Qətl videosuna baxmaq həvəsi xəstəlikdirmi? - Psixoloq açıqladı

15, 02, 24
17:00

Qətl videosuna baxmaq həvəsi xəstəlikdirmi? - Psixoloq açıqladı

Paytaxtın Xətai rayonunda bir ailənin 5 üzvünün amansızlıqla qətlə yetirilməsinə dair məlumatlar cəmiyyətdə ajiotaj yaradıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, sosial şəbəkə istifadəçilər bu mövzuda fərqli fikirlərini bölüşüblər.

Yayğın düşüncələrə əsasən, bəziləri bu cür dəhşətli videolardan qorxur, izləyənlərin bir qismi isə ürəyinin dərinliyində kadrlardan həzz alır, digərlərinin psixologiyası ağır zərbə görür, yaxud da bununla insanlarda ətrafdakılara qarşı təşviş və güvənsizlik yaranır.

Mövzu ilə bağlı danışan klinik psioxoloq Fuad Əsədov hesab edir ki, insanların sözügedən qətl hadisəsinə dair videoya baxmasının əsas səbəbi məhz maraqdan qaynaqlanır:

"Birincisi, bu, klassik maraq hissi ilə bağlıdır. İnsanlara nə qədər pis təsir etsə də, videoda önəmli hadisə, gündəmdə olan bir mövzu var və onu görmək istəyirlər. 

Yazırlar ki, "ürəyi/psixologiyası zəif olanlar baxmasın". Xeyr, bu, ürək və psixologiyanın zəif olub-olmaması ilə bağlı məsələ deyil. Belə videolar istər-istəməz insanın əhvali-ruhiyyəsinə, yuxusuna, stres səviyyəsinə və s. təsir edir. Məlumat almaq yaxşı şeydir, amma videonun özünə baxmağı bir psixoloq kimi tövsiyə etmirəm.

Marağın səbəbi həm də odur ki, bu hadisə insanlara film, aksiyon kimi gəlir. Ona görə də nə qədər pis təsir etsə də, maraq hissi qalib gəlir və onlar baxmağa başlayırlar".

Fotoda klinik psixoloq Fuad Əsədov

F.Əsədov nə qədər neqativ hadisə olsa belə, insanların dərs çıxarması baxımından müzakirəsini yaxşı hal hesab edir:
"Əgər bu cür videolar cəmiyyətdə təbliğ olunarsa (bəzən qəhrəmanlıq nümunəsi kimi göstərilir), əlbəttə, mənfi effekt yarada bilər. Məhz son baş vermiş hadisədəki videonu isə hər kəs tənqid etdi, mənfi münasibət göstərdi. Bu cür halların tənqid edilməsi yaxşı haldır. Çünki biz bəzi şeyləri valideynlərə izah etməliyik. Yəni onlar uşaqlarını tərbiyə edən zaman diqqət yetirsinlər, övladlarını ərköyün etməsinlər, diqqətdən kənarda qoymasınlar, uşaq sevgidən məhrum olmasın ki, gələcəkdə də bu cür hadisələr baş verməsin. Valideynlərə bu izah edilməli, belə hallar və səbəbləri tənqid olunmalı, onlara doğru yol göstərilməlidir. Amma bir məsələ də var ki, bəzən müəyyən cinayət videoları cəmiyyətdə sanki qəhrəmanlıq, kişilik kimi göstərilir. Bu isə artıq insanları belə cinayətlərə təşviq etmək deməkdir. Ona görə də mümkün qədər belə halların yaşanmasına icazə verilməməlidir".
Kliniki psixoloq sözügedən qətldən sonra insanlarda yaranan narahatlıq və güvənsizlik hissi barədə də danışıb:
"Güvənsizlik isə elə bir məsələdir ki, insanlar ehtiyatlı olmalıdırlar, amma bu paronayaklıq səviyyəsinə çatmamalıdır. Onlar bir-birinə güvənməli, eyni zamanda ehtiyatsız da davranmamalı, təhlükəsizlik qaydalarına riayət etməli, ölçü götürməlidirlər. İnsanların çox təşviş yaşaması da, yaxşı hal deyil və heç bir halda fayda vermir. Yəni təşviş yaşayan insan heç vaxt bu cür hallardan sığortalanmır. Sadəcə, ağıllı və rasional şəkildə həll yolu tapıb, həyat tərzi seçib yaşamaq, mümkün qədər risk faktorlarından uzaq gəzmək və daha təmkinli yanaşmaq lazımdır".

Bizimlə əlaqə saxlayın