ABŞ YENƏ "İKİBAŞLI TƏMİNATLA" UKRAYNANI ALDADIR? - “Bu müqavilədən Budapeşt memorandumunun iyi gəlir...”

19, 06, 24
10:30

ABŞ YENƏ "İKİBAŞLI TƏMİNATLA" UKRAYNANI ALDADIR? - “Bu müqavilədən Budapeşt memorandumunun iyi gəlir...”

Son zamanlar Ukrayna bir çox ölkələrlə təhlükəsizlik haqqında müqavilələr imzalayıb və hesab edilir ki, bunlar Kiyevin Rusiyaya qarşı apardığı müharibədə imkanlarını artıracaq.

Lakin bununla yanaşı, Ukrayna keçmişin acı təcrübəsinə söykənərək ehtiyatlı davranmaq və verilən hər sözə arxayın olmamaq məcburiyyətindədir.

Digər tərəfdən isə ABŞ-nin indiki administrasiyasının Ukrayna üçün etdiklərini müstəsna xidmət kimi dəyərləndirmək və onların prezident seçkilərindəki mümkün məğlubiyyətini faciə saymaq da yanlış olardı...

“Azərbaycan Realığı" xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytı “Nəyə görə ABŞ ilə müqavilədən Budapeşt memorandumunun iyi gəlir?” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur.

Həmin məqaləni təqdim edirik: ”13 iyunda Volodimir Zelenski və Co Bayden Ukrayna ilə ABŞ arasında təhlükəsizlik üzrə ikitərəfli müqavilə imzalayıblar. Həmin sənədə əsasən yaxın 10 il ərzində ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyi göstərəcək.

Bu, Ukraynanın imzaladığı 17-cı təhlükəsizlik müqaviləsidir və az öncə anoloji müqavilə Yaponiya ilə də bağlanıb. Ümumiyyətlə, prinsip etibarı ilə bu, Ukrayna üçün yeni bir şey gətirməyib. Belə ki, burada söhbət Ukrayna hərbi təhlükə qarşısında qalacağı təqdirdə ABŞ-nin bütün hərbi gücü ilə onun müdafiəsinə qalxacağından və ya amerikalı hərbçilərin yardıma yollanacaqlarından getmir.

Müqaviləyə əsasən irəlidəki 10 il ərzində Ukraynaya kimsə hücum edərsə, ABŞ ukraynalı hərbçilərin hazırlanmasına yardım göstərəcək, onlara silah yollayacaq, məsləhətlər verəcək və sair.

Təhülkəsizliklə bağlı bu cür müqavilə Ukraynanın NATO-ya üzvlüyünün hansısa əvəzləyicisi olmalıdır. Çünki belə görünür ki, Vaşinqtonda keçiriləcək sammitdə alyansa dəvət səslənməyəcək.

Elə ona görə də deyirlər ki, Ukraynanın NATO-ya daxil olması üçün onun ilk öncə müharibədə qalib gəlməsi lazımdır. Hərçənd ki, bunun həyata keçməsi üçün də Qərbin siyasi qərarı yoxdur. 

Əslində, bu müqavilədən Budapeşt memorandumunun iyi gəlir, necə ki, vaxtı ilə Ukrayna real nüvə silahının yerinə hansısa ikibaşlı təminat almışdı. Daha dəqiqi isə bizə dəstək olacaqlarına söz vermişdilər. Axı, memorandumda heç “təminat” sözü də yoxdur, orada yalnız ərazi bütövlüyünün və suverenliyin dəstəklənməsi nəzərdə tutulurdu. Bildiyimiz kimi, dəstək təkcə material yox, həm də mənəvi cəhətdən olur.
Bundan başqa biz bilirik ki, Budapeşt memorandumu Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilməmişdi. Elə Ukraynaya verilməsi nəzərdə tutulan maliyyə yardımı ilə təhlükəsizlik müqaviləsi də təxminən eyni vəziyyətdədir. Əgər gələn il ABŞ Konqresi maliyyə yardımının leyhinə səs verməsə, bu, risk yaradacaq.

Payızda Senat və Konqresin tərkibi əhəmiyyətli dərəcədə dəyişəcək və həm də ABŞ-nin növbəti prezidenti respublikaçı ola bilər. Tramp vəzifəsinin icrasına başlayana qədər müharibəyə son qoycağını deyir. Hüquqi nöqteyi-nəzərdən Tramp bu qərarı geri qaytara bilər, çünki təhlükəsizliklə bağlı müqavilə daha çox rəmzi məna daşıyır.

Həm də ki, Ukraynanın digər ölkələrlə imzaladığı müqavilələrlə müqayisədə məhz ABŞ ilə bağlanan müqavilə daha yayğındır. Yəni, Amerika Ukraynaya dəyişməz dəstəyini nümayiş etdirəcək, lakin bu dəstəyin səviyyəsi daxili siyasi problemlərə və ABŞ ilə Rusiya Federasiyası arasında qarşıdurmanın şiddətlənməsinə gətirib çıxaracaq həddə çatmamalıdır.

Hazırda biz Trampdan seçki qabağı heykayələr eşidirik, çünki məhz seçki dövrü həmişə seçicilərin qulağına xoş gələn və ən mürəkkəb problemlərin sadə həll yolları təklif olunur. Amma vəzifəyə gələn kimi başqa cür hərəkət edirlər. Yeri gəlmişkən, Ukraynaya real silah ilk dəfə 2018-ci ildə Tramp zamanı verilmişdi, bununla da o, hələ Obamanın hakimiyyəti dövründən sonra ölümcül silahlarla bağlı qeyr-rəsmi embarqonu pozmuş oldu.

Rusiya isə Trampa böyük ümidlərlə baxırdı. Ona görə də Trampın müqaviləni ləğv edə biləcyi ehtimalından danışarkən, onun komandasının konturları, yəni, rəsmi fiqurların adları açıqlanana (Pentaqon rəhbəri, Dövlət departametinin katibi, milli təhlükəsizlik müşaviri) qədər gözləmək lazımdır.
Bilindiyi kimi, ABŞ-də prezidentin ətrafı mühüm rol oynayır. Heç də düşünməyək ki, Tramp Kiyevi Moskvaya satacaq, axı, hər necə olsa, ABŞ-nin hansısa ağılsızlığa qarşı çoxlu qoruyucu mexanizmləri var.

Hər halda, əgər Tramp müqaviləni ləğv edərsə, onda ABŞ bütün dünyanın gözündə ucuzlaşar. Trampı istənilən qədər təcridçi adlandırmaq olar, hətta Respublikaçılar partiyasında bu yanaşma ilə razılaşmayanlar çoxdur, çünki təcridçi addım ABŞ üçün xoşagəlməz geosiyasi nəticələrə gətirib çıxarar və belə olan halda onların qlobal ambisiyaları puç ola bilər”.

Bizimlə əlaqə saxlayın