Prezident açıqlama verdi: Ermənistan qisas haqqında düşünür ŞƏRH

21, 11, 23
11:00

Prezident açıqlama verdi: Ermənistan qisas haqqında düşünür ŞƏRH

Bakı sülh müqaviləsinin layihəsi ilə bağlı təklifini İrəvana sonuncu dəfə 11 sentyabrda göndərib, lakin iki aydan artıqdır ermənilərdən cavab yoxdur. 

“Azərbaycan Reallığı” xəbər verir ki, durumu şərh edən politoloq Asif Nərimanlı sosial şəbəkədə yazıb ki, Ermənistan tərəfi bununla bağlı heç bir açıqlama verməyib, hərçənd, İrəvanın səssizliyinin iki səbəbdən qaynaqlandığını demək mümkündür.

“Birincisi, Qarabağda keçirilən anti-terror tədbirləri nəticəsində erməni separatizminin ləğv edilməsidir: Bakı-İrəvan xəttində sülh sazişinə dair məktublaşmada Ermənistan Qarabağdakı ermənilərlə bağlı məsələləri bu və ya digər formada təkliflərinə daxil edir, bundan kart kimi istifadə edirdi; 20 sentyabrda bundan məhrum oldular və belə görünür ki, Ermənistanın Azərbaycana qarşı istifadə edəcəyi kart qalmadığı üçün gözləmə mövqeyinə keçib;

İkinci səbəb bu gözləmə mövqeyindən qaynaqlanır: 20 sentyabrdan sonra Qərb cəbhəsinin xüsusilə Fransanın aktiv iştirakı ilə bölgədə siyasi mənzərəni dəyişmək istiqamətində addımları intensivləşib və görünür, İrəvana Bakıya cavab verməyə ehtiyacın olmadığı deyilir: Rusiyanın hədəf olaraq seçildiyi bu prosesin inkişafını Azərbaycan-Ermənistan danışıqları müəyyənləşdirəcək və istisna deyil ki, hadisələrə yön vermək məqsədilə yeni eskalasiya yaradılsın; bu ssenaridə sülh danışıqları da müəyyən qədər arxa plana keçə, danışıqlar prosesi yeni şərtlərə uyğunlaşdırıla bilər - Ermənistanın istəyi budur;

Əsas diqqətçəkən məqamlardan biri Əliyevin Qarabağda anti-terror tədbirlərindən sonra ilk dəfə “Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəyi” haqda danışmasıdır. Prezident bəyan etdi ki, “Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”.

Daha əvvəl də yazmışdıq: Cənubi Qafqaz uğrunda kəskinləşən mübarizənin Azərbaycana qarşı sərhəd təxribatı ilə isti mərhələyə keçə biləcəyi ssenarisi gözləniləndir. Görünür, rəsmi Bakı da belə ssenarilərin mümkünlüyünü dəyərləndirir”.

Bizimlə əlaqə saxlayın