Dünən qəhrəman idi, bu gün posterləri yandırılır - Qasım Süleymani müəmması

13, 01, 23
19:00

Dünən qəhrəman idi, bu gün posterləri yandırılır - Qasım Süleymani müəmması


“İranda keçirilən aksiyalarda liderlərin şəkillərinin yandırılması ona görədir ki, aksiyanın əsasında İranın təməl prinsiplərinə qarşı mübarizə dayanır. Yəni İran hakimiyyətinin tətbiq etdiyi təməl prinsiplər İran cəmiyyətinin azadlığını məhdudlaşdırır. Bu nədir? Hicab. Hicab sərbəst deyil, məcburidir. Məcburi məsələ isə azadlığı məhdudlaşdırır. Deməli, hakimiyyətinin tətbiq etdiyi hicab qaydası İran cəmiyyətinin azadlığını məhdudlaşdırır. İran cəmiyyəti hicaba qarşı çıxır”.  

Bu sözləri açıqlamasında iranşünas Sədrəddin Soltan deyib. 

O, uzun müddətdir İranda davam edən etiraz aksiyalarında İranın Ali Dini Liderləri Ayətulla Ruhulla Xomeyni və Ayətulla Seyid Əli Xameneinin portretlərinin yandırılması ilə yanaşı İran İnqilabı Keşikçiləri Korpusunun Qüds qolununun qətlə yetirilmiş komandanı Qasım Süleymaninin də portretlərinin yandırılması məsələsinə münasibət bildirib. 

S.Soltanın fikrincə, İranda azadlığı məhdudlaşdıran amil təkdir: 


“Ayətulla Ruhulla Xomeyninin lideri olduğu siyasi-dini idealogiya. Deməli, ona görə də Ruhulla Xomeyninin portreti yandırılır. Hazırda isə Xomeynidən qalma ideyanı həyata keçirən kimdir? İranın Ali Dini Rəhbəri Ayətulla Seyid Əli Xamenei. Eləcə də bu ideyanı həyata keçirənlərdən ən başlıcası Xamenei olduğu üçün onun da şəkilləri yandırılır və ona qarşı şüarlar səsləndirilir. “Diktatora ölüm!”, “Bu rejim batildir, Xamenei qatildir!” şüarları verilir”. 

İndi isə gələk SEPAH-ın Qüds qolunun öldürülmüş komandanı Qasım Süleymani məsələsinə. Qasım Süleymani kimi təmsil edib? SEPAH-ı. Ölkədəki etiraz aksiyalarına divan tutub 520-dən çox etirazçını öldürən kimdir?

İranın hərbi polis rejimi. Bu hərbi polis rejiminə bəs kimlər daxildir? İran İnqilabı Keşikçiləri Korpusu – SEPAH, onun yarım hərbi və sosial bazası sayılan “Bəsic”, polis qüvvələri və başqa məlum olmayan qüvvələr. Ona görə də simvollaşdırılmış bir obraz, habelə İran rejiminin ideallarından olan, cəmiyyətə sırınan general Qasım Süleymaninin də posterləri bu səbəbdən yandırılır. Yəni cəmiyyətin SEPAH-a, eləcə də rejimin hərbi polis qüvvələrinə etirazı olaraq, general Qasım Süleymaninin posterləri yandırılır. O, harada fəaliyyət göstərirdi? İraq, Suriya, Yəmən və İranın maraqlarını müdafiə etdiyi bir sıra digər ölkələr. Qasım Süleymani həmin ölkələrdə azadlıqları boğurdu”, – əlavə edib. 

İranşünas söyləyib ki, bu gün İran hakimiyyəti onu ölkə cəmiyyəti üçün simvollaşdırıb: 


“Yəni Xomeyni, Xamanei və Süleymani İran rejiminin simvollarından olduğu üçün cəmiyyət də məhz o simvollara qarşı etiraz edir və onu yandırır. Yəni yandırılanın kim olmağından asılı olmayaraq, onlar Tehran hakimiyyətinin simvollarıdır. İndiki məqamda bu 3 nəfərin simvol kimi İranın hər yerində posterləri mövcuddur. Məqsəd isə bu posterləri yandırmaq deyil, məqsəd İran rejiminin qaydalarına qarşı çıxmaqdır”. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın