Azərbaycanda 3 xəstəlik tüğyan edir: Sarılıq, qızılca və göyöskürək...

22, 01, 24
11:00

Azərbaycanda 3 xəstəlik tüğyan edir: Sarılıq, qızılca və göyöskürək...

Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyət sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır. 

Əgər Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir.

Artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır. Valideynlər uşaqlarının sonradan ağırlaşacağından qorxur.

Xəstələrin bir qrupu - uşaqlar, gənclər qızılca tutur, uşaqlar, yeniyetmələr göyöskürəkdən əziyyət çəkir. Eləcə də Bakıda və bir çox rayonlarda sarılıq ocaqları var.

Həkimlərimizin "naməlum mənşəli pnevmoniya" dedikləri mikoplazma sətəlcəmi də unudulur.

Bu pnevmoniya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu idi.

Bu xəstəlik hava-damcı yolu ilə sıx kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxa bilir. Ən çox uşaqlar, gənclər, hamilələr yoluxur.

Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Rusiya səhiyyə qurumları artıq xəstəxanalarda bu xəstələrin sayının artdığını, yerlərin dolduğunu bildirir.

Eləcə də Azərbaycanda artıq 3 aydır uşaqlarda sadəcə öskürək və boğulma ilə gedən virusun yayıldığı bildirilir.

Bakıda uşaq infeksion şöbələrində belə xəstələr çoxdur. Analar müalicələrin təsir etmədiyini bildirir.

Eləcə də dünən aparıcı İlkin Həsəninin həyat yoldaşı 2 övladının da göyöskürək diaqnozu ilə neçə vaxtdır mübarizə apardığını, xəstəxanada yatsalar da, tam sağalmadıqlarını, indi isə uşaqları özəl klinikaya yatızdırdıqlarını açıqladı.

Belə uşaqlar təkcə Bakıda yüzlərlədir. Sadəcə kütləvi tədbirlər görülmür və əldə etdiyimiz məlumata görə, sahə həkimləri uşaqların xəstəlik kitabçasına göyöskürək və qızılcanı yazmır, bundan yayınır və beləliklə, gerçək epidemioloji vəziyyət aydın olmur.

Eləcə də valideynlər sosial şəbəkələrdə təcili yardımın qızılcalı və 39 dərəcədə olan qızdırmalı uşaqları hospitəlizə etmədiyindən və övladlarını hara aparacaqlarını bilmədiklərindən şikayətlənir. (Medicina.az)

Bizimlə əlaqə saxlayın