DİN-dən övladlığa verilən qızın qaçırılması iddiası ilə bağlı açıqlama

04, 09, 23
18:35

DİN-dən övladlığa verilən qızın qaçırılması iddiası ilə bağlı açıqlama


Lənkəranda övladlığa verilən qızın qaçırılması barədə məlumatlar yayılıb.

“Azerbaycan Reallığ” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib. 

O qeyd edib ki, illər əvvəl rəsmi qaydada övladlığa verilən və hazırda 15 yaşı olan qız məxfiliyin pozulması nəticəsində bioloji anası və qohumları tərəfindən qaçırılıb: “Qıza nə ediblərsə, o, rəsmi ananın yanına qayıtmaq istəmir. Uşaq övladlığa götürən ailənin ad, soyadında... Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır.

Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir. Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb.

Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib. Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib.

Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı  müəyyən olunub.

Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın