Yoldaşım intihar etdi, indi növbə mənimdir!

03, 11, 21
10:30

Yoldaşım intihar etdi, indi növbə mənimdir!


Cənab Baş Prokuror! Qanunları bizimçün əlçatmaz etməyin, axı qanunlara möhtac vətəndaşlarıq!

Göyçay sakini Əkbərova Günel Nizami qızı müraciətində bildirir ki, Göyçay rayon prokurorluğu mərhum həyat yoldaşı Kamran Əkbərovun ölüm səbəbini ciddi şəkildə qanunsuzluğa yol verməklə ört-basdır edib. Ölümə səbəb mərhum həyat yoldaşının qardaşı Vüqar Əkbərov və onun ailə üzvləri olsa da, intiharın səbəbi guya daxili ailə münaqişələrindən bezdiyi səbəbi olmuşdur. Bu cür ədalətsiz mövqeyə görə 41 yaşlı Gunel özunə olüm arzulayır…

Günel Əkbərova: Mərhum həyat yoldaşım intihar etdiyi gecə 06 iyul 2021-ci il tarixdə qardaşı Vüqarla birgə yaşadıqları mənzildə olub, səhər tezdən həmin mənzildən çıxıb. Saat 11-00 radələrində Göyçay şəhər stadionuna gedərək orada intihar edib. Həmin vaxt K. Əkbərov uksus adlı maddə, siçan zəhəri və 30 ədəd təzyiqsalıcı dərmanlar atıb. Kamran həmin maddələri qəbul etdikdən sonra mənə mesaj yazaraq övladları ilə bağlı vəsiyyətini və səbəbkarların kim olduğunu bildirib. Eyni zamanda həmin vaxt onun şalvarının piston cibindən intihara səbəb olan intihar məktubu çıxmışdır. Həm “whats’app” vasitəsilə, həm də cibindən çıxan intihar məktubunda o, ölümunə səbəb kimi qardaşı və onun ailəsini göstərib, məhz bu faktlar da araşdırma zamanı prokurorluq üçün məlum olub. Buna baxmayaraq, işi araşdıran prokurorluğun böyük müstəntiqi Murad Əliyev qarşı tərəflə sövdələşməyə gedərək bütün sübutları gizlətməyə çalışıb. M. Əliyev həmçinin iş üzrə olan ifadələri təhrif etməklə öz qanunsuz hərəkətlərini ortaya qoyub.

Son 6 il ərzində Göyçay Rayon Polis Şobəsi və rayon prokurorluğuna mərhum Kamran Əkbərova qarşı qardaşı Vüqarın düşmənçiliyi, hər iki ailənin münaqişəli durumda olması bəlli olub. Hər iki ailə münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda olub. Ötən müddət ərzində Vüqar Əkbərovun ailəsi tərəfindən dəfələrlə söyüş və təhqirə, şər-böhtana, döyülməyə, həmçinin müxtəlif hədə-qorxulara məruz qalmışıq. Atadan miras qalmış ev məhkəmə qaydasında bölünmüş olsa da, Vüqar və ailə üzvləri bizim həmin evdə normal yaşayışımıza imkan verməyiblər. Dəfələrlə bizə bildiriblər ki, “əgər həmin evdən çıxmasanız, həmin evdə davam etsəniz sizigecə ikən evlə birgə yandıracağıq”. Hətta onlar mərhum həyat yoldaşımı mənim azyaslı uşaqlarımızın gözü qarşısında dəfələrlə döyüb-söyüb təhqir etmiş olublar. Kamran mənə deyirdi ki, “Həmişə uşaqlarımız balaca idi, indi daha böyüyüblər, onların gözü qarşısında döyülüb təhqir olunmaqdan utanıram”. Məlumdur ki, son günlərdə də onlar Kamranı əvvəllər olduğu kimi təhqir edib alçaldıb, onu ölüm həddinə çatdırıblar.

Kamran Əkbərovun intihar məktubunda yazılıb: “Ölümümdə günahkar qardaşım Əkbərov Vüqar və onun arvadı Təranədir. Məni və ailəmi yaşmağa qoymadılar. Evimi dağıtdılar. Həyatımı korladılar. İmza Əkbərov Kamran”.

Bundan əlavə Kamran Əkbərovun göndərdiyi SMS məlumatlarından belə bir yazılar çıxarılıb: “Özümü zəhərləmişəm. kağız şalvarımın piston cibindədir. qismət olsa öləcəm, uşaqlara yaxşı bax. Məni kənddə dəfn edin, qəbrimi bu əclaflar təhqir etməsinlər”.

Günel Əkbərovanın 11 və 13 yaşlarında iki azyaşlı övladları var. Hal-hazırda həyat yoldaşının ölümunə səbəb olan qaynı Vüqar və onun arvadı Təranə onu və övladlarını həyat yoldaşına məxsus evə buraxmırlar. Hətta onun özünü də bezdirərək ölüm həddinə çatdırırlar. Bir tərəfdən hüquq-mühafizə orqanlarının qanunsuzluğu, digər tərəfdən vətəndaş özbaşınalıqları artıq G. Əkbərovanı da ölüm həddinə çatdırıb. Odur ki, Günel Əkbərova Baş Prokuror Kamran Əliyevə müraciət edərək, Göyçay rayon prokurorluğunun cinayət işinin icraata xitam verilməsi qərarından prosessual qaydada verdiyi şikayəti nəzarətə göturməsi və ona yaxından kömək olunmasını xahiş edir.

Günel Əkbərova: Bütün ümidlərim boşa çıxarsa, mən də intihar edəcəyəm, bu dəfə günah Göyçay rayon prokurorluğunun üzərində qalacaq. Mən hec kimə şər-böhtan atmıram, bütun sübutlar ortadadır, tək ehtiyaclı olduğumuz Qanunlardan başqa…

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın