Prezident Dağbəyi İsmayılova vəzifə verdi - DOSYE

24, 01, 24
16:30

Prezident Dağbəyi İsmayılova vəzifə verdi - DOSYE

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.


İsmayılov Dağbəyi Mirzəxan oğlu Müşahidə Şurasının sədri təyin olunub.


Qeyd edək ki, o, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavinidir.


Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.

50 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetləri redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət Teleqraf agentliyində (AzərTac) buraxılış redaktoru, 2003-cü ildən AzərTac-da baş redaktoru, 2005-ci ildən AzərTAc-da Baş direktorun müavini vəzifəsini icra edib.


2008-ci il fevralın 1-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTac-ın Baş direktorunun müavini təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.


1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılıov 1982-ci ildə həmin təşkilatın "Qızıl qələm" mükafatına layiq görülüb. "Heydər Əliyev və AzərTac", "AzərTac-dan AzərTac-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul, 2020-ci il 22 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Ailəlidir, 2 övladı 4 nəvəsi var, oğlu Elgün 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. Aktyor Elnur İsmayılovun atasıdır.

Bizimlə əlaqə saxlayın