14 dəfə lotereya qazanan adamın sirri

23, 12, 23
13:30

14 dəfə lotereya qazanan adamın sirri

"Azərbaycan Reallığı" xatırladır ki, tarixdə ən çox lotereya qalibi ruminyalı mühasib Stefan Mandel olub. O, 14 dəfə cekpot qazanaraq milyonçu olmağı bacarıb. Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onun işini araşdırsa da, qanunsuz bir şey tapa bilməyib.
 
Onun oğlu, universitet professoru Riçard Mandel atasının lotereyada necə qalib gəldiyini danışıb.
 
Riçardın sözlərinə görə, 1934-cü ildə anadan olan atası XIII əsrdə yaşamış riyaziyyatçı Leonardo Fibonaççinin irəli sürdüyü nəzəriyyələrə aludə olub. Beləliklə o, Fibonaççinin metodlarından istifadə edərək alqoritm yaradıb.
 
“Riyaziyyat düzgün tətbiq edildikdə, sərvətə zəmanət verə bilər”, - deyə Stefan bildirib.
 
Mandel düsturlar hazırlayır, ölkəsində altı cekpotdan beşini qazanır və həmin pullarla məmurlara rüşvət verərək Çavuşevskinin zülmündən vətəni Rumıniyadan Avstraliyaya qaçır.
 
“Zalım diktatura altında yaşamaq ona pul qazanmaq üçün yaradıcı və qeyri-adi yollar axtarmaq üçün böyük motivasiya verdi”, - deyə oğlu Riçard vurğulayıb.
 
Stefan arvadı və iki uşağı ilə Avstraliyaya köçəndən sonra sığorta agenti kimi fəaliyyətə başlayır. Ancaq bu ölkədəki lotereyalar da onun diqqətini çəkir və yenidən lotereya oynamağa başlayır. Nəticədə Avstraliya və Böyük Britaniyada 12 dəfə böyük mükafata layiq görülür və 10 il ərzində 1,1 milyon avro qazanır.
 
Bütün diqqətini bu işə yönəldən Mandel peşəkar lotereya oyunçusu olur və öz alqoritmi ilə güclü kompüter sistemi qurur.
 
Mandel dünyadakı bütün lotereyaları araşdırır, nəhayət ABŞ-nin Virciniya ştatında lotereyada boşluq tapır. ABŞ hökuməti lotereyaları oyunçulara evdə bilet çap etməyə icazə verirdi.
1992-ci ildə o, 2524 investoru razı salaraq onların hər birinin 3000 dollar sərmayə qoymasına nail olur. Melburnda açdığı ofisdə 30 kompüter, 12 printer quraşdıraraq çoxsaylı kombinasiyalar yaradır və 27 milyon dollar qazanır.
 
Bu, onun bütün diqqəti üzərində cəmləməsinə səbəb oldu, FTB və MKİ ona qarşı təhqiqata başlayır. İki həftəlik araşdırma nəticəsində Mandelin metodunun qanuni olduğu qərara alınır və o, bəraət alır. Bununla belə, bu hadisədən iki il sonra Mandel və onun fondu iflas edib.
 
Avstraliyadan sonra İsrailə mühacirət edən Mandel orada dələduzluqda günahlandırılaraq 20 ay müddətinə həbs olunub. Cəza müddəti bitdikdən sonra o, Vanuatuya mühacirət edir.
 
ABŞ hökuməti isə Mandelin tapdığı boşluğu aradan qaldırmaq üçün qanunvericiliyi dəyişib, evdə kuponların çapına və toplu biletlərin alınmasına məhdudiyyətlər qoyub.
 
Mandel ona lotereyada qalib gəlməyə imkan verən alqoritmi heç vaxt açıqlamadı. Onun alqoritmi haqqında məlum olanlar aşağıdakılardır:
 
O, mümkün kombinasiyaların ümumi sayını hesablayıb. Daha sonra cekpot məbləğinin kombinasiyaların sayından ən azı üç dəfə çox olmasını gözləyib. Hər kombinasiya üçün investor tapıb. Sonra investorların pulu ilə hər kombinasiya üçün loto oynayıb və onları çap edib. Aldığı kupon çapını dilerə aparıb, pulunu ödəyib, təsdiq etdirib, cekpotu qazanıb və hər bir investora pay verib.

Bizimlə əlaqə saxlayın