Baba Rzayevin qohumları Maliyyə Nazirliyinə olmayan gül növü satır?

16, 01, 24
18:00

Baba Rzayevin qohumları Maliyyə Nazirliyinə olmayan gül növü satır?

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Zirə Gülçülük” QSC olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Zirə Gülçülük” QSC Maliyyə Nazirliyinin inzibati binası və həyətyanı sahəsində olan dekorativ bitkilərə 2024-cü il üzrə aqro xidmətlər göstərəcək və yeni bitkilər satacaq.

Göstəriləcək xidmətlər və satılacaq bitkilərin qarşılığında Maliyyə Nazirliyi “Zirə Gülçülük” QSC-yə 19 min 657 manat 62 qəpik ödəyəcək.
 
Açıqlanan rəsmi məlumatda göstərilir ki, Maliyyə Nazirliyi “Zirə Gülçülük” QSC-dən 1 ədəd “Cupressus Leylandi” ağacı, 140 ədəd “Sedium”, 124 ədəd “Aptenia”, 103 ədəd “Sungonium”, 100 ədəd “Viola Şile Sus”, 38 ədəd “Aglanema” və çoxlu sayda digər bitkilər alacaq.
 
Onu da bildirək ki, satın alınması nəzərdə tutulan bitkilərin siyahısında yer alan “Viola Şile Sus” adlı bitki növü yoxdur. Viola bənövşəkimilər fəsiləsinə aid bitki cinsinə verilən ümumi addır. Bu fəsilə aid onlarla bitki növü var. Məsələn, “Viola tricolor” (“Üçrəng bənövşə”), “Viola odorata” (“Ətirli bənövşə”) və yaxud “Viola  arvensis” (“Çəmənlik bənövşəsi”) kimi onlarla bənövşə növü mövcuddur. Lakin, qeyd etdiyimiz kimi, elmi ədəbiyyatda “Viola Şile Sus” adlı bitki növü yoxdur. Ehtimal etmək olar ki, tender müsabiqəsində bitki adı kimi qeyd olunan “Viola Şile Sus” adındakı “Şile Sus” sözü Türkiyənin məşhur “Şile Süs Bitkileri” şirkətinin adının təhrif olunmuş formasıdır. “Şile Süs Bitkileri” şirkəti Türkiyədə bəzək (süs) bitkilərinin yetişdirilməsi və satışı ilə məşğuldur. Şirkətin rəsmi veb-saytında  (https://www.silesusbitkileri.com/ ) Azərbaycana da bitki ixrac etdikləri qeyd olunub.
 
Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan “Zirə Gülçülük” QSC 12 fevral 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 010 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. QSC-nin qanuni təmsilçisi Əliyev Ziyad Taqif oğludur.
 
Qeyd edək ki, “Zirə Gülçülük” QSC “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. “Zirə Gülçülük” şirkətinin qeydiyyatda olduğu ünvanda “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) adlı şirkət də qeydiyyatdadır. “Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
 
Bundan başqa “Zirə Gülçülük” QSC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Bizimlə əlaqə saxlayın