Sevgilisinə yatdığı yerdə siqaretlə işgəncə vermişdi - 2 il cəza aldı
Sevgilisinə yatdığı yerdə siqaretlə işgəncə vermişdi - 2 il cəza aldı
Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib.
“Azərbaycan Reallığı” xəbər verir ki, hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb.
Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqan onun dodağını yandırdığını bildirib.
Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib.
Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.