Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı

12, 04, 25
17:30

Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı


Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) axtarışda olan keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, Baş Prokurorluq bununla bağlı İTV vasitəsi ilə E.Abdullayevə müraciət ünvanlayıb.

Rəsmi çağırışa görə, Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci ( rüşvət verməyə cəhd etmə) maddələri ilə təqsirləndirilən Abdullayev Elşad İslam oğlu mayın 2-si saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğun İstintaq idarəsinə gəlməlidir.

Bildirilib ki, o, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir. 

Çağırışa gəlmədiyi halda E.Abdullayev barəsində Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada  qiyabi icraat açıla və qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Məlumatda deyilir ki, Elşad Abdullayevə 01 sentyabr 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.


Bizimlə əlaqə saxlayın