Gənc yazar Yeganə Bağırovadan "Ayrılıq" şeri

08, 06, 23
15:30

Gənc yazar Yeganə Bağırovadan "Ayrılıq" şeri


"Azərbaycan Reallığı" Yeganə Bağırovanın yeni şeirini təqdim edir. 

Ürəyim heç aram olmayır sənsiz,
Keçmir, yoxluğunun sancısı keçmir.
Sevən ürəyimi yaman incidir,
Bu qəmdən, kədərdən gözüm su içmir.

Gedib rahatlığım, gedib dincliyim,
Yuxu nədir? Bilmir onu gözlərim.
Dilimin ucunda dolaşır adın,
Səsləyirəm, yetmir sənə sözlərim.   

Yenə də yuxuma, bax, haram qatır,
İnsafsız, rəhmsiz, qaranlıq gecə.
Nələr çəkdiyimdən xəbərin varmı?
Sənsiz günüm keçir bilirsən necə.?  

Ürəyim dərd-qəmə elə köklənib,
Həsrətin yandırır məni qor kimi.
Sənli xatirələr gözüm önündə,
Dayanıb elə bil,"nadzor"kimi.

Otaq divarları aşır üstümə,
Qəm-kədər durmadan yanıma qaçır.
Zaman məhbusuna dönmüşəm sanki,
Əllərim, qollarım divarı qucur.  

Sevinmək yad olub mənim qəlbimə,
Qalmışam sevinclə qəm arasında.
Danışa bilmirəm, dinə bilmirəm,
Susuram dörd divar kamerasında.

Sənsizlik qəlbimə kəsilib hakim,
Ruhumu,cismimi buraxmır rahat.
Görürəm anba-an izləyir məni,
Dörd divar güdükçü, yoxluğun boyat.  

Dikilib ümidim gəldiyin yola,
Gözlərim dolubdu çox acı nəmlə.
Beləcə yaşanır, həyatım mənim,
Ömür yarı kədər, yarı da qəmlə.

Çəkir ağuşuna xəyallar məni,
Özümlə çox danışıram, biləsən.
Yaşayanlar bilər bunu, dərk edər,
Necə yanıb alışıram, biləsən.  

Heç zaman mən səndən uzaq düşmədim,
Səni sevən gündən sənə sığındım.
Səninlə özümə dünya qurmuşdum,
Sən dünyama düşən gün işığımdın.

Sənin ilə mən var idim həyatda,
Yoxsan, dünyam qaranlığa bürünür.
Yeddi aylıq bir həsrətin,dərdin var,
Gözləyirəm, evdə yerin görünür.  

Bu nə yaşayışdır, bu nə həyatdır?
Hələ də anlaya bilməyirəm mən.
Sənin həsrətindən elə halsızam,
Gözüm yaşını da silməyirəm mən.

"Bizi  ölüm ayıracaq" demişdin,
Ölüm yox, ayrılıq ayırdı bizi.
İndi  bir-birinə həsrət qalmışıq,
Heç nə ovutmayır ürəyimizi.  

Söylə görüm,mən nə edim görəsən?
Bəlkə gəlişinə qurbanlar kəsim?
Sənin vüsalına tez çatım deyə,
Qurbanı kəsməyə bir az tələsim.

Nə vaxt qaytaracaq səni bu həsrət?
Yenidən sevinclə çatdırar mənə.
Hələ də yolunu gözləyirəm mən,
Qəlbimdə qəm-kədər,hey dönə-dönə.  

Elə darıxıram, Allah şahiddir,
Bir jimsəyə deyə bilməm sirrimi.
Tək sənə bağlandım həyatım boyu,
Əvəz etmir, heç dost-tanış yerini.

Kasıbın evində qış olan kimi,
Üşüyür bu evdə isti ürəyim.
İsitməz bir ocaq, bir nəfəs məni,
Tək sənə bağlıdır arzum, diləyim.  

Havalan, göyə aç qanadlarını,
Göylərin ulduztək qaşına dönüm.
Mənə lələk yandır, yetişim sənə,
Səninçün səməndər quşuna dönüm.

Harda olsam belə, sən ağlımdasan,
Mənə çox çətindir səni unutmaq.
Həyatda ən böyük istəyim olub,
Həmişə eşqini ucada tutmaq.

De, necə dilinə gəldi, söylədin:
"Qorxuram dünyamı dəyişərəm mən."
Dedin ki,"sən mənə gəlib yetincə,
Ayrı bir dünyayla görüşərəm mən."

Sızlatdı qəlbimi qəmli sözlərin,
Od tutub alışdı bağrımın başı.
Çəkilib xəlvətə,üzümdə kədər,
Süzüldü gözümdən acı göz yaşı.

Sənsiz hər gün bir az mənə darıxmaq,
Bir az mənə elə ölüm deməkdir.
Sənsizliyin bu möhnəti,əzabı,
Sevən bir ürəyə zülüm deməkdir.  

Çox çətindir, çox ağırdır,əzizim,
Bu kədəri ürəyimdə daşımaq.
Mənim üçün nəfəs almaq deyildir,
Səndən ayrı ömür sürmək, yaşamaq!!!

Müəlluf:- Yeganə Bağırova  

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın