Yevlaxda ermənilərlə kimlər görüşəcək? - “Bir neçə rəsmi şəxs və deputat...”

03, 08, 23
21:00

Yevlaxda ermənilərlə kimlər görüşəcək? - “Bir neçə rəsmi şəxs və deputat...”


“Azərbaycan hökumət nümayəndələrinin Qarabağ erməniləri ilə Yevlaxda görüş xəbəri yayıldıqdan sonra erməni tərəfi hələlik bunu təsdiq etməyib”.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Analitik Qarabağın erməni icması ilə Yevlaxda keçirilməsi planlaşdırılan görüşlərdən söz açıb.

E. Şahinoğlu xatırladıb ki, daha öncə biz onlara Bakıda belə bir görüşün keçirilməsini təklif etsək də, razılaşmadılar:

“Daha sonra ikinci dəfə də bu təklifi təkrarlasaq da, yenə də gəlmək istəmədilər. İndi isə Yevlaxda görüş təklifini irəli sürmüşük və onlar artıq razılaşmağa yaxındırlar. Yevlax məsafə baxımından Xankəndiyə də yaxındır”.

Siyasi analitik aydınlaşdırıb ki, ermənilərin istədiyi baş tutmayacaq:

“Çünki onlar istəyirdilər ki, görüş neytral zonada və üçüncü tərəfin iştirakı ilə olsun. Neytral zonada isə bu görüş ola bilməz, çünki bu, daxili məsələmizdir və Azərbaycan daxilində olmalıdır. Üçüncü tərəfin iştirakına da ehtiyacımız yoxdur. Çünki rus hərbi kontingenti həmin görüşdə iştirak etməyəcək”.

Siyasi təhlilçi deyib ki, Azərbaycan tərəfdən görüşdə iştirak edən şəxslər onsuz da əvvəldən müəyyənləşdirilib:

“Bu, bir deputat və bir neçə rəsmi şəxsdir. Əslində, biz separatçılarla görüşmürük və onlarla təmas qurmuruq, amma oradan separatçı olmayan kimlərisə özləri üçün nümayəndə heyətinin üzvü seçsələr, gözəl olar. Çünki əvvəllər də belə görüşlər olub. Bu görüş də Xocalıda keçirilən sonuncu görüşün davamı kimi qiymətləndirilə bilər”.

“Amma bu, o demək deyil ki, biz bu görüşdən nəticəyə ümid edə bilərik. Nə qədər ki separatçılar tərksilah olunmayıb və nə qədər ki biz Qarabağın tamamına nəızarət yetirmirik, onda bu məsələlərin danışıqlar yolu ilə həllini gözləmək bir az çətindir. Onlar ancaq güc yolunu başa düşürlər. Əlbəttə ki, biz görüşləri davam etdirməli və ermənilərə anlatmalıyıq ki, tərksilah olunsunlar.

Amma tərksilah olmayacaqlarsa, onlara ikinci seçimi də təqdim etmişik. Azərbaycan qanunları ilə yaşamaq istəmirsinizsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacaqsınız”, – müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın