“My Beach”da qiymət hərc-mərcliyi: QAPIDAKI “ƏRƏBZƏNGİ”, 20 MANATLIQ KABAB VƏ 6 MANATA PİVƏ

13, 07, 22
15:00

“My Beach”da qiymət hərc-mərcliyi: QAPIDAKI “ƏRƏBZƏNGİ”, 20 MANATLIQ KABAB VƏ 6 MANATA PİVƏ


Çimərlik mövsümü artıq başa çatmaq üzrədir. Ancaq hələ də bəzi çimərliklərdən və istirahət mərkəzlərindən şikayətlər gəlməkdə davam edir. Müştəri məmnuniyyətindən tutmuş, adi etiket qaydalarına qədər hər şeydən narazı qalan insanların şikayətçi olduğu başlıca məsələ özbaşınalıq və bahalıqıdır. Bunun qarşısının alınmasına isə mövsüm boyu vəd verilsə də, nəticə olmadı.  

“My Beach Novxanı”: qapıdakı Ərəbzəngilər

Doğrusu, bəzən havaların nisbətən sərinlədiyi və ya küləkli olduğu vaxtlarda insanlar onlar üçün daha uyğun olan istirahət mərkəzlərinə üz tuturlar. Onlardan biri də Novxanıda yerləşən “My Beach” istirahət mərkəzidir. İnsafən böyük xərc çəkib, bina və hovuz inşa ediblər. Uşaqlar üçün mənasız və mahiyyəti aydın olmayan çimərlik quraşdırıblar və sair. Amma problem heç də bunlarda deyil. 

İlk olaraq “My Beach”ın qapısından daxil olmaq istəyirsənsə, kassadan keçirsən. Böyüklər üçün qiymət adambaşına 20 manat, kiçiklər üçün 10 manatdır. Ödəniş edib, qəbzi alırsan və qapıdan ayağını içəri qoymaq istəyirsən ki, qəfil üzərinə biri qadın, digəri isə cavan oğlan hücum çəkir. Əlindəki çantaları alıb, masanın üzərinə qoyur. Etiraf edim ki, onların adamın üzərinə gəlməsi və çantaları o cür həyəcan və hikkə ilə yoxlaması, adamda vahimə yaradır. Elə zənn edirsən ki, çantanda bomba axtarırlar və sən də terrorçusan. Nəhayət, əşyalarının içindən yarımçıq içilmiş “Cola”, “Fanta” və ya “Pepsi” çıxır. Və sadaladığım bu içkilərdən hər hansı çıxırsa, onu nümayişkəranə şəkildə. Özü də təhlükəli maddə kimi götürüb, qoyurlar qırağa. Bir sözlə ürəyin qırılır düşür ayağının altına

Hər halda niyə belə yazdığımızı da yaxşı bilirsiz. Bizdə çantalardan nələr çıxmayıb və ya çıxarılmayıb. Yəni, qapıdan giriş tam bir prosedurdur. Soruşanda da “niyə belə edirsiz”, cavab bu olur ki, “rəhbərliyin göstərişidir”.

Amma proses bununla da bitmir. Özünlə hər hansı içki növünü içəri apara bilməzsən. Bunu da belə izah edirlər ki, giriş pulundan əlavə, heç kim özüylə yemək, su və ya spirtli içki gətirə bilməmək onların qazancına ziyan vurur və qaydaları belə qoyublar ki, “təsadüfi adamlar buralara ayaq açmasın”.

20 manata kabab, 6 manata pivə

Nəhayət, uzun uzadı yoxlamadan sonra içəri keçə bilərsiniz. Çantanızdakı bütün içki növləri, yemək növünə aid olan hər şey “müsadirə” olunur və bir kənara qoyulur. Xəbərdarlıq edilir ki, “çimərlik ərazisini tərk etdikdə onları götürə bilərsiniz”. Böyüklər üçün hovuz təmizliyinə və genişliyinə görə, standarta uyğyndur. Dəniz suyu təmizlənərək hovuza buraxılıb. Genişlik də öz yerində. Ancaq uşaqlar üçün nəzərdə tutulmuş hovuzlar üçün bunu deyə bilməzsiniz. Çünki ya həmin hovuzdakı su gündəlik olaraq dəyişdirilmir, ya da təmizləmə işləri yaxşı səviyyədə həyata keçirilmir. Çünki siz suyun üzərində istənilən mənşəyi məlum olmayan şeylər görə bilərsiniz.

Qiymətlər isə od tutub yanır. Məsələn, bir ədəd 0.5 litlik “Pepsi”ni 2 manata, bir bakal NZS pivəsini 6 manata alıb içmək hünər istəyir. Yeməklərə gəlincə, orta boy “Pizza” 12-15 manatdan başlayır. Kababların bir şişi isə 15-20 manata qədər qiymət dəyişdirir.

Bütün bunlara rəğmən, çimərlik ərazisinə daxil olduqdan sonra sizə verilən dəsmal, “lejanka” pulsuzdur. Xidmət isə ortabab hesab oluna bilər. Çünki qarsonu bir-neçə dəfə çağırdıqdan sonra tapmaq və sifariş etmək imkanı olur.

Hərçənd bəzi müştərilər bir çox hallarda xidmətdən narazılıq edirlər. Məsələn, Səbinə Süleymanova adlı Facebook istifadəçisi bununla bağlı yazır ki, onlar bu yaxınlarda “My Beach” istirahət mərkəzində olublar və pizza sifariş ediblər. Lakin onların sifarişləri 2 saatdan sonra yerinə yetirilib. Qarsonlar bunu müştərinin çoxluğu ilə əsaslandırıblar.

Sönən işqılar, borunun içində iməkləyənlər

 “My Beach”ın böyüklər və kiçiklər üçün nəzərədə tutduğu əyləncələrdən biri də böyük plastik boruların içindən sürüşərək, suya düşməkdir. Hündür bir yerdən bunu zövqlə və həyəcanla həyata keçirənlər heç də az deyildi. Uşaqlı, böyüklü hamı növbəyə durub, həmin həyacanı yaşamağa çalışırdı. Düzdür, istər yuxarıda, istərsə də hovuzda nəzarətçilər vardı. Onlar gedişata nəzarət edir, insanların xəsarət almasına imkan vermir, zərurət yarandıqda yardımçı olurdular. Azyaşlı uşaqların hərəkəti isə xüsusi olaraq diqqətdə saxlanılırdı. Lakin davamlı olaraq elektrik enerjisinin kəsilməsi hər şeyi korlayırdı. Hətta bir neçə dəfə 1 saatlıq işıqların kəsilməsi boru ilə su axıntısının dayanmasına səbəb oldu ki, nəticədə borunun içində olanlar iməkləyə-iməkləyə çölə çıxmaq məcburiyyətində qaldılar.

Məsələ ilə bağlı İstirahət Mərkəzinin rəhbərliyinə şikayət edilsə də, buna əhəmiyyət belə verilmir. Əksinə, özlərini həddindən artıq etinasız göstərirlər. Bunun nədən qaynaqlandığı isə kimsəyə məlum deyil.

Bir də belə baha qiymətlərin olması nəylə əsaslandırılır, məlum deyil. Halbuki ictimai iaşə obyektlərində qiymət hərc-mərcliyi ola bilməz. Buna nəzarət edən qurumun nə işlə məşğul olduğu isə bəlli deyil.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın