Sədri işdən çıxan “AtaSığorta”da 8 milyon zərər yığılıb

29, 03, 24
15:30

Sədri işdən çıxan “AtaSığorta”da 8 milyon zərər yığılıb

“AtaSığorta” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

“Azərbaycan Reallığı”nın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 15 mln 803 min manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 11,9% çoxdur. “AtaSığorta”nın cəmi öhdəlikləri 34,1% artaraq ötən ilin sonunda 6 mln 334 min manat olub. 

Ötən il nizamnamə kapitalını 1 mln 350 min manat və ya 9,2% artıraraq 15 mln 950 min manata çatdıran sığorta şirkətinin, əlavə kapitalı 19,2% azalaraq 1 mln 91 min manata enib, bölüşdürülməmiş zərəri isə 13,7% artaraq 7 mln 877 min manata çatıb. Nəticədə, şirkətin cəmi kapitalı 9,021 mln manat olub ki, bu da illik müqayisədə 1,6% çoxdur.

Ötən ilin yekununda “AtaSığorta” ASC-nin cəmi gəlirləri 11 mln 048 min manat, cəmi xərcləri 11 mln 995 min manat təşkil edib. Nəticədə, şirkət ötən ili 947 min manat xalis zərərlə başa vurub.

Şirkət 2022-ci ilin yekununda isə 575 min manat xalis zərər açıqlamışdı. 

Qeyd edək ki, bir müddət öncə - cari ilin yanvarında “Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov vəzifəsini tərk etmişdi. Vəzifənin müvəqqəti icrası isə Seymur Əliyevə həvalə edilmişdi.

Xatırladaq ki, “Atasığorta” ASC "Ata Holdinq" MMC-yə daxildir.

Bizimlə əlaqə saxlayın