“Memarlıq Şəhərciyi 2021 MMC” sakinləri BOĞAZA YIĞIB - Prezidentə müraciət olundu

25, 10, 23
11:00

“Memarlıq Şəhərciyi 2021 MMC” sakinləri BOĞAZA YIĞIB - Prezidentə müraciət olundu

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayan Mir Yəhya Yusifli Mir Baba oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Sizə bildirirəm ki, mən Mir Yəhya Yusifli Mir Baba oğlu 1990-cı ildən bəri Bakıxanov qəsəbəsinin Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayıram.

Mən yaşadığım məhəllədə 5 ikimərtəbəli bina var. Bu binalar 1959-cu ildə neftçi ailələri üçün məhz elə neftçilərin özləri tərəfindən tikilmişdir. Elə buna görə də həmin binalar bu gün də öz möhkəmliyini və davamlılığını qoruyub saxlamışdır.

Nəzərinizə çatdırıram ki, 4-5 il bundan öncə bu binaları söküb, yerində çoxmənzilli binalar tikmək istəyən bir neçə şirkət gəlib mənzillərimizi ölçüb getmişlər. Sonuncudan başqa, qalan şirkətlər həyətdə olan yardımçı təsərrüfat tikilisini mənzilin ayrılmaz hissəsi kimi qeydə alaraq, buna da 50 % olmaqla mənzil sahəsi hesablanıb veriləcəyini bildirmişlər.

Bir il olar ki, “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətinin əməkdaşları gəlib yenidən sakinlərin mənzillərini ölçdülər. Lakin bu zaman həyətdəki yardımçı təsərrüfat tikilisini, eləcə də evin girişindəki yay eyvanını ölçmədilər və qeydə də almadılar.

Bundan başqa, onlar mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağının sahəsini 50 % olaraq hesablayacaqlar. Hansı ki, onlar mənzilin ayrılmaz hissəsi olmaqla daxili sxemə aiddir və mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və ümumi mənzil vahid bir tavan altındadır. Təbii ki, buna görə də mən onlarla razılaşmadım.

Qeyd edim ki, digər sakinlərin də mənzilləri ölçülərkən bir çox ədalətsiz yanaşmalara yol verilirdi. Bütün bunlar da sakinlərin böyük narazılığna səbəb olmuşdur.

Nəzərinizə çatdırım ki, 1993-cü ildə Ali Məclis tərəfindən qəbul olunmuş qanuna əsasən, mənzillərin küçəyə baxmayan artırmaları mənzilin ümumi tərkibiniə aid edilən sahə kimi hesablanır.

Nəhayət, bir neçə ay öncə həmin şirkət düz bizim binanın qabağında özünə ofis qurduqdan sonra sakinləri ora dəvət edərək, mənimlə də söhbət etdilər. Bu zaman onlar yenə də mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağın sahəsini 50 % olaraq hesablayacaqlar, hansı ki, onlar mənzilin daxilində olmaqla, mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və o mənzillə birlikdə vahid bir tavan altındadır. Təbii ki, mən də onlarla razılaşa bilməzdim.

Bildirmək istəyirəm ki, mən bura köçəndən sonra mənzildə hər hansı əlavə tikinti aparmamışam və yalnız evimi rahatlığımıza və imkanıma uyğun əsaslı təmir etmişəm.

Bundan iki gün sonra həmin “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətindən mənə məktub gəldi (məktub yazıya əlavə edilir). Mən bir daha onların hüzuruna getdim. Orada çalışan qızlar bildirdilər ki, “20 dəqiqə gözləyin, şirkət rəhbərliyi gəlib sizinlə söhbət edərlər”. Gözlədim, lakin heç kim gəlmədi. Mən ofis işçilərinə bildirdim ki, mənə göndərdiyiniz məktubda yazılanlar əsassızdır, bizim bina heç də qəzalı vəziyyətdə deyil.

Əgər belə olsaydı, Fövqəladə Hallar Nazirliyinin yoxlama qurumları bura gəmiş olardı, binada yoxlama aparardı, nəticələri barədə bizə də məlumat verərdi. Əgər qəzalı olmuş olsaydı, ya bizi buradan köçürər, ya da dövlət dərhal başqa təxirəsalımaz tədbirlər görərdi.

Bundan sonra mən onlara bildirdim ki, həqiqi qəzalı binalar bizim məhəllədən 50 metr aralıda olan taxtadan tikilmiş binalardır. Həmin binaların sakinləri də səbrsizliklə evlərinin sökülməsini ğözləyirlər. Yaxşı olar ki, əvvəlcə həmin binaları (2 mərtəbəli 3 taxta binanı) söküb, yerində yeni çoxmənzilli bina tiksinlər və sökülən binaların, eləcə də bizim binaların sakinlərinə də oradan mənzil verdikdən sonra bütün məhəlləni söksünlər.

Mənzil sahiblərinin əksəriyyəti ahıl yaşda olan insanlarıq. Mən də bu ahıl yaşımda öz evimdə rahat yaşamaq istəyirəm, kirayə evdə ölmək istəmirəm. Yeri gəlmişkən qeyd edim ki, yaxın dostum olan bir qohumum da tikinti şirkətindən mənzil gözləyərkən kirayə qaldığı evdə rəhmətə getdi.

Əlavə olaraq diqqətə çatdırmaq istəyirəm ki, mənzil tikinti şirkətləri bir çox hallarda İcra strukturları - BŞİH və s. dövlət qurumların adından çıxış edir, onlardan mandat aldıqlarını bildirərək qanunsuz və ədalətsiz davranışlarının üstünü ört-basdır etməyə çalışırlar ki, bu da vətəndaşların ciddi narazılığına səbəb olur.

Son vaxtlar belə hallarla tez-tez rastlaşırıq. Vətəndaşla hakimiyyətin həmrəyliyinə daha çox zərurət olduğu indiki tarixi məqamda bu kimi halların qarşısını almağa təşəbbüs etməyən və ya bunu istəməyən qurumların yönəticilərinin davranışlarını başa düşmək çox çətindir. Onların əsas məqsədi bəlli deyil - şəhərimizi daha da müasirləşdirmək, abadlaşdırmaq, yoxsa vətəndaşların narazılığını artırmaq?

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, hazırda yaşadığımız mənzilin sahəsinə adekvat olan mənzil sahəsi ilə təmin oluna bilməyimiz üçün sakinlər adından bizə dəstək olmağınızı Sizdən xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın