Ukraynada qarışqa kimi qırılan rus generalları - Polkovnik səbəbini açıqladı

11, 06, 22
16:30

Ukraynada qarışqa kimi qırılan rus generalları - Polkovnik səbəbini açıqladı


“Görünür, Rusiya bu yöndə Ukraynanı ciddiyə almayıb”. 

Bu sözləri ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

O, Rusiyanın Ukraynada 16 generalı itirməsinin səbəblərini izah edib:

“Təbii ki, müharibənin başlanğıcında Rusiya Baş Qərargahı müharibəni 4 günlüyə planlaşdırmışdı. Düşünürdülər ki, itkiləri az olacaq və Ukrayna Silahlı Qüvvələri qısa müddətdə təslim olacaqlar. 

Nəticə etibarilə, müharibənin 107-ci günündəyik və bu da o deməkdir ki, ilkin planların hamısı səhv çıxıb. Bu səhvləri yerli birlik, dairə və qruplaşma komandirləri düzəltməliydi, çünki onlar strateji vəzifələr tutan generallardır. 

Rusiya siyasi elitası bu yanlışlığın haqqını kimə ödətdirməlidir? Təbii ki, generalitetə. Onlar müharibənin baş verəcəyini öncədən bilirdi və Rusiya siyasi elitası ilkin mərhələdə aldadıldı”.

Hərbi ekspert vurğulayıb ki, general heyəti hücum edən birinci eşalon bölmələrini müəyyən məsafədən idarə etməlidir:

“Görünən odur ki, generalların birbaşa təmas xəttində olmasına səbəb Rusiya quru qoşunlarının birinci eşalonunda döyüşən hərbçilərinin səviyyəsinin çox aşağı olmasıdır. Adətən, əsgər döyüşmək istəməyəndə generallar önə çıxır. Yəni strateji vəzifə tutan hərbçilərin ölümlərinin səbəbi əsgərin yanında olma məcburiyyətindən irəli gəlir. 

Əgər bölük, tabor və briqada komandirləri yüksək səviyyədə hazırlıqlı olsaydılar, öz bölmələrini ən yüksək səviyyədə idarə edə bilsəydilər, heç buna da ehtiyac olmazdı və onlar müharibəni idarəetmə məntəqələrində idarə edərdilər”.

“Bundan əlavə, bir nüans var: Rusiya Silahlı Qüvvələri Ukrayna kəşfiyyatının qabiliyyətini də düzgün qiymətləndirə bilmədi. Onlar əməliyyat teatrında onlayn rejimdə izləyərək rusların bölmələrin və hərbi beyin mərkəzlərinin yerini təyin etdilər. 

Ukrayna kəşfiyyatı texniki vasitələrlə Rusiya qoşunlarının generallar və polkovniklərin hərəkət marşrutlarını çox dəqiq izləyib. Dəqiq zərbələr nəticəsində Rusiya bu qədər yüksək rütbəli zabit itirib. Ola bilsin ki, onların bir qismi birbaşa təmas xəttində həlak olub. Lakin 20-30 km dərinlikdə qərargahlara da dəqiq zərbələr endirilib”, - deyə müsahibimiz əlavə edib.

Elxan Şıxəliyev əmindir ki, Rusiya Ukraynanın bu qabiliyyətini nəzərə almayıb:

“Xüsusən, NATO-nun hərbi beyin mərkəzləri peyk vasitələri ilə məlumatları Ukraynaya təqdim edib, uğurlu əməliyyatlara töhfəsini verib. Rusiya 100 gün ərzində bu halları analiz edərək səhvlərini düzəldib. Aktiv müharibə artıq artilleriya müharibəsinə çevrilib. 

Təbii ki, müharibə itkisiz olmur. Lakin Azərbaycanın apardığı 44 günlük müharibə kimi, bu savaşı da elə aparmaq olardı ki, bir generalın belə burnu qanamasın”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın