Ağıllı qantellər

29, 04, 21
09:43

Ağıllı qantellər

Dünən 28 aprel - Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ildönümüydü, ancaq kommunistlərimiz bu bayramlarını sönük qeyd elədilər. Axı indi onlar müstəqillik fədailərinə, azadlıq carçılarına çevrilmişlər. Sovet hökumətini son nəfəsinə qədər müdafiə edənlərdən sonralar “İstiqlal” ordeni alanlar da olmuşdur. Hər halda, biz qapalı bir çevrənin içindəyik. Hara getsək, “28 aprel”ə gəlib çıxırıq.

YAP-ın MSK üzvlüyünə namizəd olaraq yenidən Məzahir müəllimə ehtiyac duyması aparılan islahatların ən inqilabi təzahürlərindən biridir. Atalar demişkən, imam şaftalı ağacı deyil ki, hər yerdə bitsin. Beləsini yetişdirmək, ərsəyə gətirmək üçün yüz illər lazımdır. Məsələn, siz MSK-nın iclaslarında seçkidən narazıların çıxışlarına Məzahir müəllimin münasibətini görmüsünüz? O qədər sakit, laqeyd cavablar verər, şikayətçilərin ağzı əyilər. İstədiyin qədər əsəbləş, lap başını divara vur, Məzahir müəllimin tükü tərpənməz.

Həmçinin əhali təəccüblənir ki, Şəmkir icra hakimiyyətində əməliyyat olur, lakin Alimpaşa müəllimi tutmurlar. Bəlkə onu nazir qoyacaqlar? Ayrıca nazirlik də yaratmaq olar: APN. Yəni Alimpaşa Nazirliyi. Elə qışqıran adamı bir də haradan taparıq? Təkcə Hüseynbala müəllim kimi sığallayanlar bəs eləmir, Alimpaşa müəllim kimi qışqıranlar da lazımdır. Ölünü özbaşına qoymaq olmaz.

Keçən ilin dekabrında fərmanla bir topa dövlət idarəsi İnvestisiya Holdinqinin tərkibinə verildi. İki gün qabaq isə idarələrdən 5-6 dənəsi təzədən holdinqdən çıxarılıb dövlətə qaytarıldı. Bu ötən aylarda, görəsən, nə oldu ki, misal üçün, “Bakinternet”in başına bu oyunlar gəldi? Uca millətimiz belə əsrarı qanmaz. Bunlar hamısı dövlət sirləri, məxfi məsələlərdir. Bəlkə vaxtı çatanda hamısını bizə deyəcəklər, bəlkə heç vaxtı çatmadı. Yadınıza gəlirsə, “hər şeyin zamana ehtiyacı var” söhbəti aktual olmuşdu. Əslində nə qədər az bilsən, adamın, o cümlədən millətin başı az ağrıyır. Fikirləşməkdən bizə xeyir gəlməz. Yüz fikir bir borcu ödəməz.

Ancaq Zəngilanda salınacaq ilk “Ağıllı kənd” projesinin videotəqdimatı mənim çox xoşuma gəldi. Doğrudur, bir az Hacı İbrahimin “Xəzər adaları”nı xatırladırdı, lakin kim istəməz yaşadığı kənddə velosiped yolu, Günəş enerjisi paneli, dronla bostanı suvarma, nə bilim, camışların internetlə sağılması kimi mütərəqqi üsullar olsun? Hamımıza lazımdır. Palçıqlı yollar, plansız tövlələr, mələşən qoyunlar... Bunlar arxaizmdir, bizim müstəqilliyimizə yaraşmır. Lakin Ağalıda qurulan ilk ağıllı kənddə seçki məntəqəsi, icra nümayəndəliyi, sahə müvəkkilinin otağı necə olacaq, bunlar videodan anlaşılmırdı. Halbuki çox vacibdir. Orada çalışacaq icra nümayəndəsi axı necə bilməlidir ki, rüşvəti alanda hara qoyacaqdır? Aldın qoydun Günəş panelinin altına, orada pul istidən yandı, külə döndü. Yaxud kəndə bələdiyyə seçirsən, smart-qutudan birdən marsiançiklər çıxdı? Hələ ağıllı kənddə hansısa axmaq məmurlar ola bilər, bunları tutmaq üçün gələn prokurorluq və DTX zəhmətkeşləri velosiped yollarından istifadə etməlidirmi? Yoxsa, sən ağa, mən ağa, inəkləri kim sağa? (Ağalı kəndinə görə bütün misallarımızda ağa sözü işlətməliyik).

Sonda bir müşahidəmi də bölüşüm. Dövlət başçısının 20 kiloluq qantellərlə idman hərəkətləri göstərməsi çox yaxşıdır, zəhmətkeşlərimizi qürurlandırmaqla yanaşı, sağlamlığa diqqəti artırır, ancaq eyni gündə hüquq-mühafizə orqanları Bakıda bir “gizli”, yeraltı (adı da “Andeqraund” olan) idman salonundan 62 nəfər birdən tutub cərimələdilər. Qanun qarşısında hamı bərabərdirsə, vətəndaş niyə idman eləyə bilmir? Yoxsa artıq bizə daş qaldırmağı qıymırlar?


Zamin HACI 

Azerbaycanreallgi.com

Bizimlə əlaqə saxlayın