Space telekanalın rəhbəri jurnalisti işdən çıxarıb yerinə dələduzluğa görə həbsxana həyatı yaşamış şəxsi gətirib

06, 09, 23
12:00

Space telekanalın rəhbəri jurnalisti işdən çıxarıb yerinə dələduzluğa görə həbsxana həyatı yaşamış şəxsi gətirib


Belə getsə, Space telekanalının əməkdaşları işdən çıxarıldıqlarını elə efirdən öyrənəcəklər.

Təsəvvür edin: Rövşanə Ağasəfqızı kimi illərin təcrübəli və istedadlı aparıcısı... qəfil işdən çıxarılır. Özü də məzuniyyətdə ola-ola. Space TV-nin rəhbəri, özlərini "KVN"şik adlandıranlardan biri Vado Korovinin kürəkəni aparıcıya zəng edir ki, məzuniyyətinin dalınca istefaya gedir. Vado Karovin belə istəyib. Özü də mövsümün başlamağına bir gün qalmış! 

Bunu hansısa sayt rəhbəri, yaxud qəzet redaksiyası eləsəydi, vergi orqanları bir yandan, Əmək Müfəttişliyi o biri yandan, necə deyərlər, işəgötürənlərin "canına oxumuşdu". Amma telekanal rəhbəri, padşah kimi idarə edir şirkəti.

“Azərbaycan Reallığı” xəbər verir ki, Bu barədə tanınmış telejurnalist Afaq Vasifqızı statusunda belə yazıb: "Köhnə telemövsümü başa vur, aparıcıya de ki, yeni mövsümdə bərabər çalışacayıq, adamın başının altına yastıq qoyub rəsmi məzuniyyətə göndər və yeni telemövsümün başlanmasına bircə gün qalmış de ki, sən sağ, biz salamat, yollarımız aralandı. Səbəb? Səbəb yoxdur. Belə şey olur?

Afaq Vasifqızı bu qərarı verən teleşirkət rəhbərini "diletant" adlandırıb: "Dostlar, bunu yalnız diletant adam edə bilər, professional yox. Hamı bilir ki, bütün kanallar artıq avqustun 15-dən yeni setkanı hazırlayıb anons çəkirlər. Heç bir kanalın setkasında yarımca saatlıq da boş yer tapmazsan. Bir aparıcıya qarşı belə bivaxt (həm də biinsaf) qərar vermək tək peşə sferasında deyil, sırf insani müstəvidə də diletantlığın bariz nümunəsidir".

Rövşanə Ağasəfqızı özü də işdən çıxarılmasına anlam verə bilmir: "Heç bir səbəb yoxdur. Verilişimi təkrar-təkrar efirə verirlər".

Qəribədir, köhnə verilişlərini efirdə təkrar verirlər, ancaq 25 illik televiziyaçının özünü daha efirdə görmək istəməyib telekanal rəhbəri!

Mediada və sosial şəbəkələrdə SpaceTV rəhbərliyinin bu qərarı kəskin pislənib.

Bu qalmaqallı qərarın ətrafında müzakirələrə getdiyi zaman bir də məlum olub ki, başqa bir aparıcı - Fariz İlyas da eyni qaydada - qəfil zənglə işdən çıxarılıb. Aparıcı özü belə şərh verib: "Vado Korovinlə danışdım. Heç bir səbəb yoxdur..."

Yeri gəlmişkən, belə bir xəbər də var ki, Vado Korovin vaxtilə kanalda işləmiş, dələduzluğa görə bir müddət həbsxanada, "dincəlmiş" qalmaqallı münəccim, İlham Mirzəyevi yenidən kanala dəvət edib. Münəccim burada 3 veriliş aparacaq. Niyə?!

Bu minvalla Vado Korovin Space gəmisini hara aparacaq?! Hansı qayaya qədər...

Telekanal rəhbəri jurnalisti çıxarıb, münəccimi gətirir?...

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın