Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...

13, 12, 23
14:00

Bura dövlətindir, yoxsa kiminsə ata mülkü?.. - İTTİHAM VAR...


"Azərbaycan Reallığı" xatırladır ki, son vaxtlar mətbuatda uşaq bağçaları haqqında neqativ materiallar getsə də, hələ də bağçalarda problemlər tam aradan qaldırılmamışdır. Hər bir bağça müdiriyyəti bu yazılardan özünə heç bir nəticə çıxarmamışdır. Buna görə də dövlət bağçaları özəl bağçalardan fərqlənmir. Amma son illər ərzində isə dövlət proqramları çərçivəsində bir sıra yeni uşaq bağçaları tikilib və köhnələri əsaslı təmir olunub. Hal-hazırda təmirə ehtiyacı olan bağçalar çoxdur. Gəlin, baxaq görək təmirsiz bağçalarda hansı problemlər yaşanır. 2011-ci il 27 — dekabr tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub. Amma bir çox bərbad vəziyyətdə olan bağçalara uşaq necə qəbul olunur?

Elə buna əsas olaraq, Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən 284 saylı körpələr evi-uşaq bağçasından redaksiyamıza bir neçə nöqsanlarla bağlı məlumat daxil olmuşdur. Redaksiyamıza daxil olan məlumata əsas olaraq bağçada olduğumuz zaman çox bərbad və qəza vəziyyətində olan binanı gördük. Bu binaya bağça demək olmazdı. Qapıda yazılan yazı saat 09:00 uşaq qəbulunu göstərsə də, saat 10:30-da bir valideyin təxmini 9-10 yaş arası olan uşaqla bağçaya daxil oldu. Yəqin ki, bu uşaq bağçada çalışan hər hansı bir tərbiyəçinin uşağı ola bilər. Aldığımız məlumata görə bu bağçada aylıq 15-20 manat bağça pulu da yığılır. Bağçanın həyəti dağınıq, hasarı uçmuş və zibil tullantıları illərnən təmizlənməmiş vəziyyətdə idi.




Görən bu bağçaya uşaq qəbulu uşaqların fiziki və tibbi inkişafının təminatı, körpələrin təlim-tərbiyəsi, kiçik və böyük qruplarda körpələrə gündəlik yeməyin verilməsi düzgün aparılırmı? Bağçanın istilik sistemi normal təmin edilirmi? Bu bağçaya diqqət yetirdikdə bilmirsən uşaq bağçasıdır, yoxsa istifadə olunmayan yararsız bir bina. Bağça ilə tanış olmaq üçün bağçanın direktoru ilə görüşmək istədik. Əynində bağça forması olmayan bir gənc xanım yaxınlaşaraq “kim lazımdır” dedi, müdiriyət dedikdə isə gözləyin deyərək uzaqlaşdı. Birazdan həmin gənc xanım başqa digər xanıma tapşırıq verərək, pilləkənlərlə 2-ci mərtəbəyə qalxdı. Yaşlı xanım özünü təqdim etmədən, “Müdiriyyət məzuniyyətdədir” dedi, “bəs o gənc xanım kimdir?” dedikdə, “müdirimizin qızıdır bağçada kiçik və böyük qruplara nəzarət edir” dedi, “ali təhsili və iş müqaviləsi varmı?” soruşduqda “vallah onu deyə bilmərəm” və 10 manat uzadaraq “müdir tapşırdı” dedi, bu nədir dedikdə “xanım bizim müdir belədir qapıya gələn qonağı boş yola salmır”. Deməli, buradan belə nəticə çıxır ki, bağça müdiri bağçanı şəxsi evi kimi idarə edir və gələn qonaqlar isə onun neqativlərini üzə çıxarmamaq üçün 5- 10 manatla özünü müdafiə edərək, yola salır. Bağçanın rəhbərliyi haqqında bir kiçik araşdırma apardıq. 284 saylı bağçanın müdiri Quliyeva Zümrüd Güllü qızı 10 ildən çoxdur ki, bağçada müdir vəzifəsini daşıyır. Çalışdığı illər ərzində bağçada heç bir təmir işləri aparılmasa da, Bakı şəhəri İcra hakimiyyətinin tabeçiliyində olan illərdə, uşaq qəbulunda 200-300 manat direktora hörmət olunub. Zümrüd Quliyevanın həyat yoldaşı da neçə illərdir ki, onunla bərabər bağçada işləyir. Görəsən hansı işi icra edir?

Çox təəssüflər olsun ki, belə acınacaqlı vəziyyətdə olan 284 saylı bağçadan hələ də Təhsil Naziri Emin Əmrullayev xəbərsizdir. Biz də saytımız vasitəsilə Emin Əmrullayevə bu bağçanı tanıtdırmaqda borc bildik. Sonunda söz Təhsil Naziri Emin Əmrulllayevindir. Araşdırmamız davam edəcək.

Müəllif: Afət Məmmədova - Mənbə: Deryaz.az
 

Bizimlə əlaqə saxlayın