"Kim gəlib bizi xilas edə bilər?" - Koçaryan iblis obrazında, "Paşinyan isə xaindir"

27, 06, 21
20:30

"Kim gəlib bizi xilas edə bilər?" - Koçaryan iblis obrazında, "Paşinyan isə xaindir"


Ermənistanda Paşinyanın tam üstünlüyü ilə başa çatan seçkilər ətrafında müzakirələr səngimək bilmir. Siyasi analizlər, şərhlər, açıqlamalar hələ də medianın aktual mövzularından sayılır. Erməni bloger Miakel Badalyanın sosial şəbəkədə yayımladığı status da bu baxımdan maraqlıdır. Həmin statusun bir hissəsini oxucuların diqqətinə çatdırmaqla Paşinyanın niyə böyük üstünlüklə qalib gəlməsinə bir daha cavab tapacağıq.

Beləliklə, Badalyan yazır:

“Fevral-mart aylarında Moskvadan bir cavan oğlan gəlmişdi. O, israrla mənimlə görüşmək və danışmaq istədiyini bildirmişdi. Oğlan 18-20 yaşında gənc bir vətənpərvər idi, bütün ömrünü Ermənistandan kənarda yaşamışdı, amma həqiqətən Vətənə kömək etmək istəyirdi. Əlbəttə ki, Nikolun pis olduğunu başa düşürdü, amma aramızdakı dialoq çox mətləblərdən xəbər verirdi.

Erməni gənc – Paşinyan getməlidir, xaindir, etdiyi günahlara görə cavab verməlidir.

Mən – Bəli, doğrudur.

Erməni gənc – Mikael, de görüm bəs kim? Kim gəlib bizi xilas edə bilər? Yaxşı, bunun Koçaryan olmadığı aydındır, başqa kim var?
Mən – Niyə Köçəryan olmasın?

Erməni gənc – Yaxşı bəsdir, Mikael, hətta bir vətənpərvər kimi belə bir sual verməyiniz ayıbdır.

Mən – Bağışla, amma mənə ətraflı danış ki, səni düzgün anlayım və reaksiyanı tam başa düşüm.

Erməni gənc – Mikael, Koçaryan qatildir, oğrudur. Koçaryan şər-böhtan atan lider olub

Mən – Sirr deyilsə, kimləri öldürüb və nələri oğurlayıb?

Erməni gənc – Mikael, bunu bütün ermənilər bilir, çox sayda dəlil var, çox adam öldürüb və hər şeyi satıb.

Mən – Axı onun rəhbərliyi ilə ölkə iqtisadiyyatı böyük bir sürətlə böyüdü. Ermənilər bu müddətdə ölkələrinə niyə geri döndülər və getmədilər? Niyə bütün dünya Ermənistana hörmət göstərdi və bütün danışıqlarda gündəmi biz diktə edirdik?

Erməni gənc – Mikael, səndən çox məyus oldum, açıq-aşkar beynin yuyulub”.

Erməni bloger vurğulayır ki, şəxsən bu dialoq onun üçün çox böyük məna kəsb edir və sözün əsl mənasında bu dialoqda bütün suallara cavab var!

“Robert Koçaryan vəzifəsindən ayrılıb böyük siyasətdən ayrıldığı andan etibarən 2018-2020 və 2021-ci ildə gördüklərimiz üçün böyük hazırlıqlar başlandı. Böyük oyundakı ilk prioritet Robert Koçaryanın iblisləşdirilməsi idi. Bu, şübhəsiz ki, bütün bunlara heç bir şəkildə qarşı çıxmayan Koçaryanın özünün günahıdır”, – deyə bloger fikir yürüdür.

Amma unudur ki, Ermənistanın blokadaya alınması, rüşvətxor hakimiyyətin qurulması məhz onun “xidmətləri idi”. Məhz Koçaryan Moskvanın əlinə oynayırdı və elə qələmə veridi ki, guya Qarabağ münaqişəsində tutduğu mövqe erməni xalqının maraqlarını təmsil edir. Tarix sübut etdi ki, o və Serj Sarkisyan ciddi şəkildə yanılıb, erməni dövlətçiliyini məhv edən və Rusiyanın forpostuna çevrilən, dünyada rüsvay olan bir ölkəyə başçılıq ediblər.

Bəli, Koçaryan haqlı olaraq iblisləşdirilib. Nə qədər acı da olsa, Paşinyan erməni xalqına başa salmağa çalışır ki, Koçaryan-Sarkisyan rejimi satqın olub və rus imperiyasının əlində alət kimi öz rolunu oynayıb. Bu gün Müzəffər Ali Baş Komandanın başçılığı ilə 44 günlük müharibə nəticəsində işğal edilmiş torpaqlarımızın azad edilməsi və bununla da regionda yeni reallığın yaradılması erməni cəmiyyətini düşünməyə vadar etdi. Ermənistan yalnız qonşularla xoş münasibətlər yaratdıqdan sonra bir dövlət kimi inkişaf edə bilər. Bu ölkə Türkiyə və Azərbaycanla himayəçilərinin diqtəsilə faşist ideologiyası ilə yaşamaq istəsə, məhvə məhkum olacaq. Gündən-günə güclənən Azərbaycan qarşısında erməni dövlətçiliyi dağıla bilər. Levon Ter Petrosyan kimi erməni siyasətçiləri dəfələrlə bəyan edib ki, qonşularına nifrət, düşmənçilik Ermənistanın sonunu daha da yaxınlaşdıracaq.

Odur ki, Badalyan kimi blogerlər zəhmət çəkib Koçaryanın iblisləşdirilməsinin arxasında hansısa planların olub-olmadığını aydınlaşdırmasın. Əbəsdir. Erməni xalqı müharibənin nəticlərindən gördü ki, bu ideologiya xalqı, cəmiyyəti işığa doğru aparmır. Bu yolun sonu tam qaranlıqdır.

Bütün bunları erməni lobbisi də dərk edir. Blogerin dediyi kimi, rusların və Qərbdə Azərbaycanı sevməyən qüvvələrin şahmat oyunu pozuldu. Etiraf edək ki, Ermənistan bu müharibədə rüsvayçı şəkildə məğlub olsa da, Paşinyan millətin xilaskarı rolunda çıxış edir.

Bu baxımdan tam əminliklə deyə bilərik ki, Türkiyə, Azərbaycan, Pakistan, Böyük Britaniya, İsrail kimi müttəfiqlərin gücü ilə Qafqaz regionun bütün dünyada bir əməkdaşlıq simvoluna çevriləcəyini zaman göstərəcək. Ermənistan üçün bu mənada misilsiz şans yaranıb. Ona görə də mövcud geniş imkanları əldən verməklə erməni dövləti regionda xəritədən silinə bilmək təhlükəsini yaxşı anlayır. Əks təqdirdə digər qafqaz xalqları kimi dövlətçiliyini itirmək ermənilər üçün faciə olacaq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın