Əmlak Məsələləri Dövlət Xidməti ilə vətandaş arasında hərrac mübahisəsi

11, 02, 22
10:49

Əmlak Məsələləri Dövlət Xidməti ilə vətandaş arasında hərrac mübahisəsi

Bu yazımda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan hərraclarda vətandaşların üzləşdiyi problemlərdən və məhkəmlərdə bu dövlət qurumuna qarşı qaldırılan  iddiaların heç bir nəticəsinin olmamasından danışmaq istəyirəm.  Belə ki, 16 aprel 2019-cu ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş belə bir hərraclardan birində iştirak edərək Xətai Rayonu, General Mehmandarov küçəsi 22a  ünvanında yerləşən 28.6 kv. metr qeyri-yaşayış sahəsinə (zirzəmiyə) ən yüksək qiyməti təklif edərək, hərracın qalibi olmuşam. Hərrac rəqabətli şəkildə keçdiyindən əmlakın qiyməti 3 000 min manatdan  10300 manata qədər qalxdı. Əmlakın qiymətinin bu qədər çox qalxacağını gözləmədiyimdən behdən əlavə yerdə qalan məbləği ödəyə bilmədim və hərracın nəticələri ləğv olunaraq, həmin qeyri-yaşayış sahəsinin yenidən hərraca çıxarılacağına dair mənə məktub göndərildi.

07 avqust 2019-cu il tarixli Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mənə göndərilən məktubda qeyd olunur ki, sözügedən obyektin (qeyri-yaşayış sahəsinin) yenidən hərraca çıxırılacağı nəzərdə tutulmuşdur.  Mən də bu minvalla növbəti hərracları gözlədim ki, onlardan birində qeyri-yaşayış sahəsini ala bilmək üçün, yenidən iştirak edim.   Lakin sən saydığını say, gör Əmlak Məsələləri Dövlət Xidməti nə sayır.  Mən qeyri-yaşayış sahəsinin hərraca çıxarılacağını gözlədiyim vaxtda Əmlak Məsələləri Dövlət Xidməti 25.01.2021-ci il tarixdə  həmin əmlakı Sadıqov Samir Sərhad oğlu adlı başqa bir şəxsə icarəyə verib. Icarə müqaviləsi 25.01.2021-ci il tarixdən başlanılmaqla 1 illik müddətə bağlanılır. Qeyd edim ki, qanunvericiliyə əsasən dövlətin balansında olan bu cür qeyri-yaşayış sahələrini hərracdan kənar satmaq istədikdə bu cür yola baş vurulur.  İlk əvvəl vətandaşla icarə müqaviləsi bağlanılır sonra isə həmin əmlak icarə müqaviləsinin bağlanıldığı şəxsə satılır. Mən üzləşdiyim vəziyyətdə qeyri qanuni durum isə ondan ibarətdir ki, həmin əmlaka dair başqa bir şəxslə icarə müqaviləsi bağlanıla bilməzdi çunki, həmin qurum mənə ünvanladığı məktubda sözügedən əmlakın yenidən hərraca çıxarılacağını üzərinə götürmüşdür.

Lakin bilinməyən səbəblərdən Əmlak Məsələləri Dövlət Xidməti qanunvericiliyin tələblərinə zidd olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bununla əlaqəli tərəfimdən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Lakin iddia tələbim rədd olunmuşdur.  24.11.2021-ci il  tarixdə baş tutan məhkəmə prosesində hakim Şəlalə Həsənova qeyd etmişdir ki,  Əmlak Məsələləri Dövlət Xidməti  başqa bir şəxslə həmin əmlaka dair icarə müqaviləsi bağlayıb və bu müqavilənin müddəti hələ bitməmişdir. 25.01.2022-ci il tarixində bitir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə “İcarəçi” Sadıqov Samir Sərhad oğlu arasında bağlanmış 603 №-li, 25.01.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin surətindən görünür ki, həmin şəxsə verilən obyektin sahəsi ilə mənim mübahisələndirdiyim əmlakın sahəsi fərqlidir.  Müvafiq olaraq 28.6 kv metr və 57,6 kv.m.  

Hakim Şəlalə Həsənova bu ziddiyətli halı araşdırmamış, tikinti texniki ekspertizasının aprılması barədə müvafiq qərardad qəbul etmədən iddia tələbimi mümkünsüz saymışdır. Tərəfimdən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına verilən apellyasiya şikayəti də (hakim Mirzə Tağızadə) təmin olunmamışdır. Halbuki 04.02.2022-ci il tarixdə baş tutuan məhkəmə prosesində iddianın mümkün sayılmamasına səbəb olan Sadıqov Samir Sərhad oğlu ilə bağlanılmış icarə müqaviləsinin müddəti də bitmiş idi. Əlimdə olan tutarlı sübütlara və əsaslı faktlara baxmayaraq məhkəmə Əmlak Məsələləri Dövlət Xidmətinin qanunsuz və əsassız qərarına qarşı çıxa bilmir,  qanuni –qanunsuz nə qərar qəbul edilməsindən asılı olmayaraq qüvvədə saxlayır. Tək ümid yerimiz məhkəmə də ədaləti bərpa etmir.  
                      
Hüseynov Tale

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın