Qarabağda yeni SİTUASİYA: Rusların əl-qolu bağlanır

02, 04, 22
15:00

Qarabağda yeni SİTUASİYA: Rusların əl-qolu bağlanır


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vasitəçiliyi ilə Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib. Qarabağdakı son eskalasiyadan sonra Bakı ilə İrəvan arasında bu səviyyədə gerçəkləşən ilk görüşdür. 

Aprelin 6-da isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşəcəyi, Avropa Şurasının prezidenti Şarl Mişelin də bu görüşdə iştirak edəcəyi gözlənilir. Çox güman ki, burada 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında həyata keçirilməyən bir sıra məqamlar və bunların reallaşması perspektivləri müzakirə olunacaq. Təbii ki, qarşıdan gələn Hacıyev-Qriqoryan və Əliyev-Paşinyan görüşləri maraqlıdır, xüsusən də bunu Rusiya-Ukrayna qarşıdurması fonunda nəzərdən keçirsək... 

Rusiya-Ukrayna danışıqlarının hazırkı vəziyyətinə gəldikdə isə yaxın vaxtlarda atəşkəsin əldə olunacağı və nizamlanmanın siyasi-diplomatik mərhələsinin başlayacağı istisna edilmir. Aydındır ki, Ukraynanın hərbi kampaniyasından sonra Rusiya həm Qərbə, həm də Cənubi Qafqaza münasibətini dəyişəcək.

Ermənistan-Azərbaycan münasibətlərindəki son proseslərə həmin perspektiv baxımından nəzər salanda məlum olur ki, həm Brüssel, həm Bakı, həm də İrəvan bütün bunları yaxşı anlayıb və Ukraynada topların susdurulacağı andan etribarən yeni reallığa uyğunlaşmaq üçün manevr etməyə çalışırlar.  Avropa Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ məsələsinin həlli ilə bağlı prosesləri sürətləndirməyə çalışır, çünki Cənubi Qafqaz ilk növbədə, enerji dəhlizidir və bu dəhliz vasitəsilə Rusiyanın enerji mənbələrinə alternativ tapa bilər. Bu, Avropa üçün həyati əhəmiyyət kəsb edən məsələdir, çünki yaxın gələcəkdə Rusiya qazının tədarükünün dayandırılması təhlükəsi yarana bilər. İndi Avropa üçün çox vacibdir ki, heç bir şəraitdə Qarabağda vəziyyətin gərginləşməsinə imkan verməsin.

Bunu nəzərə alsaq, Avropanın özünü regional təhlükəsizliyin təminatçısı kimi təqdim etməyə çalışdığını güman etmək olar. Yəqin ki, aprelin 6-da keçiriləcək görüş zamanı bu, təklif olunacaq. Müəyyən həll yollarının təklif ediləcəyi, məsələn, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin digər ölkələrin qoşunları ilə tamamlanacağı ehtimalı da istisna edilmir. Bu, Qərb üçün vacibdir, çünki onlar belkəliklə, rusların əl-qolunu bağlayacaq. Bütün bunlar İrəvan və Bakı üçün yeni imkanlar aça bilər. Amma rəsmi İrəvan burada ağılla hərəkət etməlidir və Bakının “damarına basmamalıdır”. Onu da qeyd edim ki, Rusiyanın ənənəvi olaraq üstünlük təşkil etdiyi regionlarda mövqeyinin zəifləməsi Brüssel üçün də vacibdir.

Bu kontekstdə İrəvan ölümcül macəraya qapılmamaq üçün hər hansı bir addım atmazdan əvvəl çox ciddi düşünməlidir. Zaman da, məkan da onun əleyhinədir. Əvvəlki illərdə buraxılmış səhvlərin nəticələrinin necə ağır olduğunu heç kim bilməsə də, İrəvandakılar yaxşı bilir...

Rafi MÜSLÜMOV

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın