İran proksiləri Azərbaycanı hədəf aldı: Ay sizi zatı qırıqlar!

19, 12, 23
10:23

İran proksiləri Azərbaycanı hədəf aldı: Ay sizi zatı qırıqlar!

“İranın son proksi qrupu Azərbaycanı və onun İsraillə əlaqələrini hədəfə alıb. Oktyabr ayında Qum şəhərində seyrəksaqqallı molla Şimali Qafqaz, Azərbaycan və Şimali İrandakı “sionist” hədəflərə zərbələr endirməklə hədələyərək, bayraq qaldıran yüzlərlə sadiq tərəfdarını coşdururdu. 

İran tərəfindən dəstəklənən vəkalətçi (proksi) Azərbaycan İslami Müqavimət Hərəkatının qurucusu və lideri, daha çox “Hüseyniyyun” və ya üçüncü şiə imamı Hüseynin ardıcılları kimi tanınan, Azərbaycan Respublikasında təxribatçı özəkləri olan Tövhid İbrahimbəyli ilə tanış olun. Onun məqsədi Azərbaycan prezidenti İlham Əliyevin dünyəvi hökumətini devirməkdir”. - bu barədə “The National İnterest” nəşrinin “Qafqazın Hizbullahı” adlı yazısında deyilir.

Qeyd olunur ki, oktyabrın 7-dən etibarən Azərbaycandilli sosial media “Hüseyniyyun” terror qruplaşmasının radikal dini ideologiyanı təbliğ edən, nümayişlərə, Bakıda yəhudilərə və İsrail hədəflərinə hücumlara çağıran videoları ilə dolub. Təbliğatçıların bir çoxu həmçinin Azərbaycanın hökumət binalarına hücum etməyə və hazırkı “sionist rejimi”ni devirməyə çağırıblar.

Daha sonra “Hüseyniyyun”un tarixinə ekskurs edilir. Xatırladılır ki, qruplaşmanın Azərbaycan Respublikasına qarşı apardığı informasiya kampaniyası yeni deyil. Keçən il İbrahimbəyli iddia etmişdi ki, qruplaşmanın “YouTube”, “TikTok”, “Instagram”, “Telegram” və “Facebook”da 100-dən çox kanalı var. 7 oktyabrda İsrail-Həmas müharibəsinin başlaması Bakıya qarşı yeni informasiya müharibəsi üçün bəhanə verib.
“The National İnterest” hesab edir ki, Qərbdə Azərbaycanı çox vaxt yalnız Ermənistanla münaqişəsi ilə bağlı qəbul edilməsi yanlışdır, onun sabitliyinin pozulması böyük regional və qlobal əks-səda doğura bilər. Azərbaycan ABŞ-ın İsrail və Avropa İttifaqı kimi müttəfiqlərinə əsas neft və qaz tədarükçüsü kimi xidmət edir, xüsusən də nəzərə almaq lazımdır ki, ikincisi özünü Rusiyanın enerjisindən ayırmağa çalışır.

Azərbaycanın strateji mövqeyi, İsraillə tarixi hərbi əməkdaşlığı və İranla ziddiyyətləri onu ABŞ-İran münasibətlərinin daha da pisləşməsi ehtimalında Vaşinqton üçün həlledici ölkəyə çevirir. Bundan əlavə, Azərbaycan, xalqı üçün yeganə milli dövlət olduğuna görə İranın ən böyük azlıq icması olan cənubi azərbaycanlılar üzərində potensial təsir imkanlarına malikdir.

Məqalə müəllifi Yaxın Şərq Həqiqətləri Fondunun (EMET) əməkdaşı Cozef Epşteyn təsbit edir ki, Azərbaycan həm də Rusiya və İrandan yan keçməklə Asiyadan Avropaya gedən “Orta Dəhliz”in əsas ölkəsidir. Orta Dəhliz artıq Orta Asiya enerjisinin Moskva və Tehrana fayda vermədən Qərbə çatmasına imkan verib.

“Əgər “Hüseyniyyun” Azərbaycanda sabitliyi pozmağa müvəffəq olsa, bütün bunlar aradan qalxacaq. Keçmişdə bu qruplaşmanın təhdidləri hərəkətə keçib. 2017-ci ilin yanvarında İbrahimbəyli Azərbaycanın Gəncə şəhərinin meri Elmar Vəliyevin öldürülməsinə çağırış edib. Bir il sonra Qumda təhsil alan və Suriyada döyüş təlimi keçdiyini bildirən “Hüseyniyyun” yaraqlısı Vəliyevi və onun mühafizəçisini güllələyib və ağır yaralayıb.

Bu, “Hüseyniyyun”a aid edilən yeganə hücum olsa da, yeganə fəaliyyəti deyil. Azərbaycan təhlükəsizlik xidmətlərinin fəaliyyəti ilə tanış olan mənbələr “National Interest”ə bildiriblər ki, Azərbaycanda və xaricdə müxtəlif təxribatçı fəaliyyətlərin, o cümlədən iyul ayında İsrail səfirliyinə qarşısı alınmış hücumun (İranın dəstəklədiyi əfqan “Livaye- Fatemiyyun”la əməkdaşlıqda), parlamentə mart ayında (Fazil Mustafaya qarşı terakt nəzərdə tutulur-C.Q) və 2021-ci ildə Kiprdə israilliləri hədəf alan terror planı arxasında “Hüseyniyyun” hücrələri dayanıb”. Bildirilir ki, İran rəhbərliyi nəinki qruplaşmadan məsafələnmir, əksinə, qrupun işini yüksək qiymətləndirir. Noyabrın 30-da rejim İranın hərbi nailiyyətlərini qeyd edən illik Malik Aştar Milli Festivalında İbrahimbəylini təltif edib.

O, Azərbaycan vətəndaşı olsa da, “Hüseyniyyun” Tehranın çoxsaylı vəkalətçi layihələrindən biridir. İranın qeyri-müntəzəm müharibə strategiyasının memarı olan keçmiş Qüds qüvvələri komandiri Qassem Soleymani 2015-ci ildə “Hüseyniyyunu”un yaradılmasına nəzarət edib və hətta bu qruplaşmaya adı da o verib. İranın digər vəkalətçi qüvvələri kimi, “Hüseyniyyun” döyüşçüləri də Tehranın maraqlarını müdafiə etmək üçün Suriyaya yerləşdirilərək “Hizbullah” və İranın dəstəklədiyi digər qüvvələrlə çiyin-çiyinə döyüşüb.
Məqalədə qruplaşmanın digər İran vəkalətçi qrupları ilə müqayisəsi də verilir. Qeyd olunur ki, “Hüseyniyyun” tipik bir İran proksisidir. Onlar İran inqilabının lideri Ayətullah Ruhullah Xomeyninin dini və siyasi ideyalarına əsaslanan radikal xomeynizmi əsas götürən etnik-dini silahlı qrup və ictimai-siyasi hərəkatdır. Qrup hətta bütün digər İran proksiləri ilə eyni bayraq şablonuna malikdir - sarı fonda tüfəng tutan yaşıl əl qrupun adı ərəbcədir. “Hizbullah” kimi, “Hüseyniyyun” da İranın strateji maraqları üçün vacib olan ərazilərə silahlı etibarlı qüvvələri daxil edən İranın irəliyə doğru müdafiə və çəkindirmə strategiyasının davamıdır. “Hizbullah” kimi, xomeynist radikal şiəliyi yaymaqla, “Hüseyniyyun” da İranın İslam İnqilabını ixrac etmək siyasətinin bir hissəsidir.

“Ayətullah Xomeyni deyib ki, İslam ümmətinin birliyinə nail olmaq üçün “İslam torpağını imperialistlərdən və oyuncaq hökumətlərdən” azad etmək vacibdir. İran dövlət mediası tez-tez bu fikirləri təkrarlayır və “Əliyev rejimini” “sionistlərin” nəzarətində olan “kukla dövlət” adlandırır. Amma İranın Azərbaycanda sabitliyi pozmaqda da real siyasi maraqları var. Tehran Bakının İsrail və Türkiyə ilə hərbi əməkdaşlığından narahatdır. O, həmçinin Bakının İranın öz böyük etnik azərbaycanlı azlığında separatçı əhval-ruhiyyəni qızışdıracağından qorxur”- deyə yazıda bildirilir.

Azərbaycanlıların İranın çoxsaylı etnik icması olduğu və Azərbaycan Respublikası ilə həmhüdud ərazilərdə yaşadığı vurğulanan yazıda qeyd olunur ki, İran azərbaycanlıları dindar olsalar da, bir çoxları etnik əsaslı ayrı-seçkilik və hökumətin mədəni repressiya kampaniyası səbəbindən İran rejiminə və onun ideologiyasına düşmən münasibət bəsləyir. “Tehran üçün sadəcə olaraq müstəqil Azərbaycan dövlətinin mövcudluğu təhlükədir.

İran hesab edir ki, şimal sərhədində təhlükəsizliyin yeganə həqiqi təminatçısı Vilayəti-Fəqihə əsaslanan oyuncaq dövlətdir. Bu doktrina siyasi hakimiyyəti şiə dini ruhanilərinə və ali liderə verir. “Hüseyniyyun” İranın bu məqsədə çatmaq üçün vasitəsidir.
Müəllif iddia edir ki, Azərbaycanda “Hüseyniyyun” təsirinin miqyasını təxmin etmək çətindir. Təhlükəsizlik xidmətləri islamçılara qarşı antiterror əməliyyatları barədə danışmır. Amma indiyədək qruplaşma Azərbaycanda və xaricdə hədəfləri vurmaq iqtidarında olduğunu sübut edib. İran proksiləri ABŞ-ın Bölgədəki hərbi və hökumət hədəflərini vurarkən, ABŞ və İsrailin Qafqazdakı personalı sayıq olmalıdır.

“The National İnterest”in yazısı ola bilsin ki, hadisələri daha tünd boyalarla təqdim edir. Amma bu günlər Azərbaycan məhkəmələrində “Kəriməçilər”in (Hüseyniyyun qruplaşması Azərbaycandakı dünyəvi rejimi yıxıb Kərimə dövləti quracağını bəyan edir-C.Q) mühakiməsi davam edir. Bir müddət əvvəl isə kosasaqqal “liderin” bəhailərə qarşı etdiyi çağırışlar haqda da məlumat vermişdik.

Bizimlə əlaqə saxlayın