Yağıntılar davam edəcək: Külək güclənəcək, şimşək çaxacaq, leysan yağacaq

24, 06, 24
17:00

Yağıntılar davam edəcək: Külək güclənəcək, şimşək çaxacaq, leysan yağacaq

Bir neçə gündür ki, bölgələrdə qeyri-sabit hava şəraiti hökm sürür. Bu isə həm sakinlərə, həm də fərdi təsərrüfata ciddi ziyan vurur. Yay fəslində havanın belə dəyişkən keçməsi isə müzakirələrə səbəb olub. Maraqlıdır, havanın belə keçməsinə səbəb nədir? Bu vəziyyət nə vaxtadək davam edəcək?  

Meteoroloq Cavid Hüseynov bölgələrdə hökm sürən hava şəraiti ilə bağlı danışıb: 

"Hazırda müşahidə olunan qeyri-sabit hava respublikamızın ərazisinin termobarik şəraiti ilə əlaqədardır. Şimal dənizləri üzərindən Qafqaza və Xəzər dənizi üzərinə sərin hava kütlələrinin daxil olması dəyişkən sinoptik hava şəraitinin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də yaxın bir neçə gün ərzində ölkə ərazində konvektiv buludluluğun, güclü külək və şimşəklə müşaiyət olunan leysan yağıntıların, bəzi ərazilərdə isə dolu hadisəsinin müşahidə olunacağı gözlənilir”. 

Meteoroloq havanın qeyri-sabit keçməsinin səbəbini isə belə açıqlayıb: 

“Azərbaycanın cografi mövqeyi, relyefinin makro və mezoformalarının paylanması xüsusiyyətləri, hipsometrik vəziyyəti, Xəzər dənizinin daha dərin hissələri ilə qonşuluğu və il ərzində bütün istiqamətlərdən müxtəlif fiziki xassəli hava kütlələrinin daxil olması çox mürəkkəb külək rejiminin yaranmasına səbəb olur. Yayda Qafqaz və Xəzər dənizi üzərində baş verən atmosfer prosesləri, əsasən qərb və cənub barik mərkəzlərinin təsiri altında və yerli şəraitdə  hava kütlələrinin transformasiyası nəticəsində baş verir”.

Bizimlə əlaqə saxlayın