“At kimi üzə dururlar” - Generalın məhkəməsində şok faktlar açıqlandı

03, 12, 23
10:30

“At kimi üzə dururlar” - Generalın məhkəməsində şok faktlar açıqlandı

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, dekabrın 1-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Rafael Xələfov ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik rütbəsində olub.

Prosesə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətindən əldə olunan məlumata görə, Rafael Xələfovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ayrıca icraatda cinayət işi davam etdirilir. Rafael Xələfov təqsirləndirilən şəxs qismində barəsində cinayət işi aparılır və bu səbəbdən o, bu məhkəmədə də təqsirləndirilən şəxsin hüquqlarından istifadə olunmaqla ifadə verir.

Daha sonra ifadəsinin davam etdirən Rafael Xələfov ibtidai istintaq zamanı verdiyi ifadələrini təqsidləyib. O bildirib ki, maliyyə məsələləri ilə bağlı hərbi hissələrdə təftişlər həyata keçirib və plan hazırlayıblar.

Prokurorun suallarını cavablandıran Rafael Xələfov bildirib ki, işlədikləri qurumda maliyyə mənimsəməsinə yol veriblər. Bütün göstərişləri idarə rəisi Nizami Məmmədovdan alıblar: “Biz bu qaydada işləmişik. Bu da 2018-2021-ci illəri əhatə edib. Maliyyə idarəsinə ayrılan pullar hərbi hissələrə paylanılıb, həmin vəsaitlərin 20 faizi geri alınıb. Bu isə idarədə bir qayda olub. Qaydaları idarə rəisi qoyub. Heç kim buna etiraz etməyib”.

Rafail Xələfov bildirib ki, 2021-ci ildə hərbi hissələrdən birində 1 milyon 700 min manat yeyinti aşkar olunub. Onun sözlərinə görə, təftiş aparan Teymur Teymurov Təlim Tədris Mərkəzində 470 min manat yeyintiyə yol verilməsini müəyyən edib. Hər iki faktla bağlı toplanan pullar Nizami Məmmədova verilib.

O bildirib ki, Mərkəzi Klinik Hospitalında 2019-2020-ci illərdə aparılan təftiş zamanı aşkar olunan vəsait də Nizami Məmmədova çatdırılıb.
Rafael Xəlilovun sözlərinə görə, istintaq zamanı Nizami Məmmədov və Bayram Bayramovla üzləşdirilməsi olub.

Tərəfləri suallarını cavablandıran Rafael Xələfov bildirib ki, istintaq dövründə 4 milyon 100 min manat dövlətə maddi ziyan vurması müəyyən edilib və həmin məbləğdə dəymiş ziyan onun tərəfindən tam ödənilib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran Rafael Xələfov deyib ki, 4 milyon 180 min manat tərəfindən ziyan vurulmasını etiraf edib.

Vəkilin sualına cavab verən Rafael Xələfov qeyd edib ki, istintaq dövründə onun bir neçə nəfərlə üzləşməsi olub: “İndi heç kim boynuna almır. Gəlib deyirlər ki, bu pulları Rəfael, Nizami mənimsəyib. Amma heç kəs öz etdiyini demir. At kimi adamın üzünə dururlar”.

Rəşad Mirmehdizadənin “20 nəfərlə üzləşmən olub, sizə böyük məbləğlərdə pullar verilib, həmin pullarla bağlı rəhbərliyə məruzə etməmisiz?”
 sualına Rafael Xələfov belə cavab verib: “Bütün vəsaitlərlə bağlı Nizami Məmmədova məruzə etmişəm”.

Təqsirləndirilən şəxslər – Cəlal Kazımov, Bayram Bayramov və Vüsal Əlizadə də Rafael Xələfova pul verdiklərini deyiblər.

Vüsal Əlizadə deyib ki, Rafael Xələfova 10 min manat verib. Bu faktı etiraf edən Rafail Xələfov deyib ki, hansısa bayramda Vüsal Əlizadə ona 10 min manat verib: “Vüsal Əlizadə pulu stolun üstünə qoydu. Mən də götürdüm. Bunu idarə rəisinə məruzə etmədim. Bayramda, ad günlərində hədiyyələr verilirdi, bunun məruzə olunması üçün əsas yox idi. İstintaq dövründə həmin vəsaiti də etiraf etdim və ödədim”.

Daha sonra Cəlal Kazımovla Rafael Xələfov arasında mübahisə yaranıb. Cəlal Kazımov deyib ki, onun tərəfindən pullar Rafael Xələfova verilsə də, Rafael Xələfov bunu etiraf etməyib. Bu zaman Cəlal Kazımov onu ittiham edib: “Deyirsiz ki, gəlib etiraf etmirlər, at kimi üzə dururlar. Sizin özünüz də burada at kimi üzə durursuz”.

Rafael Xələfov isə Cəlal Kazımovu yalan danışmaq da ittiham edib. Bildirib ki, Cəlal Kazımov baş qərargah rəisi Nəciməddin Sadıkovun otağına sərbəst girib-çıxanlardan biri olub.

Daha sonra suallara cavab verən Rafael Xələfov deyib ki, baş verənlərdən baş qərargah rəisinin xəbərinin olub-olmamasını bilməyib.

Rafael Xələfovun məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər yaranması müəyyən edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.

Həmin ifadələrdən məlum olur ki, hərbi hissələrə ayrılan vəsaitlərin 30 və 50 faizləri geri qaytarılıb, həmin vəsaitdə Nizami Məmmədova çatdırılıb.
Bu iş üzrə məhkəmə dekabrın 8-də davam edəcək.

Dekabrın 1-də Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan iclasda şahid qismində Natiq Qurbanov ifadə verib.

O deyib ki, Müdafiə Nazirliyinin şöbələrindən birində mühasib işləyib. Həmçinin nazirlikdə yaradılan tender komissiyasının üzvü olub. Şahidin sözlərinə görə, komissiyada vəzifəsi tenderdə iştirak edən şirkətlərin təqdim etdiyi məhsulların qiymətləndirilməsi işinə baxıb.

Natiq Qurbanovun ifadəsinə görə, "Sədərək" ticarət mərkəzindən və Dərnəgül taxta bazarından məhsulların qiymətlərinin müəyyən olunmasında iştirak edib və bununla bağlı akt tərtib ediblər.

Şahid həmçinin vurğulayıb ki, bazarda tapa bilmədikləri məhsulların qiymətlərini onlayn satış mərkəzlərindən öyrəniblər.

Daha sonra təqsirləndirilən şəxsin vəkili iş üzrə adları keçən Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin hazırkı rəisi Elnur Kazımov və şirkət əməkdaşı Aftandil Abdiyevin məhkəməyə çağırılması üçün tədbir görülməsini istəyib. Hakim isə deyib ki, şahidlərin məhkəməyə çağırılması üçün müvafiq bildirişlər göndərilir: "Hazırda adı çəkilən həmin şahidlər də məhkəməyə dəvət olunacaq. Lazım gələrsə gələcəkdə onların gətirilməsi üçün müvafiq tədbir görüləcək".

Bu iş üzrə növbəti proses dekabrın 15-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın