Sağlamlıq təhlükəsi: Pandemiya gedir, əvəzinə tridemiya gəlir? - AÇIQLAMA

12, 01, 24
10:00

Sağlamlıq təhlükəsi: Pandemiya gedir, əvəzinə tridemiya gəlir? - AÇIQLAMA

"Azərbaycan Reallığı" xatırladır ki, ötən ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başa çatdığını elan etsə də, son aylar bir çox ölkələrdə COVID-19-un yeni subvariantlarına yoluxanların sayının artması, dünyanın 58 ölkəsində yeni ştamlara yoluxma faktının aşkarlanması ilə bağlı insanlarda narahatlıq yaradıb.

Bir neçə gün əvvəl isə yaxın qonşularımızdan biri olan Rusiyada tridemiyanın başladığı ilə bağlı “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məlumat yayıb. Bəs görəsən, ölkəmizdə epidemioloji vəziyyət necədir və tridemiya ehtimalı varmı?


Həkim-infeksionist Vasif Əliyev açıqlamasında bildirib ki, bu gün ölkəmizdə viruslara yoluxma ilə bağlı vəziyyət stabildir:


“Əvvəlcə qeyd edim ki, “tridemiya” - üç virusun bir yerdə yayılması deməkdir. Bunlar kəskin respirator virus infeksiyaları, eləcə də qrip və koronavirusdur, yəni bunların üçlü şəkildə, epidemiya olaraq, Rusiyada yayılması barədə məlumat var. Əslində, bu viruslar hər zaman olub, hal-hazırda bizdə də var, sadəcə, soyuq ayların gəlməsi ilə əlaqədar bu cür virus infeksiyalarına yoluxmaların sayı gedərək artır. Bu da yoluxma nisbəti, yoluxma faizinin artması deməkdir.


Qrip hər zaman olub, indi də var. COVID-19 əvvəlki pandemiya vəziyyətində deyil, amma koronavirus infeksiyasına da yoluxma hallarını görürük. Bu infeksiyalar respirator infeksiyalardır ki, onlara hər zaman, xüsusən qış dönəmində, mövsümi xarakter daşıdığına görə daha çox rast gəlinir. Bu infeksiyalar ağırlaşmış, fəsadlaşmış xəstəliyə səbəb olmadıqlarına görə elə də ciddi və aktual deyil.


Dünyada koronavirus infeksiyası da yayılır, qrip də yayılır. Bunlar sürətli yoluxma qabiliyyətinə malik olsalar da, insanlar hətta xəstəxanada olmadan belə, ev şəraitində də sağala bilirlər. Onu demək istəyirəm ki, bu infeksiyalar tarix boyu olub.


Qızılca ilə bağlı deyə bilərəm ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət var, yəni qızılca çox sürətlə yayılır. Amma nəzərə almaq lazımdır ki, qızılca əvvəl peyvənd olunmayan insanlar üçün təhlükəli sayılır. Peyvənd olunanlar və qızılca keçirənlər üçün təhlükəli xarakter daşımır”.
Bir insanın eyni anda üç virusa yoluxa bilməsi ehtimalına gəlincə, infeksionist bildirib ki, mövsümündən asılı olaraq, bu mümkündür:


“Bir insan eyni anda üç virusa - həm qızılca, həm koronavirus, həm qripə yoluxa bilər. Bütün bu infeksiyalardan yeganə qorunma yolu ara məsafəsinin gözlənilməsi, maska taxılması və gigiyena qaydalarına əməl olunmasıdır. Bu xəstəliklər respirator yolla yayıldığına görə xəstəlik, virus yaxın təmasda olduğumuz sağlam insana da yoluxa bilər”.


“Virusa yoluxan insanlara məsləhətim ondan ibarətdir ki, ev şəraitində qalsınlar. Təbii ki, durumdan asılı olaraq, əgər lazımdırsa, yenə də ev şəraitində, həkim müayinəsindən keçsinlər. Əsas məsələ budur ki, virusa yoluxan xəstələr ilk növbədə ətrafdan təcrid olunmalıdırlar ki, başqalarına virusu ötürməsinlər.


Azərbaycanda epidemioloji vəziyyət bir az qızılca baxımından kritikdir. Çünki həm uşaqlar, həm böyüklərdə qızılcaya yoluxma halı gedərək artır. Hazırda onların çoxu evdə, modul tipli xəstəxanalarda müalicə alır. Sonda demək istərdim ki, poliklinikalarda peyvəndlər var və sağlamlıqlarını qorumaq üçün vətəndaşlarımız peyvənd oluna bilərlər”, - deyə Vasif Əliyev fikirlərini tamamlayıb.

Bizimlə əlaqə saxlayın