Azərbaycanda internet tarifləri niyə baha və keyfiyyətsizdir? - AÇIQLAMA

31, 01, 24
16:30

Azərbaycanda internet tarifləri niyə baha və keyfiyyətsizdir? - AÇIQLAMA

"Azərbaycan Reallığı" xatırladır ki, Azərbaycanda mobil operatorların internet tariflərinin baha, keyfiyyətinin isə aşağı olması hər zaman aktual müzakirə mövzusudur. Bu barədə sosial şəbəkələrdə şikayət ünvanlayan vətəndaşlar arasında “Azercell” abunəçiləri üstünlük təşkil edir. Bildirilir ki, “Azercell”də 25 manata 80 GB-lik internet paketinin sürəti 5 Mbit-dir. Narazılıq edən vətəndaşlar Azərbaycandakı mobil internet qiymətlərini xarici ölkələrlə müqayisə ediblər. Məlum olub ki, Özbəkistan 60000 suma, yəni 8.25 AZN-ə 22 GB internet + bütün istiqamətlər üzrə limitsiz danışıq verir. Rusiyada isə 700 rubla limitsiz internet + danışıq dəqiqələri almaq mümkündür. Hətta Rusiyada yaşayan azərbaycanlılar bildiriblər ki, mənzillərdə sürətli WiFi üçün abunə haqqı aylıq 17 manatdır. Onlar hətta 8 manata 600 dəqiqə danışıq, 25 GB internet paketi ala bilirlər. Qazaxıstanda 35 AZN limitsiz danışıq, limitsiz internet almaq, üstəlik 5 nəfəri də bu kampaniyaya qoşmaq mümkündür. Kampaniyaya görə, eyni paket üçün hər adam başına 7 AZN düşür. Gürcüstanda isə  32 lariyə, yəni 17 manata 1 aylıq limitsiz internet, limitsiz danışıq və limitsiz SMS ala bilirsiniz. ABŞ-də 40 dollara limitsiz danışıq, limitsiz SMS və 50 Mbayt interneti sərfəli şəkildə istifadə etmək mümkündür. Fransada 15 avroya 120 GB, Polşada isə 1 avroya limitsiz danışıq + 200 GB internet ala bilirlər...
 
Narazılıqlarla bağlı  açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov belə deyib:

“Müqayisəli təhlil etsək, nə vaxtdan ki Azərbaycanda şəbəkələr tətbiq olunur, o gündən bu günə qədər fərqləri müşahidə edirik. İnternet yayımı ilə əlaqədar artıq özəl şirkətlər də fəaliyyət göstərir. Bəli, problemlər var, amma inkişafı da görürük. Doğrudur, rəqabət lazımdır. Adiyyəti qurumlar inkişaf etmiş dövlətlərdə tətbiq edilən sistemlərin Azərbaycanda da tətbiqi ilə əlaqədar öz işlərini lazımi səviyyədə qurmalıdırlar. Elə bir əsrdə yaşayırıq ki, insanlar mütəmadi olaraq xarici ölkələrə səfər edir, orada olan vəziyyətləri görürlər. Amma qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mobil internet sahəsində də inkişaf var. Daha da təkmilləşdirilsə, qabaqcıl dövlətlərin təcrübəsindən istifadə etsək, uğurlu və xeyirli olar. Bu cür olmalıdır və ümid edirəm, olacaq”. 
 
Deputat bildirib ki, o, “Azercell”in mobil internet paketlərindən daha çox istifadə edir: ““Whatsapp”da materialların alınması, ötürülməsində, bu şəbəkə üzərindən zəngli danışıqlarda xeyli irəliləyiş var. Bunu danmaq olmaz. Rahat şəkildə, adi qaydada danışırıq. Heç bir problem yaşamamışam. Amma bir sıra bölgələr var, görünür, həmin ərazilərdə şəbəkənin zəif olması ilə əlaqədar bəzi hallarda qırılmalar olur. Bunu normal qəbul etmək lazımdır. İnanıram ki, ölkəmizin bütün bölgələrində bu problemlər tamamilə aradan qaldırılacaq”. 

Bizimlə əlaqə saxlayın