Separatçılardan Azərbaycana qarşı məkrli plan - əgər tələsməsək...

06, 03, 22
13:30

Separatçılardan Azərbaycana qarşı məkrli plan - əgər tələsməsək...

“Şeytan yuvası”nda “prezidentliyə namizədlər” Rusiya ilə razılaşdırılacaq? Erməni kriminal ünsürlər israrla iki ölkəni qarşı-qarşıya qoymağa çalışırlar; bəs Moskva bəyannaməsinin 1-ci və 18-ci bəndləri necə olsun...

Dünya Ukraynaya hərbi təcavüz səbəbindən qlobal təhdidlərlə üzləşdiyi bir vaxtda Qarabağda Rusiya hərbçiləri arxasında gizlənən erməni separatçılar öz miskin hərəkətlərindən əl çəkmirlər. Belə ki, “Hraparak” qəzetinin yazdığına görə, “şeytan yuvası” Xankəndində uydurma “konstitusiya islahatları” ilə bağlı işlər davam etdirilir.

“İslahat müəllifləri prezidentin istefası zamanı dövlət maşınının rəvan işləməsini təmin edəcək mexanizmlər tətbiq etmək istəyirlər”, - nəşr yazıb. Bildirilir ki, Qarabağ separatçıları 2023-cü ilin əvvəlində “parlament seçkiləri”, ondan sonra isə “prezident seçməyi” planlaşdırırlar.

“Namizədlər parlamentdə çoxluq təşkil edən siyasi qüvvələr, ilk növbədə Arutyunyanın ”Azad Vətən" və Daşnaksütyun Partiyası tərəfindən irəli sürüləcək", - deyə qəzet iddia edib və namizədlərin Rusiya tərəfi ilə razılaşdırılacağını (!) yazıb.

Qarabağda hansısa “dövlət maşını” varmış. Bu heç. Başqa bir absurda və həyasızlığın dərəcəsinə diqqət edin: ərazimizdə qanunsuz seçkilər keçirmək niyyəti azmış kimi, üstəlik, “prezidentliyə namizədlər” Rusiya ilə razılaşdırılacaqmış! Halbuki fevralın 22-də imzalanan Moskva bəyannaməsi ilə (bənd 1) şimal qonşumuz, Putin Azərbaycanın sərhəd toxunulmazlığını, ərazi bütövlüyü və suverenliyini rəsmən tanıdığını bir daha bəyan edib.
Virtual Qarabağ - Xankəndinin işğalından 28 il ötür
Həmin bəndi yada salırıq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Sənəddə separatçılıqla birgə mübarizə ilə bağlı bənd də var (18). Orada isə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Anlaşıldımı? Bu öhdəliklər artıq qüvvəyə minib. Demək, Rusiya hərbi kontingenti 10 noyabr 2020-ci il üçtərəfli sənədi də əsas götürməklə, Qarabağ anklavında istənilən separatçı hərəkətliliyin qarşısını almağa borcludur - qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi də daxil olmaqla! Çünki bu, Rusiya dövləti adına götürülən öhdəliklərdir və altında Putinin imzası var...   
   

Əlbəttə, “namizədlərin Rusiya ilə razılaşdırılması” hoqqası ən əvvəl separatçı-kriminal qalıqlarının “Dəmir yumruq”dan bərk qorxması ilə bağlıdır. Onlar yaxşı bilirlər ki, Bakı bir daha orada qondarma seçki keçirilməsinə imkan verməyəcək və lazım gəlsə, güc tətbiq edəcək. O səbəbə bu yolla indidən növbəti seçki tamaşası üçün zəmanət almağa, Moskvanı “oyuna” soxmağa çalışırlar.

Rusiya, onun sülhməramlı kontingenti isə əlbəttə ki, belə zəmanəti heç vaxt verməz. Verə bilməz. Əsas səbəbi dedik: Qarabağ Rusiya ərazisi deyil və bunu Putin də dəfələrlə bildirib. Yəni oradakı ermənilər bizim vətəndaşlardır. İkincisi, 10 noyabr kapitulyasiya aktı da belə bir haqqı nə Rusiya tərəfinə, nə də separatçılara tanıyır.

Başqa sözlə, “anklav”da seçkilər yalnız Azərbaycan qanunları əsasında, Bakının razılığı ilə baş tuta bilər. O da yerli özünüidarə orqanlarının yaradılması üçün bələdiyyə və ya gələcəkdə mer seçkiləri şəklində. Odur ki, separatçılar boşuna “dövlətçilik” imitasiya ilə məşğul olmasınlar. Yoxsa saxta “seçkilərdə” səs vermək üçün erməni seçicisi tapmayacaqlar. 2023-cü ilə kimi Ermənistan kimi, anklav da boşalacaq.

Bu köçü görünməmiş sanksiyalarla üzləşən Rusiya önləyə bilməz. Çünki bir azdan o yalnız, öz hayında, öz “dərisinin xilası” hayında olacaq, Ermənistanın və separatçıların yox. Yeri gəlmişkən, Ermənistan İqtisadiyyat Nazirliyi bu arada Rusiya-Ukrayna münaqişəsi fonunda ölkənin ərzaq təhlükəsizliyi baxımından ciddi problemlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Ermənistan boşalır | Alpaninfo
“Azərbaycan Reallığı" xəbər verir ki, News.am-ın müxbiri ilə bu barədə danışan iqtisadçı Vardan Bostancyan buğdanın 30-40% və ya daha çox bahalaşa biləcəyini söyləyib. “Rusiyaya qarşı sanksiyaların Ermənistana təsiri qaçılmazdır. Vəziyyətin yumşaldılmasına gəlincə, müəyyən addımlar atıla bilər, lakin istənilən halda çətinliklərdən qaçmaq mümkün olmayacaq. Biz kəmərlərimizi daha da sıxmalı olacağıq. Daxili imkanlar yoxdur. Bu, o zamanlar deyil. Nə vaxt ki, ehtiyatlarımız var idi. Bu məsələdə çox həssas durumdayıq. Çətinliklər təkcə taxılla deyil, həm də xaricdən gətirilən bir çox digər zəruri mallarla bağlı olacaq. Vəziyyəti ağırlaşdıran həm də  rublun devalvasiyasıdır. Bu da öz növbəsində Rusiyadan köçürmələr şəklində gələn pulların həcmini kəskin şəkildə azaldır”, - deyə erməni iqtisadçı-ekspert həyəcan təbili çalıb...

Azərbaycanın heç olmasa, təbii resursları var. Neft-qazımızın qiyməti də pis deyil. Həmçinin güclü ordumuz öz yerində. Bədbəxtlər, bəs sizin nəyiniz var və kimə, nəyə güvənirsiniz?..

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın