Tiktoker qızı öldürən dayı yenidən məhkəməyə müraciət etdi

14, 04, 23
14:00

Tiktoker qızı öldürən dayı yenidən məhkəməyə müraciət etdi


Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən yenidən kassasiya şikayətinə verilib.

"Azərbaycan Reallığı" Pravda-ya istinadla xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasınpn vaxtı hələlik açıqlanmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyib.

Hadisə 2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.

İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.

Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da qadının bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.

Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğularaq öldürüb.

İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, V.Bədəlov ifadəsində F.Məmmədovanın "Tik-Tok” sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın