Soyqırımı törətmədən qalib gəlməyi dünyaya göstərən sərkərdə!

19, 10, 23
10:00

Soyqırımı törətmədən qalib gəlməyi dünyaya göstərən sərkərdə!

İlham Əliyevin Qarabağ Zəfəri tarix kontekstində...

Bu gün 18 Oktyabrdır. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktının qəbul olunmasından 32 il ötür.

Və bu 32 ildə ilk dəfədir ki, Müstəqilliyin Bərpası Günü Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edildiyi bir şəkildə qeyd olunur. Çünki 1988-ci ilin fevralında Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin başlatdığı separatçılıq hərəkatı nəticəsində Xankəndi və ətrafı faktiki olaraq rəsmi Bakının nəzarətindən çıxmışdı. Sonradan erməni silahlı qüvvələri Qarabağ ətrafındakı yeddi rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal edərək, Qarabağı faktiki olaraq Ermənistana birləşdirmişdilər.

Müstəqilliyin qanlı yolları

Azərbaycan türkləri etnik baxımdan qədim xalq sayılsalar da, milli dövlətçilik və siyasi təcrübə baxımdan çox gəncdirlər. İlk milli dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 105, ikinci müstəqilliyimizin isə 32 yaşı var.

Azərbaycanın iki müstəqilliyi arasında oxşarlıq axtarsaq, ilk olaraq erməni faktoru ilə üzləşərik. Belə ki, Cümhuriyyət Çar Rusiyasının süqutundan sonra - 1918-ci ilin martında daşnaklarla bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi soyqırımlardan sonra elan olundu. 1980-ci illərin sonunda SSRİ-nin süqutu başlayarkən də eyni mənzərənin şahidi olduq: əvvəlcə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları, ardınca Azərbaycanda Qarabağ məsələsi ətrafında başlayan və sonradan milli azadlıq hərəkatına çevrilən xalq hərəkatı, Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqlarından 200 mindən artıq soydaşımızın zorla qovulması, ardınca Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, Qarabağ ətrafındakı rayonların Ermənistan tərəfindən işğalı, 800 mindən çox azərbaycanlının öz evlərindən məcburi köçkün salınması və Azərbaycanın məğlubiyyəti, bütün bunların fonunda isə Bakıda tez-tez baş verən hakimiyyət dəyişiklikləri...

Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalına faktiki müqavimət göstərilməməsinə də məhz Qarabağdakı erməni üsyanı səbəb olmuşdu. XX əsrin sonundakı Qarabağ münaqişəsinin 1920-ci ildən fərqi o idi ki, bu dəfə işğalçı başqa dövlət yox, tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan Respublikası idi. Əsrin əvvəlindəki işğalçı bu dəfə onun strateji müttəfiqi və əsas dəstəkçisi qismində çıxış edirdi.

Nəticəsiz danışıqlar dövründən ikinci müharibəyə doğru

1993-2020-ci illərdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün aparılan danışıqlar heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxarılması barədə dörd (822, 853, 874 və 884 saylı) qətnamə qəbul etsə də, rəsmi İrəvan onları yerinə yetirməkdən imtina etdi. Nə BMT, nə də Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiya qətnamələrin icrası üçün Ermənistana ciddi təzyiq göstərdi. Əvəzində Azərbaycana müxtəlif nizamlama planlarını qəbul etdirmək üçün təzyiqlər səngimədi.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş görkəmli dövlət xadimi Heydər Əliyev haqlı olaraq vəziyyətdən ən optimal çıxış yolu kimi atəşkəs razılaşmasına getməyi və diqqəti ölkənin iqtisadi inkişafı ilə ordu quruculuğuna yönəltməyi qərara aldı. 1994-cü il mayın 12-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi, sentyabrın 20-də isə Bakıda dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı.

Danışıqlar dövründə heç bir dövlət, hətta Ermənistanın özü belə Qarabağın “müstəqilliyini” tanımadı. Buna səbəb Qarabağ separatçılarının keçmiş liderləri olan Robert Koçaryanla Serj Sarkisyanın 1998-ci ildə Ermənistanda hakimiyyəti ələ keçirməsi və tam 20 il boyunca iqtidarda qala bilməsi oldu. Bu hadisənin ən müsbət cəhəti o oldu ki, rəsmi İrəvan Qarabağ ermənilərinin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həlli üzrə aparılan danışıqlarda tərəf kimi iştirakı şərtindən imtina etdi. Görünür, Qarabağ klanı Ermənistanda əbədi olaraq hakimiyyətdə qalacağını düşünürmüş.

27 il ərzində münaqişə zonasında Azərbaycanın qələbəsi ilə bitən lokal xarakterli bir sıra hərbi əməliyyatlar keçirildi: Horadiz əməliyyatı, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri. Onlardan miqyasına və qurbanların sayına görə ən böyüyü 2016-cı ilin Aprel döyüşləri idi. Sonrakı proseslər göstərdi ki, Aprel savaşı Azərbaycan Ordusunun İkinci Qarabağ savaşı öncəsi baş məşqi imiş.

Qarabağ Azərbaycandır və nida!

2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən və Koçaryan-Sarkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanını Nikol Paşinyanın rəhbərlik etdiyi “demokratik müxalifət”in devirməsindən sonra müharibənin qaçılmazlığı tam çılpaqlığı ilə ortaya çıxdı. Halbuki Qarabağ kartı üzərindən Ermənistanda hakimiyyətə gəlmiş Robert Koçaryanla Serj Sarkisyanın hakimiyyətdən gedişindən sonra onları yerli ermənilərin nümayəndəsinin əvəzləməsinin müsbət nəticələr verəcəyinə ümidlər böyük idi. Lakin Nikol Paşinyan öz addımları ilə sübut etdi ki, Ermənistan BMT qətnamələrini xoşluqla yerinə yetirmək fikrində deyil.

8 may 2019-cu ildə - Şuşanın Ermənistan tərəfindən işğalının 27-ci, özünün hakimiyyətə gəlməsinin isə 1-ci ildönümündə Şuşaya gedən Paşinyan Cıdır düzündə sərxoş halda rəqs etməsi, eləcə də oğlunu hərbi xidmət keçmək üçün Qarabağa göndərməsi ilə ilk müharibə mesajını verdi.

Bundan bir neçə gün sonra – mayın 24-də Almatıda keçirilən XVI Avrasiya Media Forumu çərçivəsində təşkil olunmuş “Etimad böhranı. Qüvvələrin qlobal paylaşılması” adlı panelin spikerlərindən olan Paşinyanın həyat yoldaşı Anna Akopyana bu sətirlərin müəllifi belə bir sualla müraciət etmişdi: “Siz və həyat yoldaşınız, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan Koçaryan və Sarkisyana qarşı mübarizə aparan şəxs kimi tanınmısınız. Lakin maraqlıdır ki, oğlunuzu hərbi xidmət üçün Dağlıq Qarabağa göndərmisiniz. O Dağlıq Qarabağa ki, Ermənistanın rəsmən və beynəlxalq hüquq tərəfindən tanınmış ərazisi deyil.

Bundan başqa, həyat yoldaşınız Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də - Azərbaycanın Şuşa şəhərinin işğalı günündə Şuşaya getdi və kameralar qarşısında rəqs etdi. Belə olan halda yürütdüyünüz Qarabağ siyasəti Koçaryan-Sarkisyan rejiminin yürütdüyü siyasətdən nə ilə fərqlənir? Necə düşünürsünüz, Ermənistan tərəfindən və şəxsən ailəniz tərəfindən bu kimi hərəkətlərə yol verildiyi halda, Azərbaycanla Ermənistan arasında etimad mühiti yarana bilərmi? Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ruhuna nə dərəcədə uyğundur?”

A.Akopyan isə sualdan yayınaraq, detallara və ya siyasətə girmək istəmədiyini, tədbirdə qadın kimi təmsil olunduğunu, bir qadın və ana kimi mesaj verdiyini deməklə ümumi və dağınıq cavab səsləndirmişdi. Çünki bu hərəkətlərin doğrudan da müdafiə olunacaq tərəfi yox idi.

Üç ay keçməmiş Ermənistanın Baş nazirinin Xankəndidə səsləndirdiyi nöqtəli bəyanat isə Azərbaycana müharibədən başqa çıxış yolu qoymadı. Avqustun əvvəlində Ümumerməni Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Xankəndinə gələn Paşinyan Ermənistanın Dağlıq Qarabağa iddiasını o vaxtadək erməni rəsmilərinin dilə gətirmədiyi çılpaqlığı ilə ortaya qoydu: “Əminəm, indi sizdən çoxları soruşur ki, bəs nə üçün Artsax (Dağlıq Qarabağ – C.İ.) haqqında heç deyilmir? Cavabı aydındır. Çünki Artsax Ermənistandır, nöqtə”.

Bir ay sonra Ermənistanın Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında Paşinyan növbəti dəfə bu sərsəm iddiasını təkrarladı: “Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyana cavabı çox gecikmədi. 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında dövlət başçısı Ermənistan Baş nazirinin bəyanatına cavab olaraq tarixi bəyanatını səsləndirdi: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezident İlham Əliyev bununla bir daha qəti şəkildə bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".   

Bu tarixi çıxışdan sonra Qarabağ məsələsinin həllində yeni bir mərhələyə qədəm qoyuldu. Bu mərhələ pərdə arxasında müasir silahlarla silahlanmış ordunun müharibəyə hazırlaşmasını, beynəlxalq ictimai rəydə isə Qarabağın Azərbaycana məxsusluğunun daha ciddi faktlarla əsaslandırılmasını tələb edirdi. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, beynəlxalq simpatiya ermənilərdən yana idi. Belə bir fürsət isə özünü çox gözlətmədi.

Münhen Təhlükəsizlik Konfransında Paşinyana tarix dərsi

15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutdu. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərini əsaslandırmağa çalışarkən İlham Əliyev Nikol Paşinyana əsl tarix dərsi keçdi. Bu zaman həm Azərbaycanın haqlı mövqeyi, həm də tarix elmləri namizədi olması kimi amillər Prezident İlham Əliyevin tutarlı arqumentlərlə Ermənistanın Baş nazirini pərt etməsi ilə nəticələndi.

İlham Əliyev çıxışını üç əsas məqam üzərində qurdu:

1. 14 may 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xanla Çar Rusiyasının generalı Sisianov arasında imzalanan və Qarabağ xanlığının Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan Kürəkçay müqaviləsində erməni əhalisi haqqında bircə kəlmə də yazılmayıb. Bu da ermənilərin Qarabağa sonradan – Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra köçürüldüyünü sübut edir.

2. 29 may 1918-ci ildə Azərbaycan Milli Şurası İrəvanın paytaxt olaraq Ermənistana güzəştə gedilməsi haqqında qərar verib: “Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub”. Yəni ermənilər tarixi Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət qurublar.

3. Rusiya KP MK Qafqaz Bürosunun 4-5 iyul 1921-ci il tarixli Plenumunun qərarları da Qarabağın Azərbaycana məxsusluğunu sübut edib. Çünki Plenumun istər birinci qərarındakı "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin", istərsə də ikinci qərarındakı "Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın" cümlələri Dağlıq Qarabağın əsl sahibinin kim olduğunu ortaya qoyub. 

Münhendə keçirilən müzakirələr Azərbaycan Prezidentinin həm Qarabağın, həm də Dağlıq Qarabağ münaqişəsinin tarixinə dərindən bələd olduğunu bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu, İlham Əliyevin Qarabağın gələcək taleyini necə görməsi ilə bağlı planının konturları idi.

Atəşkəsdən Vətən müharibəsinə

2016-cı ilin Aprel döyüşlərindən sonra Qarabağ uğrunda həlledici döyüşün olacağı artıq qaçılmaz görünürdü. Bu döyüş isə ciddi hazırlıq tələb edirdi.
2018-ci ilin may ayında keçirilən “Günnüt əməliyyatı” nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Bundan sonra Ermənistan “Yeni ərazilər üçün yeni müharibə” doktrinasını Azərbaycanın Tovuz rayonuna hücumla həyata keçirməyə cəhd etdi. 2020-ci ilin 12-14 iyulunda baş verən və general Polad Həşimovun şəhadəti ilə yadda qalan Tovuz döyüşlərindən sonra Bakının müxtəlif istiqamətlərindən Milli Məclisin qarşısına edilən yürüş Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağının ən böyük nümayişi idi.

Müstəqillik tariximizdə ilk dəfə idi ki, düşmən döyüş meydanında generalımızı şəhid etmiş, bununla da növbəti dəfə azərbaycanlıların heysiyyətinə toxunmuşdu. Aksiya iştirakçılarının “Ali Baş Komandan, silah ver bizə!” şüarı Xocalı soyqırımının və bütövlükdə Qarabağ ləkəsinin silinməsi üçün Azərbaycan xalqının hər şeyə hazır olduğunu göstərirdi.

14 iyul gecəsi xalq tərəfindən verilən mesaj ölkə rəhbərliyi tərəfindən dəyərləndirildi və sentyabrın 27-də Ali Baş Komandan orduya əks-hücum əmri verdi. Beş gün sonra – oktyabrın 2-də Prezidentin köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev dövlətin bu savaşa rəsmi münasibətini ortaya qoydu: “Bu, Vətən müharibəsidir. Hər bir xalqın taleyində belə hallar olur”.

Bu o demək idi ki,
- Böyük Vətən müharibəsi adlandırılan 1941-1945-ci illər savaşından sonra keçmiş SSRİ məkanında ilk Vətən müharibəsi 75 illik fasilədən sonra Azərbaycanda başlayıb;

- bütün ciddi dövlətlər kimi, Azərbaycanın da öz Vətən müharibəsi, Qurtuluş savaşı var;

- və ən başlıcası, Azərbaycanın öz Qələbə Günü və Qələbə paradı olacaq.

Cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, və Zəngilan rayonları döyüş yolu ilə azad olundu. Noyabrın 8-də azərbaycanlılar üçün böyük mənəvi dəyəri olan Şuşa şəhərinin çətin relyefə malik olmasına rəğmən, bıçaq və tapança ilə silahlanmış Azərbaycan hərbçiləri tərəfindən azad edilməsi düşmənin ağ bayraq qaldırmasına səbəb oldu.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanat hərbi əməliyyatlara son qoydu. Nəticədə Ermənistan başdan-ayağa minaladığı Ağdam, mürəkkəb relyef quruluşuna malik Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan boşaltmaq məcburiyyətində qaldı.

Lakin rəsmi İrəvanın Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, işğalçı ordusunun hissələrini Qarabağdan çıxarmaması və mina xəritələrini Bakıya təqdim etmək əvəzinə, Azərbaycan ərazilərini minalamaqda davam etməsi 2022-ci ilin 12-13 sentyabr döyüşlərini və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatını qaçılmaz etdi. 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatından sonra başqa çıxış yolu olmadığını anlayan separatçı rejimin özünü buraxmaqdan başqa yolu qalmadı.

Oktyabrın 15-də - ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması 35 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinin bitməsinin rəsmi möhürü oldu.

İlham Əliyev nələr etdi?

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ətrafındakı rayonları təxminən 35 il ərzində işğal etmişdi. Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi, 2022-ci ilin 12-13 sentyabr döyüşləri və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatı ilə cəmi 48 gün ərzində işğala son qoydu.

Birinci Qarabağ müharibəsində 11 mindən çox şəhid vermişdik, amma torpaqlarımızı qoruya bilməmiş və ərazimizin 20 faizi işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində 3 mindən çox şəhid verdik, əvəzində torpaqlarımızı işğaldan azad edə bildik. Ağdam, Kəlbəcər və Laçın rayonları uğrunda müharibə etsəydik, bu qurbanların sayı daha çox ola bilərdi. Şübhəsiz ki, bu tarixi qələbənin memarı Prezident İlham Əliyev, müəllifi Azərbaycan əsgəri, sahibi Azərbaycan xalqıdır.

Ötən 35 il ərzində Qarabağla bağlı bir sıra illüziyalarımız (“Neft kəmərləri işə düşsə, Amerika Qarabağı ermənidən alıb bizə verəcək”, “Rusiya dağılmasa, Qarabağı ala bilməyəcəyik”, “Azərbaycan demokratikləşməyincə, Qərb Qarabağın Azərbaycana qaytarılmasına yol verməyəcək” və s.) suya düşdü. Dünya birliyinin bu ədalətsizliyə hələ də susduğuna lap çox əsəbiləşəndə BMT-ni, ATƏT-i söyüb ürəyimizi soyudurduq. İlk dəfə 42 yaşında Azərbaycan Prezidenti seçilən İlham Əliyev özü də müsahibələrinin birində etiraf edib ki, o illərlə beynəlxalq hüquqa inanırmış. Amma zaman göstərdi ki, beynəlxalq aləm deyilən müasir dünya ancaq gücdən anlayır və güclünün yanında olur.

Ona görə də İlham Əliyev yalnız xalqın gücünə arxalanaraq, Qarabağ uğrunda həlledici savaşa qərar verdi. Elə bir savaşa ki, bu münaqişə gələcək nəsillərə miras qalmasın.

44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyi davranış, dünyanın müxtəlif ölkələrinin KİV-lərinə onların öz dillərində verdiyi müsahibələrin bircə mesajı var idi: “Mən xalqın tələbi ilə müharibə qərarı vermişəm, bütün məsuliyyətimlə də qərarımın arxasındayam”.

8 may 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın Cıdır düzündə sərxoş halda yallı getməsi bütün azərbaycanlıların heysiyyətinə toxunmaq yox, heysiyyətini birbaşa tapdalamaq idi. Həmin günlərdə sosial şəbəkələrdə azərbaycanlılar, hətta iqtidara loyal münasibət bəsləyən ictimai-siyasi xadimlər belə hökumətdən bununla bağlı sərt addımlar atılmasını tələb edirdilər. O vaxt Azərbaycan iqtidarı tərəfindən bununla bağlı hansısa sərt addımlar atıldığını müşahidə etmədik. Vətən müharibəsi başlayandan sonra isə Prezident İlham Əliyevin az qala hər çıxışında Paşinyana həmin rəqsini xatırlatması göstərdi ki, Ali Baş Komandan bu hadisədən sadə vətəndaşlardan daha çox sarsılıbmış.

İlham Əliyev Qarabağ Zəfəri ilə adını tarixə elə yazdı ki, bundan sonra yüzillər də keçsə, onu tarixdən silmək mümkün olmayacaq. Çünki “Mən bütün dünya azərbaycanlılarının Prezidenti olacağam”, “Azərbaycanda bircə çadır şəhərciyi də qalmayacaq”, “Gün gələcək, Şuşada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradına gətiriləcək”, “İşğal altındakı hər bir şəhərimizdə, hər bir kəndimizdə Azərbaycan Bayrağı dalğalanacaq”, “Məcburi köçkünlərimiz məni öz evlərində qarşılayacaq” vədlərinin hamısını yerinə yetirdi.

Qarabağı işğaldan azad edən ordunu İlham Əliyev qurdu. Onu ən müasir silahlarla İlham Əliyev təchiz etdi.

Qarabağda müharibəyə başlamaq üçün əlverişli beynəlxalq şəraiti İlham Əliyev yetişdirdi. İndi aydın olur ki, Avropada kilsə təmir etməkdən tutmuş, Bakıda keçirilən Avropa Oyunlarına, Formula-1 yarışlarına, İslam Həmrəyliyi Oyunlarına, Qoşulmama Hərəkatının toplantılarınadək xalqa mənasız görünən və paytaxtda tıxaclar yaranmasına səbəb olan tədbirlərin heç biri lazımsız və təsadüfi deyilmiş.

2020-ci ilin 10 noyabr səhəri hansı əhvalda olduğumuzu xatırlayan varmı? Ordumuzun Xankəndiyə girişinin qarşısı alınmış, qələbəmiz yarımçıq qalmışdı. Həmin gün 3 il keçməmiş Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının dalğalanacağını, separatçıların liderlərinin isə DTX-nın təcridxanasında oturacağını neçə nəfər təsəvvür edə bilərdi?

İlham Əliyev faktiki olaraq Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin və Heydər Əliyevin etmək istədiyini, amma müxtəlif səbəblərdən edə bilmədiyini etdi: Qarabağı aldı. O Qarabağı ki, sovet imperiyası erməni separatçılığını təmərküzləşdirmək üçün orada muxtar vilayət yaratmışdı.
İlham Əliyev de-yure 35 ildən, de-fakto 100 ildən çoxdur Ermənistanın nəzarətində olan Qarabağda Azərbaycanın dövlət suverenliyini bərpa etdi. Soyqırımı törətmədən, etnik təmizləmə aparmadan, mülki şəxsləri hədəf almadan, qadın və uşaqları qətlə yetirmədən də qalib gəlməyin mümkünlüyünü bütün dünyaya nümayiş etdirən Xalqın, Ordunun və Sərkərdənin bununla öyünməyə tam haqqı var.

Tarixdə nəticə qalır. Nəticə isə budur ki, qisasımız qiyamətə qalmadı.

Azərbaycan Sizə minnətdardır, cənab İlham Əliyev!

Bizimlə əlaqə saxlayın