AQTA mühafizəni niyə gücləndirir? – 218 minlik iş…

02, 08, 24
13:00

AQTA mühafizəni niyə gücləndirir? – 218 minlik iş…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni tender müqaviləsi imzalayıb. Hələ mürəkkəbi qurumamış müqavilənin başlıca məqsədi isə təhlükəsiz keçid sistemlərinin satın alınmasıdır.

AQTA bu işləri 30 illik təcrübəsi olan və bir çox tenderlərdə iştirak edən, Azərbaycan dilində deyil, məhz ingilis dilində saytı olan “R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ” QSC-yə həvalə edib. Təhlükəsiz keçidlərin alınmasına isə Agentlik 218.713 manat pul sərf edəcək.

Satınalma müqaviləsinə əsasən AQTA 3 dəst İntroskop və ya Rentgen skaneri, 4 dəst sürətli keçid turniketi, 1 ədəd şlaqbaum, avtomobillərin nömrələrini oxuya bilən və şlaqbaumu açan 2 ədəd kamera qurğusu, 1 ədəd aparılan yoxlamaların yaddaşda saxlanması üçün storage, 1 ədəd Vahid Fiziki Təhlükəsizlik Platforması üçün Server və Proqram Təminatı, 5 ədəd Üztanıma Terminalı, 2 ədəd Qapı Kontaktı, 5 ədəd Təmassız Çıxış Düyməsi və 10 ədəd Maqnit Kilid və LZ Kronşteyn dəsti və qapıların bağlanmasını təmin edən qol dəsti alacaq.

Qeyd edək ki, AQTA rəhbəri Qoşqar Təhməzlinin “üztanıma” və bu cür qoruma sistemlərinə niyə ehtiyacı olduğu anlaşılan deyil. AQTA strateji obyekt deyil, onun hər hansı mühüm əhəmiyyətli qorumaya da ehtiyacı yoxdur. Bu agentliyin başlıca funksiyası Azərbaycana gətirilən mal və məhsulların keyfiyyətini yoxlamaq və bununla bağlı icazə verməkdir. Ki, AQTA həmin işi də bazara çevirib.

Olmaya AQTA sədri Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan, hər işinə qarışan qardaşı Atəş Təhməzovun “qorunması”nı həyata keçirir? Həmin Təhməzov ki, dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, Atəş Təhməzov Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olub. Akif Muradverdiyev isə 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Bizimlə əlaqə saxlayın