Uşaqların biri Bakıdan qonaq gəlibmiş - "Tok" vurub öldürən şagirdlərlə bağlı AÇIQLAMA

15, 04, 24
12:00

Uşaqların biri Bakıdan qonaq gəlibmiş - "Tok" vurub öldürən şagirdlərlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İmişlidə iki yeniyetməni elektrik cərəyanı vurub. Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.
 
Məlumata görə, hadisə İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb-liseydə baş verib.
 
Məlumata görə, məktəbin ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub. TƏBİB-dən bildirilib ki, 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
 
Vəfat edən şagirdlərin 8-ci sinifdə oxuduqları bildirilir.

"Azərbaycan Reallığı" baş verən hadisə ilə bağlı ətraflı məlumat öyrənmək üçün Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb. 
 
İdarədən verilən məlumatda hadisəni bazar günü günorta satlarında baş verdiyini bildirib:
 
“Məktəbin ərazisində əlavə tikili var, uşaqlar arxa tərəfdən həmin tikilinin üstünə çıxıblar", - məlumatda qeyd olunub.
 
Bildirilib ki, vəfat edən şagirdlərdən biri - İsbərov Amid Seyran oğlu İmişli məktəbinin şagirdidir: "Digər yeniyetmə Qubadlı məktəbinin şagirdidir, Bakıdan qonaq gəlib. Hələki təfərrüatlı məlumat yoxdur.  Aidiyyatı üzrə araşdırma aparılır",
 


Foto: Hadisənin baş verdiyi tikili
 
Qurumdan qeyd olunub ki, hadisənin baş verdiyi tikinti məktəbin hasarına yaxın olan ərazidədir:
 
"Uşaqların niyə orada olduğu müəmmalıdır. Ora elə yerdir ki, gərək, nərdivan qoyub çıxasan. Həmçinin ərazidə ağaclıq var. O ağaclıqdan necə keçiblər, niyə keçiblər, bilinmir”.

Bizimlə əlaqə saxlayın