AZAL-ın “qara cümə” OYUNU…

02, 12, 23
10:00

AZAL-ın “qara cümə” OYUNU…

"Qara cümə” dünyada endirim kampaniyası olsa da, Azərbaycanda AZAL-ın hesabına sözün gerçək mənasında “qara cümə”yə çevrilib, özü də təkcə cümə günləri yox, ilin 365 günü eyni vəziyyətdir. 

"Qara cümə” endirimlərinə AZAL da qoşulmaq istədi və “böyük” endirimlər etdi. Ona görə dırnaqarası qeyd edirik ki, bu endirimi etməsəydilər daha yaxşı olardı. Çünki belə endirim sadəcə vətəndaşları dolamaqdan başqa bir şey deyil, xüsusilə digər aviaşirkətlərin qiymətləri ilə müqayisədə. 

AZAL-ın qiymət endirimi o qədər absurd idi ki, digər aviaşirkətlərin normal qiymətlərindən belə baha oldu. Bəllidir ki, bununla imiclərini düzəltmək, guya kampaniya apamaq istəyirlər, amma...  

Azərbaycanda hər kəsin AZAL-dan narazı olduğu bəllidir. Hətta bir neçə il öncə Prezident İlham Əliyev AZAL-ı tənqid etmişdi. O zaman ümid olunurdu ki, AZAL-da hər şey rəhbərlikdən asıldır və dəyişiklik olarsa, müsbətə doğru inkişaf olacaq. Cahangir Əsgərov vəzifəsindən uzaqlaşdırıldı. AZAL-da yeni dövrün başlandığı düşüncəsi önə çıxdı.

 Gün keçdi, ay ötdü, dəyişən heç nə olmadı, yenə “köhnə hamam, köhnə tas”. Hətta bəzi şeylərə görə sərnişinlər Cahangir Əsgərova “rəhmət” oxuyur. 

AZAL-ın yeni rəhbərliyinin yeganə “islahatı” Heydər Əliyev adına Hava Limanında bir neçə maket quraşdırmaq oldu. Qalan hər şey əvvəlki kimidir.

Bu gün AZAL nəinki Azərbaycanın, bütün regionun ən bahalı aviaşirkəti olaraq tanınır. Misal üçün, dərc olunmuş ötən ilki statistika hər şeyi ifadə edir: 

- Bakı-Tbilisi: 550 manat;

- Bakı-İstanbul: 712;

- Bakı-Moskva: 1061;

- Bakı-Praqa: 1082;

- Bakı-London: 1310;

Bu qiymətlər hazırda daha bahadır. AZAL-ın qiymətləri Gürcüstanda aviaşirkətlərin qiymətləri ilə müqayisədə ən azı beş dəfə bahadır. Ən böyük ziddiyyətlərdən biri də digər aviaşirkətlərin qiymətləri ilə məsafəni və qiymətləri müqayisə edəndə ortaya çıxır. Misal üçün, Tbilisidən Afinaya bir nəfər üçün bilet 20 avro cuivarındadırsa, Tbilisədən Bakıya 190 avroya qədərdir. Halbuki, Tbilisi-Bakı arasındakı məsafə Tbilisi-Afina arasındakı məsafədən qat-qat azdır. 

Ən mənfi hal isə odur ki, yeganə seçimimiz AZAL-dır, yəni aviaşirkət nə qiymət qoyarsa, sərnişinlər bununla razılaşmağa məcburdur. Çünki AZAL monopoliya yaradıb və başqa şirkətlərin bazara daxil olmasına icazə vermir. Bu halda sərnişinlərin yeganə istəyi daha münasib qiymətlərlə səyahət edə bilməkdir. Amma AZAL biletləri qonşu Gürcüstandakı qiymətlərlə müqayisədə 4-5 dəfə baha satırsa, bunun bir adı var. Soyğunçuluq!

Bütün bunların fonunda sərnişinləri sözün gerçək mənasında “soyan” AZAL hələ dövlət büdcəsindən subsidiya da alır. Misal üçün, iki il öncə aviaşirkətin borcunun böyük hissəsi dövlət büdcəsi hesabına ödənilib. Bununla yanaşı, AZAL-ın təyyarələri dövlət hesabına alınır, hava limanı dövlət büdcəsi hesabına təmir olunursa, o zaman, aviaşirkət nə işlə məşğuldur? 

Mənzərə ortadadır. Ölkədə monopoliya yaradan AZAL vətəndaşlarımızı “soğan kimi soyur”, Azərbaycanda turizmin inkişafını axsadır!

Bizimlə əlaqə saxlayın