Dələduzluğun yeni növü - Diqqət! Adamı belə soyurlar...

08, 03, 24
14:00

Dələduzluğun yeni növü - Diqqət! Adamı belə soyurlar...

"Azərbaycan Reallığı" xəbər verir ki, kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir. Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, “İnstagram” sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir.


Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bankın” hər kəsə 200 azn dəyərində pul verdiyi bildirilir. Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur. Bəs görəsən sosial şəbəkə istifadəçiləri belə kiberdələduzluq hallarına qarşı nələrə diqqət etməlidir? 

Mövzu ilə bağlı  danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, insanlar mütləq şəkildə bilməlidir ki, heç vaxt havayı pul olmur:

“İnsanlar artıq dərk etməlidir ki, istər sosial şəbəkələrdə, istərsə də real həyatda havayı pul olmur. Hər hansı bir iş görmədən, heç nəyin müqabilində kimsə pul təklif edirsə, deməli bu saxtadır. Ona görə də müftə pulun dalınca düşmək lazım deyil. Bu sadəcə acgözlüyün nəticəsidir. Belə kiberdələduzluq halları günümüzdə olduqca geniş yayılıb. Təəssüf ki, ölkəmizdə bu cür dələduzluq hallarına qarşı insanlar yetərincə məlumatlı deyil. Birmənalı şəkildə dərk eləmək lazımdır ki, pulun fiziki dəyəri yoxdur və heç vaxt öz dəyərini itirmir. Ona görə də heç kim heç kəsə havayıdan pul verməz. Dələduzlar öz əməllərinin üstünü örtmək üçün müxtəlif bankların adından istifadə edirlər”. 

Vahid Qasımov şəxsi məlumatların heç bir halda paylaşılmamalı olduğunu qeyd edib:

“Hər hansı bir adam öz şəxsi məlumatlarını kiminləsə paylaşırsa, bu cür dələduzluq hallarına da hazır olmalıdır. Hazırda nəinki sosial şəbəkələrdə, hətta real həyatda da fəaliyyət göstərən elə şirkətlər var ki, onların açıq-aydın şəkildə insanları müxtəlif yollarla aldadırlar. Bu səbəbdən heç bir şəxsi məlumatı hansısa tanımadığınız şəxsə, sosial şəbəkə istifadəçisinə qətiyyən verməyin”.

Bizimlə əlaqə saxlayın