And anı, vəd vədəsi – Prezident qarşıdakı 7 ildə yeni hədəflərə yetmək əzmindədir

16, 02, 24
11:00

And anı, vəd vədəsi – Prezident qarşıdakı 7 ildə yeni hədəflərə yetmək əzmindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevral ayının 14-də keçirilən andiçmə mərasimində etdiyi çıxış ölkənin yaxın gələcəkdəki inkişafı üçün yol xəritəsi sayıla bilər.

2003-cü ildən etibarən dövlət başçısı postunda fəaliyyət göstərən İlham Əliyev bundan əvvəlki andiçmə mərasimlərində xalq qarşısında verdiyi vədləri ləyaqət və şərəflə yerinə yetirdiyi üçün hazırda ictimaiyyət arasında böyük əminlik var ki, o, prezidentliyinin yeni dönəmində də qarşıda duran bütün vəzifələri icra edəcək.

Zatən, İlham Əliyevin 7 fevral seçkisində xalqdan fenomenal şəkildə yeni etimad votumu almasının başlıca səbəbi öncələr verilən vədlərin yerinə yetirilməsi, xalqın həllolunmaz müşkül saydığı başlıca problemin həll olunmasıydı.

İndi qarşıda görüləsi işlər çoxdur, amma onların heç biri dövlət başçısının və onun komandasının öhdəsindən gələ bilməyəcəyi problemlər deyil. Əksinə, 100 illik Qarabağ münaqişəsinin uğurla həll edilməsinin fonunda onların hamısı qola daha qolaydır. Əsas məsələ ortada həlledici iradənin, əzmin olmasıdır. Bu isə Prezident İlham Əliyevdə var. O, qurub-yaratmağı, Azərbaycanı qüdrətli dövlətə çevirməyi həyatının kredosu elan edib və bu istiqamətdə irəliləyir.

Prezident andiçmə mərasimində son illər qazandığımız uğurların müəllifliyini paylaşaraq belə bir söz deyib: “ Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.
Bu, doğrudan da belədir.

Ancaq xalqın ayrı-ayrı təmsilçiləri, istedadlı oğul-qızları nə qədər əzmkar, məqsədyönlü, bacarıqlı olsa da, əsas amil mərkəzdə bir toparlayıcı, təşkilatçı şəxsiyyətin olmasıdır. O şəxsiyyət ortada olmasa, bütün istedadlı və bacarıqlı adamları öz ətrafında birləşdirməsə, heç bir böyük uğur qazanıla bilməz və o cəmiyyət sadəcə, hərəsi üzünü bir tərəfə tutan, hərəsinin ağzından bir avaz gələn istedadlar toplusuna dönər. 5 min adamın parakəndə şəkildə körpüdən keçməsi ilə bir o qədər əsgərin nizami addımlarla körpüdən keçməsi eyni şey deyil. İkinci variantda o nizami addımlar körpünü uçurmaq gücündədir.

1938-ci ildə, SSRİ dönəmində rejissor Qriqori Aleksandrovun çəkdiyi bir filmdə el birliyinə dair ibrətamiz epizod var. Məlum olduğu kimi, Volqa çayı çox enlidir, bu tərəfindən o tərəfinə xəbər, mesaj çatdırmaq üçün qışqırmaq lazımdır və bu da hər istəyəndə alınmır. Filmdə bir nəfər kolxozçu çayın o tərəfinə vacib tapşırıq çatdırmaq istəyir, amma səsi gedib çatmır. Nəhayət, o, çıxış yolu tapır, 20-30 nəfəri toplayır, onlar lazımi tapşırığı çayın o tayına xorla qışqıraraq deyirlər. Bu dəfə polifonik səs çayın o tərəfindəkilərə çatır.

Sözü bir yerə qoymaq kimi səsi də, biləyin, biliyin gücünü də bir yerə qoyanda uğura yetişmək olur. Prezident İlham Əliyev bunu 2020-ci ildə effektiv şəkildə sübut etdi, 2023-cü ildə isə son möhürünü vuraraq təsdiqlədi, özünün də dediyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi və elə də oldu.

İndi qarşıda duran əsas məsələlərdən biri on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru sıfırdan başlayaraq yenidən qurmaqdır. Bundan ötrü böyük maliyyə vəsaiti, çoxsaylı işçi qüvvəsi, effektiv layihələr, həvəs və əzm lazımdır və onların hamısı mövcuddur.

Bir də işğaldan azad olunmuş və ya qorunmuş torpaqlarda tikinti-quruculiq işləri aparmaq, əkib-becərmək üçün dövlətin güclü ordusu olmalıdır, ordu güclü olmasa, dövlətin sərhədlərini qoruya bilməsə, o təqdirdə o torpaqlara milyardlarla vəsait yatırmağa dəyməz. Şükür ki, artıq ordumuz ölkəmizin sərhədlərini xarici aqressordan qorumağa hazır və qadirdir. İlham Əliyev Ali Baş Komandan olaraq ordu quruculuğuna böyük diqqət və önəm verir Azərbaycan dövlətinin və gələcəkdə də ordunun modern silahlarla təchizatının qayğısına qalacağını öz çıxışlarında dəfələrlə bəyan edib.

Ona görə də bu bu gün böyük əminlik və arxayınçılıqla keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla aparılır.

Xəbər verildiyi kimi, bu günə qədər təxminən 5400 köçkün artıq beş yaşayış məntəqəsində məskunlaşdırılıb. Bu il ən azı 20 yaşayış məntəqəsinə insanlar qayıdacaq.

Prezident deyib ki, azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi planlaşdırırlır. “Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”, - dövlət başçısı andiçmə mərasimində bildirib.

Bir sözlə, yaxın illərdə ölkədə ciddi quruculuq işləri aparılacaq, insanların həyat şəraiti yaxşılaşdırılacaq, yeni istehsal sahələri yaradılacaq, ölkənin öz resursları hesabına ərzaq təminatı yaxşılaşacaq. Təki sağlıq və salamatlıq olsun. Ağır illər geri dönməsin.

Bizimlə əlaqə saxlayın