Akif Çovdarovun əmlakına dair prosesin tarixi bəlli oldu

05, 04, 23
14:00

Akif Çovdarovun əmlakına dair prosesin tarixi bəlli oldu


Keçmiş MTN-nin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə əlaqədar qərardan verilən protestlə bağlı məhkəmənin vaxtı məlum olub.

"Azərbaycan  Reallığı" Trend-ə istinadla xəbər verir ki, protest üzrə məhkəmənin ilkin baxış iclası aprelin 11-nə təyin edilib. Prosesə hakim Rəşad Abdulov sədrlik edəcək.

Ötən ilin sonlarında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının xüsusi müsadirədən azad olunması bağlı qərar qəbul edib.

Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.

Baş Prokurorluq isə Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərardan kassasiya protesti verib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın