“PRİQOJİN MOSKVADA SƏRBƏST HƏRƏKƏT EDİR” - Rusiyada yeni hərbi qiyamın anonsu verildi

03, 07, 23
12:55

“PRİQOJİN MOSKVADA SƏRBƏST HƏRƏKƏT EDİR” - Rusiyada yeni hərbi qiyamın anonsu verildi


“Əgər Prezident təkcə özünü və ətrafını yox, dövləti də düşünsəydi, o zaman heç vaxt ölkəni məhvin astanasına gətirən çıxışı(qiyamı) cəzasız qoya bilməzdi. Çünki o, bununla özünün tam gücsüzlüyünü nümayiş etdirir”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Donbas separatçılarının sabiq lideri, sabiq FTX polkovniki, hazırda isə Rusiyadakı ultramillətçilərin, şovinistlərin ruporuna çevrilmiş İqor Strelkov(Qirkin) son verilişində söyləyib.

Açıq mətnlə Vladimir Putini və ətrafını təhqir edən Qirkin Rusiyaya rəhbərlik edənləri “onurğasız həşaratlar” adlandırıb. O, Rusiyanı yeni qiyamlar gözlədiyini də bildirib: “Bizim hakimiyyət Priqojinin qiyamı zamanı özünü necə apardı? Onlar hamısı Moskvadan əkildilər. Prezident də daxil olmaqla, hamısı! “Rosqvardiya”nın komandiri Zolotov (“Rosqvardiya”nın başçısı, general Viktor Zolotov-red.) əkildi, Medvedev hara yoxa çıxdısa, bilinmədi. Deyirlər o, qaçmamışdı, çünki hədsiz dərəcədə kefli idi. Bilmirəm. O, nə görünürdü, nə də eşidilirdi. Çoxları qaçdı. Mənim bildiyimə görə, Moskvada yalnız FTX-nın rəhbərliyi qalmışdı... 

Hər şey tükdən asılı vəziyyətdə qalmışdı və hakimiyyət bu qiyamdan heç bir lazımi nəticə çıxarmadı. O, (Putin) göstərdi ki, belə etmək olar. Yoxlayın uşaqlar, bir də yoxlayın. Əgər alınmasa da, sizə heç bir təhlükə yoxdur. Çünki mən onurğasız həşaratam və məni şələ-küləmi də yığışdırıb Sankt-Peterburqa qaçmağa vadar edən şəxsi cəzalandıra bilmirəm... Siz orda(Kremldə) təmiz(söyüş söyür) başınızı itirmisinizmi, dostlar? Mən bilirəm ki, sizin heç vaxt beyniniz olmayıb, olanı da ağ tozla(narkotik) xarab etmiziniz. Siz faktiki olaraq, növbəti qiyamlara təhrik edirsiniz. Elə bilirsiniz bununla hər şey bitəcək? Bütün ordu sizə nifrət edir. Bütün ordu Şoyquya, Gerasimova nifrət edir”.

Bu hissədə bir məqam diqqət cəlb edir. Strelkov qiyam günü Moskvada yalnız FTX rəhbərliyinin qaldığını iddia edir və bunu xüsusi olaraq qabardır. Bununla da Strelkov özünün Kremlin hansı “qülləsinə” xidmət etdiyini göstərmiş olur...

Strelkov deyib ki, Priqojin hazırda asanlıqla, sərbəst şəkildə Sankt-Peterburqda, Moskvada hərəkət edir: “Qiyamın başçısı heç bir xəsarət almadı. Bu gün(dünən-red.) səhər o, Sankt-Peteburqda idi, dünən və srağagün isə Moskvada. Bu, nonsensdir, tarixdə belə bir şey olmayıb. Tarixdə olmayıb ki, qiyama rəhbərlik edən şəxs asanlıqla ölkəyə qayıtsın, burada sərbəst hərəkət etsin və heç kim buna fikir verməsin”.

Strelkov xatırladıb ki, Priqojinin Moskvaya doğru hərəkəti zamanı Putin və ətrafı paytaxtı qoyaraq, qaçıblar. O, əlavə edib ki, növbəti qiyamda da qiyamçıların qarşısına heç kim çıxmayacaq: “Əgər ordu Moskvaya getsə, elə bilirsiniz Moskvadan əkilən Zolotov ordunu dayandıracaq? Bu dəfə(ordu) ona görə Priqojinlə birgə getmədi ki, cənab Priqojinin orduda nüfuzu yoxdur. Çünki o, ordunun ünvanına çox şey (söyüş söyür) söyləyib... Siz (hakimiyyət) vəziyyəti o həddə çatdıracaqsınız ki, hərbçilər “bezdik, bəsdir” deyəcəklər”.

Bəli, bu gün görünən odur ki, Priqojinin Putinə vurduğu zərbəni son 20 ildə bütünlükdə Rusiya müxalifəti, Qərb, hətta hazırda davam edən müharibədə Ukrayna da vura bilməmişdi. 2022-ci il fevralın 24-də yekəxana, özündən razı, ədalı görkəmi ilə Ukraynaya qarşı işğal əməliyyatını elan edən, Qərbi hədələyən Putini bu gün Rusiyada az qala aşağılamayan, təhqir etməyən qalmayıb. Görünür, bu da “hər şey plan üzrə gedir” deyən Putinin “planlarına” uyğundur... 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın