Azərbaycan üçün problemli məsələ qalmayıb, SÜLH ERMƏNİSTANA LAZIMDIR

24, 10, 23
18:30

Azərbaycan üçün problemli məsələ qalmayıb, SÜLH ERMƏNİSTANA LAZIMDIR

Natiq Cəfərli: "Fransanın Ermənistana verdiyi-satdığı silahlar Rusiyanın əlinə keçəcək və Ukraynaya qarşı istifadə olunacaq"Məhəmməd Əsədullazadə: "İrəvandakı etirazlar və Samvel Şahramanyanın peyda olması Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini pozmağa xidmət edir"

Elxan Şahinoğlu: "İki səbəbə görə Tehranda "3+3" regional formatı çərçivəsində keçirilən görüşdən nəticə gözləməyə dəyməz"
Elman Vəliyev: ""3+3" formatı NATO və Avropa Birliyinə qarşı qurulan birlikdir"

Nazim Cəfərsoy: "Rəsmi İrəvan, erməni diasporu və separatçılar bizlə uzlaşmasalar, 50 il ərzində bu coğrafiyada "Ermənistan" deyə müstəqil bir dövlət qalmayacaq!"

Bugünlərdə, daha dəqiq desək, oktyabrın 20-də İrəvanda bir qrup şəxs buraxıldığını elan edən separatçı "Dağlıq Qarabağ Respublikası"nın nümayəndəliyinin binasına daxil olub. Onlar separatçı "Dağlıq Qarabağ"ın qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Məsələnin maraqlı tərəfi ondadır ki, təxminən, bir ay öncə qondarma respublikanın ləğv edilməsinə dair "fərman" imzalayan Samvel Şahramanyan etirazçıların qarşısına çıxarkən sözügedən separatçı qurumun ləğv edilmədiyini bildirib: "Heç bir sənəd xalq referendumu ilə yaradılmış "artsax respublikası"nı ləğv edə bilməz. Mən hər birinizlə görüşməyə, ətraflı məlumat verməyə hazıram, amma başa düşməlisiniz ki, həm "artsax", həm də Ermənistan çox çətin vəziyyətdədir. Hər yanlış hərəkət gözlənilməz nəticələrə səbəb ola bilər".

Onu da nəzərinizə çatdıraq ki, dünən İranın paytaxtı Tehranda "3+3" regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilib. Lakin ötən il Moskvada baş tutan görüşdə iştirak etməyən Gürcüstan bu dəfə də tədbirə qatılmayıb. Buna baxmayaraq, Tehran görüşündə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat və enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu arada, başqa bir məlumatda isə qeyd olunur ki, Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransaya işgüzar səfər edib. Verilən məlumata görə, səfər çərçivəsində Fransa ilə Ermənistan arasında silah satışına dair saziş imzalana bilər. Oktyabrın sonunda isə Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşüşünün keçiriləcəyi gözlənilir.

"Fransanın Ermənistana silah satması Azərbaycanı yox, Ukraynanı ciddi narahat etməlidir"

Gördüyünüz kimi, regionun siyasi gündəmi olduqca zəngin və belə demək mümkünsə, yetərincə gərgindir. "Hürriyyət" xəbər verir ki, məsələyə təxminən, bu aspektdən yanaşan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin fikrincə, Fransanın Ermənistana silah satması Azərbaycanı yox, Ukraynanı ciddi narahat etməlidir: "Ermənistanın müdafiə naziri Parisə səfərə gedib, məlumata görə Fransana ilə Ermənistan arasında silah anlaşması olacaq. Miqdarı və çeşidi tam məlum olmasa da, rəsmi Parisin İrəvana silah satması bizi deyil, Ukraynanı ciddi narahat etməli, rəsmi Kiyevin etirazına səbəb olmalıdır.

Ermənistan və Fransa istənilən müqavilə imzalaya bilər, özləri bilər, bizim də çox ölkə ilə müqavilələrimiz var. Məsələ bu deyil, əsas problem Fransa kimi ölkənin, əvvəllər daim demokratiyanın, insan azadlıqlarının önündə gedən bir məmləkətin bu qədər ağılsız duruma düşməsidir. Ermənistanın Rusiyadan, əsas da hərbi sahədə asılılığı o qədər böyükdür ki, Ermənistan generalları hələ də Kremlin ağzına baxırlar. Çox böyük ehtimalla, Fransanın Ermənistana verdiyi-satdığı silahlar Rusiyanın əlinə keçəcək və Ukraynana qarşı istifadə olunacaq".

REAL-ın icra katibi hesab edir ki, məhz bu səbəbdən də rəsmi Kiyev qeyd olunan məsələni diqqətdə saxlamalı, öz tərəfdaşları ilə müzakirə etməli və etirazını bildirməlidir: "İmkan vermək olmaz ki, varolma, ayaqdaqalma mücadiləsi verən, öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan Ukraynaya arxadan belə zərbə dəysin".

"Düşünürəm ki, bu kimi etirazlar Brüssel görüşünə qədər davam edəcək və bu səbəbdən də Azərbaycan sülh müqaviləsinin bağlanması üçün bir müddət fasilə verməlidir"

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, oktyabrın sonunda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutması gözlənilən görüş ərəfəsində İrəvanda ermənilərin etirazlara qalxması və Samvel Şahramanyanın peyda olması Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini pozmağa xidmət edir.

Politoloqun sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyanın danışıqlarda geri addım atmasına gətirə bilər: "Qarabağdan gedən ermənilər Paşinyan üçün baş ağrısı və Azərbaycanla danışıqlarda əngəl olacaq. Ona görə də Ermənistan müstəqil ölkə olmadığı üçün rəhbərliyi sülh müqaviləsinin bağlanmasına getməyə çəkinəcək. Düşünürəm ki, bu kimi etirazlar Brüssel görüşünə qədər davam edəcək. Bu səbəbdən də Azərbaycan sülh müqaviləsinin bağlanması üçün bir müddət fasilə verməlidir".

"Sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər mümkündür, lakin İrəvan buna hazır deyil"

Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında Brüsselin vasitəçiliyi ilə yol xəritəsinin hazır olduğunu vurğuladığını deyən Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər mümkündür, lakin İrəvan buna hazır deyil: "Oktyabrın sonunda Brüsseldə baş tutması gözlənilən görüşdə tərəflər delimitasiya və demarkasiya, həmçinin anklav kəndlərin qaytarılması istiqamətində danışıqlar aparacaq.

"Zəngəzur" dəhlizi ilə bağlı məsələyə gəldikdə isə bu istiqamətdə Azərbaycan İranla memorandum imzalayıb və buna əsasən yol İrandan keçəcək. Odur ki, Azərbaycan üçün kommunikasiya və digər məsələlər bitib. Bu danışıqlarda Azərbaycan üçün problemli məsələ qalmayıb. Yəni, sülh Ermənistana lazımdır. Amma Ermənistan tərəfi ortaya yeni oyun çıxarıb.

Bülə ki, Azərbaycanı "etnik təmizləmədə" ittiham edərək, danışıqlarda Bakıya təzyiq etməyə çalışır". Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın baş naziri bir tərəfdən "etnik təmizləmə" iddiasını ortaya qoyub, digər tərəfdən sülh danışıqlarına qatılırsa, bu halda tərəflər arasında sülh müqaviləsinin bağlanması mümkün olmayacaq: "Düşünürəm ki, Azərbaycan Qarabağdan ermənilərin könüllü köçü və onlara hər hansı bir təzyiqin olmaması barədə Nikol Paşinyanın məlum açıqlamalarını gündəliyə çıxarmalıdır. Yox, əgər bundan sonra da Ermənistan sözügedən məsələdə absurd yanaşmanı davam etdirəcəksə, onda Azərbaycan sülh danışıqlarına qatılmayacağını elan etməlidir".

"Paşinyan Fransa ilə hazırkı siyasətini davam etdirəcəksə, Paris sülhə imkan verməyəcək və nəticədə proseslər Ermənistanın əleyhinə işləyəcək"

Politoloq əlavə edib ki, Fransanın Ermənistanla silah sazişi imzalaması sülh müqaviləsinin bağlanmasına qarşıdır: "Fransa Ermənistana silah ixracında maraqlıdır və bu istiqamətdə saziş bağlamağa hazır olduğunu vurğulayıb. Artıq İrəvan da qərarını verib və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Odur ki, Paris Ankara-Bakı müttəfiqliyinə qarşı İrəvanla hərbi əlaqələri inkişaf etdirməklə Ermənistanı silahlandıracaq. Uzun illər Ermənistanı silahlandıran Rusiya artıq bu ölkəyə silah ixracını dayandırıb. Demək olar ki, Rusiyanın yerini Fransa dolduracaq.

Qeyd edim ki, Avropa ölkələri Ermənistanla Azərbaycan arasındakı münaqişəyə görə hər iki ölkəyə silah satışına qadağa qoymuşdu. Münaqişənin başa çatmasına baxmayaraq, sülh sazişi bağlanmadığı üçün hələ də müharibə riski var. Bu isə o deməkdir ki, Fransa ilə Ermənistan arasındakı silah sazişi Azərbaycanın İtaliya, Böyük Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq. Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə böyük partiyada silah sazişi bağlamağa imkan vermir. Yəni, təkcə Fransa ilə silah sazişi mümkündür. Amma Azərbaycan Ermənistandan fərqli olaraq maliyyə imkanlarına görə bir neçə ölkə ilə silah sazişini həyata keçirə biləcək".

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Avropa ölkələri də Azərbaycanla silah sazişində maraqlıdır: "Hesab edirəm ki, Fransanın özü də silah ticarətini inkişaf etdirmək üçün Ermənistana satmaq istəmədiyi bahalı silahları Azərbaycana satacaq. Ermənistan hesab edir ki, Fransanın vasitəsilə silahlanıb şərti sərhəddə təxribatlara əl ata biləcək. Amma Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da Ermənistanı küncə sıxışdırsın. Onu da bildirim ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında ona görə maraqlı deyil ki, silah satışını həyata keçirsin, İrəvan vasitəsilə regionda mövqeyini gücləndirsin.

Çünki sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə, Azərbaycan və Ermənistan əlaqələrinin normallaşması baş verəcək. Bu isə Parisin Cənubi Qafqaz siyasətini neytrallaşdıra bilər. Odur ki, Fransanın hazırkı siyasəti Cənubi Qafqaz regionunda destablizasiyaya xidmət edir. Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa ilə hazırkı siyasətini davam etdirəcəksə, Paris sülhə imkan verməyəcək. Nəticədə proseslər Ermənistanın əleyhinə işləyəcək".

"Türkiyə və İsraildən lazımı silahlar alsaq da, İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Fransada Azərbaycan ordusunun Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcəyini hesab edirlər: "Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacaq.

Müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınması nəzərdə tutulub. Nazir deyib ki, Ermənistana "sərhədlərinin mühafizəsini təmin etmək" imkanı vermək lazımdır. Görünür, Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır. Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq.

Biz Türkiyə və İsraildən lazımı silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik". Bunun Parisin xoşuna gəlməyəcəyini vurğulayan politoloqun qənaətincə, Fransanın Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa İttifaqı dövlətlərinin Azərbaycana silah və hərbi texnika satmasını asanlaşdıracaq.

"Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığı genişləndirməyə çalışması Rusiya və İranda narahatlıq doğurmalıdır"

Tehranda keçirilən "3+3" regional formatına toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, iki səbəbə görə sözügedən görüşdən nəticə gözləməyə dəyməz: "Birincisi, Rusiya Gürcüstanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə "3+3" formatında iştirak etmir. Bu, Gürcüstanın təbii haqqıdır. İkincisi, "3+3" formatının digər iki iştirakçısı – Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir.

Misal üçün xarici işlər nazirləri Tehran təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edəcəklər. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü – Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdırlar. Belə çağırışlar yoxdur. Halbuki, Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığı genişləndirməyə çalışması Rusiya və İranda narahatlıq doğurmalıdır".

""3+3" formatı daxilində bir-birinə əks dayanan dövlətlər olduğundan gələcəyi sual altında olan bir proyektdir"

Gürcüstanın "3+3" formatına önəm verməyəcəyini bir müddət öncədən proqnozlaşdırdığını deyən siyasi ekspert Elman Vəliyev isə iddia edir ki, sözügedən koalisiya NATO və Avropa Birliyinə qarşı qurulan birlikdir: "Buna ən çox da Rusiya və İran can atır. İran ona görə can atır ki, bu yolla satış bazarı genişlənir. Türkiyə ona görə can atır ki, dominantlıq quracaq, istədiyi vaxt istədiyi yerə əlini uzada biləcək, enerji problemlərini aradan qaldıracq.

Unutmayaq ki, Türkiyə enerji yollarına sahiblik edir. Rusiyanı izah etməyə gərək yoxdur. Azərbaycan isə həmişəki kimi balans siyasətini qoruyur və iqtisadi qazancını daha da artırmaq istəyir. Ermənistana gəlincə, bu yolla sadəcə blokadadan çıxmaq istəyir. Odur ki, bu, iqtisadi koalisiyadır. Lakin "gələcəkdə hərbi koalisiyaya çevrilməz" deyə bir fikir demək yanlış olar".

Siyasi ekspert, həmçinin onu da bildirib ki, "3+3" formatı daxilində bir-birinə əks dayanan dövlətlər olduğundan gələcəyi sual altında olan bir proyektdir: "Görünən odur ki, Gürcüstan Qərbə, Amerikaya qucaq açacağını bəyan edir. Eyni zamanda, bu koalisiyada olmadığına görə Gürcüstanla əlaqələr kəsiləsi deyil. Qara dəniz sahilində yerləşməsi ona böyük avantaj qazandırır! Gələcəkdə bu koalisiya səmərəli olarsa, rəsmi Tiflis məsələni yenidən dəyərləndirə bilər".

"Azərbaycan onu uydurma "etnik təmizləmə"də ittiham edən ölkələrə enerji satışında məhdudiyyətlər tətbiq edəcəyini, həmin ölkələrin şirkətləri ilə əməkdaşlıq edilməyəcəyini qəti şəkildə bildirməlidir"

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy isə qeyd edib ki, bu mərhələdən sonra Ermənistanın, erməni diasporunun və separatçıların Azərbaycana dair ərazi iddiaları ancaq bizim lehimizə işləyər: "Belə etməklə regionda onları ərazi bütövlüyü olan müstəqil dövlət kimi yaşadacaq tək şey olan beynəlxalq hüququ məhv edirlər. Bir balaca ağılları varsa, bu əməllərindən vaz geçib tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistanda normal yaşamaq üçün bizlə uzlaşarlar. Yoxsa, 50 il ərzində bu coğrafiyada "Ermənistan" deyə müstəqil bir dövlət qalmayacaq!"

Hazırda Azərbaycanı "etnik təmizləmə"də ittiham edən kampaniyanın başladıldığını vurğulayan politoloq hesab edir ki, bu prosesə çox ciddi yanaşmaq lazımdır. Onun fikrincə, Azərbaycan Ermənistanla sülh müzakirələrində bu məsələni gündəmə daşımalıdır: "İlk olaraq Brüsseldəki görüşdə Nikol Paşinyana bu kampaniya davam edərkən sülh müqaviləsini imzalanmağın mümkün olmayacağı bildirilməlidir.

Azərbaycan onu uydurma "etnik təmizləmə"də ittiham edən ölkələrə enerji satışında məhdudiyyətlər tətbiq edəcəyini, həmin ölkələrin şirkətləri ilə əməkdaşlıq edilməyəcəyini qəti şəkildə bildirməlidir! Eyni zamanda, bu qərarların alınmasında iştirak edən siyasətçilərin ölkəmizə girişinə qadağa qoyulmalıdır. Bununla yanaşı, başqa Qoşulmamaq Hərəkatı və Türk Dövlətləri Təşkilatı olmaqla, təsir imkanlarımızın olduğu bütün beynəlxalq təşkilatlara üzv olan ölkələrdə də bənzər qərarların alınması üçün çalışmaq lazımdır. Əks halda, 25-30 il sonra övladlarımız yalan ittihamların təzminatını ödəmək məcburiyyətində qala bilərlər".

Bizimlə əlaqə saxlayın