“Yolumuzun üstünə köşk qoyub piyadaların hərəkətinə mane olurlar” - FOTO

17, 02, 24
17:30

“Yolumuzun üstünə köşk qoyub piyadaların hərəkətinə mane olurlar” - FOTO

Bakının Xətai rayonu Xocalı prospekti və Süleyman Vəzirov küçəsində yaşayan bir qrup sakin yaşadıqları əraziyə konteyner tipli obyektin qoyulmasından şikayətçidir.

Sakinlərin nümayəndəsi Mübariz Məsimoğlu bildirir ki, Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığına qoyulmuş köşkün piyadaların hərəkətinə maneə yaratdığını deyib.
Mübariz Məsimoğlu

O, sözügedən köşkün istifadəsiz qaldığını və kimə məxsus olmasının bilinmədiyini qeyd edib: “Bu obyekt daha əvvəl Süleyman Vəzirov küçəsinə gedən yolun üzərinə iki dəfə qoyulub. Lakin sonra götürüblər.

İndi də bilinmir ki, bu obyekti buraya hansı məqsədlə qoyublar. “Xətai” metrosunun cəmi bir çıxışı var və əsas axın da bizim küçə istiqamətindədir.

Bu obyekti də gətirib insanların piyada hərəkət etdiyi yerə gətirib qoyublar və piyadaların hərəkətini çətinləşdiriblər. Bir də görəcəyik ki, obyektin qarşısına müştərilərin oturması üçün stol-stul da qoydular. Həmin vaxt burada lap acınacaqlı vəziyyət yaranacaq”.

M.Nəsibov bildirib ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Ticarət və Xidmət Depertamentinə müraciət ediblər. Lakin müraciətlər hələ ki, cavablandırılmayıb.

Qeyd edilən ərazidə yaşayan digər şikayətçi Pərviz İsayev də əlavə edib ki, obyektin sahibini də tapa bilmirlər:  “Gələcəkdə buraya çoxlu insanın toplanacağını nəzərə alsaq, əhalinin sayını da düşünsək, böyük problemlərə yol açacaq. Dövlət qurumlarından da hansının buna icazə verdiyini də bilmirik ki, onlara müraciət edək.

Harasa iki daş qoyan kimi, qurumlar gəlib adamın başının üstünə kəsir. Amma bu qeyri-qanuni qoyulmuş obyekti gətirib qoyublar və qanuniləşdirməyə çalışırlar.

Bakının hər yerində abadlaşmanın aparıldığı bir vaxtda metronun yaxınlığında belə bir addımın atılmasını başa düşmürük. Həmçinin burada Xocalı Memorial Kompleksinin tikintisi həyata keçirilir. Həmin kompleksin qarşısına belə bir köşkün gətirilib qoyulması məntiqə uyğun gəlmir”.

Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, sakinlərin şikayətçi olduğu obyektin onlara hər hansı aidiyyəti yoxdur.

Bizimlə əlaqə saxlayın