Cahangir Hacıyevin əfv edilməməsinin ŞOK səbəbi - cəzası 20 ilə çatdırıla bilər

14, 06, 23
15:00

Cahangir Hacıyevin əfv edilməməsinin ŞOK səbəbi - cəzası 20 ilə çatdırıla bilər


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində daha bir cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2017-ci ildə Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 2005-2010-cu illərdə deputat olan Dünyamin Xəlilov həm də bankın rəhbəri olmuş Cahangir Hacıyevin qohumudur və işçisi olub. Belə ki, Cahangir Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət Dünyamin Xəlilov idarə edib.

Yada salaq ki, Cahangir Hacıyev 14 il Azərbaycanın ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Belə görünür ki, may ayında azadlığa buraxılacağı ilə bağlı xəbərlərə rəğmən onun əfv edilməməsi səbəbsiz deyilmiş. Gözləmək olar ki, sabiq deputatla bağlı məhkəmədə onun da adını eşitməli olacağıq.

DİA.AZ-ın məlumatına görə, tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, hazırkı ittihamlarla Cahangir Hacıyev, Dünyamin Xəlilov və Azad Cavadovun cəzaları maksimum 20 ilə çatdırıla bilər: “Azərbaycanda korrupsiya cinayətlərinin yarımçıq, cəlb olunan şəxslərin hakimiyyətdəki dayaqlarının olub-olmamasına görə araşdırılması praktikası geniş yayılıb. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunu tutduğu dönəmdə qudası olan Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankını qanundankənar bir şəkildə idarə edirdi. O zamanlarda Cahangir Hacıyev kimsəni saymırdı, dövlətin payı olan bankın vəsaitlərini sağa-sola dağıdırdılar.

2015-ci ildə Eldar Mahmudov vəzifədən qovulandan sonra Cahangir Hacıyevin qanunsuzluqları, korrupsiya əməlləri yada düşdü, onu və ətrafını həbs etdilər. Halbuki təkcə Cahangir Hacıyevi deyil, onun fəaliyyətinə nəzarət etməli qurumların rəhbər vəzifələri şəxsləri də istintaqa cəlb edilməli, onlar da cinayətkar fəaliyyətsizliyə görə həbs edilməli idilər”.

Hüquqşünas deyir ki, Azərbaycanda cəzanın maksimal həddi 20 ildir: “Cinayət Məcəlləsinin 55-ci maddəsinə əsasən, cəza müddəti 20 ildir. Bundan başqa, ömürlük cəza da təyin oluna bilər. Cahangir Hacıyevə verilmiş yeni ittihamlar üzrə cəzasını maksimum həddə, 20 ilə qədər artıra bilərlər”.

Əkrəm Həsənov deyir ki, Azərbaycan Beynəlxalq Bankında dövlətin itkiləri çox böyükdür: “10 milyardlarla hesablanan itkilərdir. Cahangir Hacıyevə qarşı əvvəlki ittihamlarda elə də böyük rəqəmlər nəzərə çarpmırdı. Hazırkı ittihama təəccüblənmədim. Ehtimalım belədir ki, yeni ittihamlar da ola bilər”.

Hüquqşünas özünün şahidi olduğu və Azərbaycan Beynəlxalq Bankından verilən bir kreditin tarixçəsini misal çəkərək yeyintilərin miqyasını diqqətə çatdırdı: “Zamirə Hacıyevanın işi üzrə Azərbaycan tərəfi London məhkəməsinə sübutlar təqdim etməlidir. Cahangir Hacıyevə qarşı yeni ittihamlar mümkündür ki, nəticə etibarı ilə həmin iş üzrə sübutların təqdim edilməsinə xidmət etsin. Amma məsələ burasındadır ki, sübutların toplanılması kreditlər və həmin kreditlərin mənimsənilməsi ilə bağlıdırsa, məhkəmə qarşısında Cahangir Hacıyevlə bərabər 20 nəfər dayanmamalıdır.

Azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalı və kreditin qanunsuz verilməsi sübuta yetirilməlidir. Fikrimdə israrlıyam ki, Cahangir Hacıyev bu qədər pulu təkbaşına mənimsəyə bilməzdi. Cahangir Hacıyev 15 ilə yaxın Azərbaycan Beynəlxalq Bankının sədri olub. Bu müddətdə həmin bank kreditlərinin verilməsi minlərlə bank işçisini əhatə edib. Bankda ən adi bir kreditin verilməsi azı 15 nəfərin imzasından keçir. Ən sadə kreditin verilməsi bankın kredit, risklərin idarə edilməsi, hüquq, girovun qiymətləndirilməsi, əməliyyat, təhlükəsizlik departamentlərindən keçir və yalnız bundan sonra Kredit Komitəsi kreditin verilib-verilməməsi məsələsinə baxır. Həmin komitədə azı 7 nəfər kreditin verilib-verilməməsi haqda qərara imza atır. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankı olub.

Orada kreditlər necə verilib? Cahangir Hacıvevin dövründə Azərbaycan Beynəlxalq Bankı sağa-sola zəmanət verməklə məşğul idi. Məsələn, 2011-ci ildə "AzMeCo" metanol zavodu “Bank VTB”dən 20 milyon dollar kredit götürmək istəyirdi. Layihə tam dayanmışdı. Azərbaycanda kredit tapmırdılar. Həmin dövrdə Rusiyanın “Bank VTB”nin Azərbaycandakı nümayəndəliyində sədr müavini idim. Risklərin idarə edilməsi departamenti, hüquq departamentinə mən cavabdeh idim. Nizami Piriyev bankdan 20 milyon dollar kredit istəyirdi. Mən həmin kreditin verilməsinə etiraz etdim.

Dedilər ki, yaxşı, bəs kreditin verilməsi üçün nə lazımdır. Dedim ki, kredit yalnız bir halda verilə bilər. Böyük bir bank həmin kreditin verilməsinə zamin dayanmalıdır. Bundan sonra dedilər ki, Beynəlxalq Bank həmin qarantiyanı versə olar. Düşünürdüm ki, Beynəlxalq Bank belə bir riskli işə nəinki 20 milyon dollar, heç 200 dollar belə kredit verməz. Beynəlxalq Bank “AzMeCo”ya zamin dayandı, 20 milyon dollarlıq kreditin qaytarılmasını faktiki öz üzərinə çəkdi. 1 ildən sonra əlbəttə ki, “AzMeCo” krediti qaytarmadı. 20 milyon dollar beləcə Azərbaycan Beynəlxalq Bankının borcuna çevrildi.

Bu təkcə mənim şahid olduğum 1 epizod üzrə kredit verilməsinin təfərrüatıdır. Cahangir Hacıyev deyəndə ki, 2 milyard kredit vermişəm, 10 milyardlıq zaminlik müqaviləsi haqda danışmalı olsa da, bunun üstündən keçir. Bu gün kimlərsə deyə bilər ki, onu həmin kreditlər verilərkən sənədlərə imza atmağa məcbur ediblər. Bu məqam həmin şəxsləri məsuliyyətdən azad etmir". 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın