Get-gedə dərinləşən problem: Əhalinin ödənişi ilə yeni qurum TƏKLİFİ

23, 01, 24
15:30

Get-gedə dərinləşən problem: Əhalinin ödənişi ilə yeni qurum TƏKLİFİ

Son vaxtlar ara məhəllələr sanki magistrala çevrilir və burada avtomobillərin intensivliyi artır. Bu da yaşayış yerlərindəki insanlar, xüsusilə uşaqlar üçün təhlükə yaradır. Vətəndaşlar isə çox zaman sürət həddini endirmək üçün özləri yollara tramplinlər quraşdırır və ya asfaltdan maneələr hazırlayır. 

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Azərbaycan Reallığı”na açıqlamasında bildirdi ki, məhəllə girişlərində sürətazaldıcı elementlərin tətbiqinə ehtiyac var: “Bu, “Vision zero” konsepsiyasına əsasən ölüm hallarına sıfır dözümlülük siyasətidir. İnsanlar, xüsusən də uşaqların sıx olduğu məkanlar nəzərə alınaraq elə bir baryerlər qurulmalıdır ki, sürücü istəsə də, sürətli hərəkət edə bilməsin. Mümkün bir toqquşma olsa da, yüngül xəsarətlə nəticələnsin. Lakin hazırda məhəllə yollarında hər hansı baryer olmadığından sürücülər yolu ralliyə çevirir”. 

Ekspertin fikrincə, məhəllə girişlərində yol örtüyü fərqli olmalıdır: “Yolun hərəkət və səki hissəsi rəng və örtüyünə görə fərqlənməlidir. Bu, sürücülərə psixoloji olaraq da təsir edir. Lakin məhəlləarası yollara əsas yollardakı kimi asfalt örtüyün çəkilməsi sürət artımına yol açır. Həm sürücünün qaydanı pozmaması üçün infrastruktur qurulmalıdır, həm də sərt cəza tədbirləri görülməlidir. Əhalinin sıx yaşadığı ərazilərdə sürətli yolların çəkilməsi riskləri artırır. Buna görə də, məhəllədaxili küçələrdə yol örtüyünü çəkən qurum magistral yolları çəkən qurumla eyni olmalı deyil. Dünyanın hər yerində qəza olur. Lakin əsas məsələ qəzanın mənfi təsirləri minimuma endirməkdir”. 

“Azərbaycanda məhəllədaxili yollar bələdiyyələrə məxsus olmalıdır. Nəzarət üçün də əhali tərəfindən bələdiyyələrə ödəniş edilməlidir. Ümumilikdə, sözügedən problemin həlli üçün Böyük Şəhər Bələdiyyəsinin yaradılmasına ehtiyac var. Çünki bu yollara nəzarət bütövlükdə bir qurumun əlində olmalıdır. Bələdiyyələrə bunun üçün ödəniş edilmir, icra hakimiyyətlərinin də bununla bağlı işçi qrupu yoxdur”, - deyə R. Ağamirzəyev əlavə edib. 

Bakı Şəhər İcra Hakimiyyətindən deyildi ki, yollar qurumun balansında olmadığı üçün bu məsələyə münasibət bildirə bilməyəcəklər. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə Baş planda məhəllədaxili yollarla bağlı detallı məlumatların qeyd olunmadığı söylənildi.

Bizimlə əlaqə saxlayın