Ermənistan Azərbaycan əleyhinə silahlandırılır - ŞOK gəlişmə və səbəblər

28, 07, 23
14:00

Ermənistan Azərbaycan əleyhinə silahlandırılır - ŞOK gəlişmə və səbəblər


İrəvan sülh deyir, amma müharibəyə hazırlaşır; Mirzoyanın Moskvadakı üçlü görüş ərəfəsi Tehrana uçmasının daha bir motivi; Bakı-Ankara tandemi məkrli oyunların hamısını pozacaq...

Ermənistanın baş naziri Nikol Paşinyan öz ampluasındadır. Srağagün yenə də sülhdən, bütün dünyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından, qonşularla əlaqələri təcili  normallaşdırmağın vacibliyindən gen-bol danışdı, əks halda hətta “gələcəyimiz yoxdur” dedi. Bəs Paşinyanın Bakının Qarabağ qələbəsini etiraf etməsi, Qarabağla bağlı etirafları nə anlamı verir? Axı praktikada bu sülhpərvərliyin real təsdiqini görmürük.

Məsələ də ondadır ki, rəsmi İrəvan Bakı ilə sülh oyunbazlığı fonunda altdan-altdan silahlanmağa davam edir. Son məlumatlara görə, Ermənistan İran üzərindən Hindistandan silah-sursat daşıyır. Bu barədə “Caliber” videogörüntü yayıb. Bildirilir ki, silah daşıyan yük maşını karvanının keçdiyi ərazi İranın Nurduz sərhəd-keçid məntəqəsidir.

Xatırladaq ki, İran da Ermənistanın silahlanmasında maraqlı olan ölkələrdəndir. Hələ ötən ilin oktyabrında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanı, İranın dini liderinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirmişdi ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 22 ölkə rəsmi müraciət edib və onların arasında Ermənistan da var. Laçın yoluna nəzarətimizin zəif olduğu zamanlarda cənub qonşumuzun zərbə dronlarından Qarabağa keçirdiyi haqda da informasiyalar var.

Kapitulyant ölkənin müdafiə naziri Suren Papikyanın ən çox səfər elədiyi ölkələr isə Hindistan, Fransa və İrandır (az öncə Fransa Ermənistana 50 zirehli transportyor göndərib). Bu da əsla təsadüfi deyil ki, Hindistandan Ermənistana növbəti silah partiyasının göndərilməsi xarici işlər naziri Ararat Mirzoyanın Moskvadakı üçlü görüş ərəfəsi Tehrana səfərindən (24 iyul) cəmi bir gün sonra üzə çıxıb.

Beləcə, aydın olur ki, Ermənistana hələ işğal dövründən hərtərəfli kömək edən qonşu İran kapitulyant ölkənin silahlanması üçün həm də tranzit rolunu oynayır. Şübhə yox ki, Ermənistan Azərbaycana qarşı silahlandırılır. Ancaq buna da şübhə yox ki, Bakı neçə vaxtdır İrəvanla sülh müqaviləsi ətrafında danışıqlar prosesini bu yolla sabotaj edən paytaxtları peşman edəcək, onların cəhdləri və planları boşa çıxacaq!

Əvvəla, Ermənistan silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq üçün yetərli maddi, texniki və insani resursa nalik deyil. İkincisi, ölkəmizin qardaş Türkiyə ilə hərbi müttəfiqliyi durmadan güclənir. Azərbaycan Ordusunun Türkiyə (NATO) tipli orduya keçidi uğurla davam etdirilir. Bu da isti fakt.

İyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında ""Su-25" modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi" keçirilib. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsindəki təyyarələrə Türkiyə istehsalı olan “ağıllı bomba” və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

Bu fakt özəlliklə İrəvana və onu hərbi cəhətcə ayaq üstdə qoymağa çalışan Hindistan kimi ölkələrə daha bir ciddi siqnaldır.

Bu yerdə yada salaq ki, 44 günlük müharibədən az sonra Hindistan Ermənistana 400 milyon dollar civarında silah satmaqla bağlı saziş imzalayıb. Artıq Prezidentin köməkçisi Hikmət Hacıyev Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb. Azərbaycanın narazılığını ona çatdırıb. Qalır nəticəni gözləmək...

Abdullah Ağar

Aydındır ki, sülh istəyən ölkə öz kasıb əhalisinin boğazından kəsib silahlanmaya yönəltməz. Ermənistanın 2023-cü il üçün hərbi xərcləri isə rekord həcmdə - 1 milyard dollardan çox müəyyən edilib. Görəsən, bütün bu reallıqların fonunda Nikol Paşinyan nədən vaxtaşırı nala-mıxa vurur, olduğu kimi görünə bilmir? Onun “sülh göyərçini” obrazında oyunbazlığı nə vaxt bitəcək?

Türkiyəli tanınmış hərbi ekspert Abdullah Ağara görə, Paşinyan həm diasporun, həm Rusiyanın, həm Avropa Birliyinin, həm ABŞ-ın, həm də İranın fərqli dövrlərdə artıb-azalan təsirləri, istiqamətləndirmələri, manipulyasiyaları ilə qarşı-qarşıyadır və bununla bağlı bəzi ziddiyyətli açıqlamalar verməsi də normaldır.

“Belə ki, daha əvvəl atəşkəslə bağlı razılaşma imzalanmadığı üçün hər zaman bir müharibə riskinin olduğunu deyən Nikol Paşinyan indi beynəlxalq hüquq normaları baxımından Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu etiraf edir. O, ifadə etdiyi bu ən son və ən doğru fikirlə bağlı hər hansı addım atmaq qətiyyətini göstərə biləcəkmi, bunu görəcəyik”, - deyə Abdullah Ağar qeyd edib.

İstefada olan general-leytenant İsmail Hakkı Pekin bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı müsbətyönlü fikirlər artır və Türkiyənin, eləcə də Azərbaycanın və Ermənistanın bunu dəyərləndirməsi lazımdır. “Tək qorxum ABŞ-nin və İngiltərənin öz mənafelərini ortaya qoyaraq bu işin pozulmasına gətirib çıxara biləcək bəzi təkliflər irəli sürmə ehtimalıdır”, - deyə İsmail Hakkı Pekin vurğulayıb.

Maraqlıdır, görəsən, söhbət ABŞ və İngiltərənin hansı təkliflərindən gedir?

Bunu da görəcəyik. Bir şey dəqiqdir ki, Bakı danışıqlar naminə danışıq aparmaq niyyətində deyil. Bunu ən əvvəl rəsmi İrəvan anlamalıdır. Çünki Azərbaycan qalib və diktə edən tərəfdir, şərt qəbul edən tərəf yox! Qeyri-ciddi danışıqların alternativi isə müharibədir. Bu dəfə Ermənistan ərazisinə “sıçrayacaq” müharibə.

Odur ki, İrəvan nə qədər gec deyil, seçimini düz eləməli, sülhdən dəm vurub özünü “müharibə partiyası” kimi aparmaq praktikasına, siyasi riyakarlığa son qoymalıdır... 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın