış məlumatlardır.


Qeyd olunanları nəzərə alaraq, əhalinin yaş qrupları üzrə sayı ilə bağlı son siyahıyaalmadan əvvəlki dövrlərlə sonrakı dövrlərin məlumatlarınıən müqayisəsi məqsədəuyğun hesab edilmir".

Bizimlə əlaqə saxlayın